Modern.az

“Təklif edirəm hər rayona qartəmizləyən maşınlar alınsın” - Elmira Axundova

“Təklif edirəm hər rayona qartəmizləyən maşınlar alınsın” - Elmira Axundova

Təhsil

24 Fevral 2015, 13:03


Milli Məclisin bugünkü iclasında deputatlar qar yağan zaman ölkədə elektrik enerjisi ilə bağlı yaranan problemlərə də toxunublar.

Modern.az xəbər verir ki, deputat Elmira Axundova deyib ki, kənd yerlərində elektrik enerjisinin keyfiyyətli və davamlı verilməsi problemi qalır.

“Mütəmadi olaraq seçicilərlə görüş zamanı mənə şikayət edirlər ki, işıq kəndlərə fasilələrlə verilir, gecələr isə demək olar həmişə kəndlər işıqsız qalır. 20-21 fevral tarixlərində Masallıda seçicilərin qəbulunu keçirərkən mən şəxsən bunun şahidi oldum. İki gün ərzində qəbulda oldum və hər iki dəfə işıqlar 1-2 saatlıq kəsilmişdi.

Təəssüf ki, ölkəni qəflətən ağuşuna alan qar və boran işıq məsələsini daha da dərinləşdirdi. Hər bir hava şəraitinə hazır olmalı olan dövlət orqanı yenə də aciz qaldı, kəndlərdə elektrik enerjisi verilməsində böyük fasilələr yarandı. Seçicilərin dediyinə görə bunun əsas səbəbi elektrik xətlərinin köhnəlməsi və transformatorların zəif olmasıdır. Ümumiyyətlə Masallı şəhərindən başqa, qalan 103 kənddə elekttik xəttləri 60-cı illərdə qurulan təsərrüfata aiddir və o, həddən ziyadə köhnəlib. Yəqin ki, başqa rayonlarda da eyni vəziyyətdir, çünki, bildiyimə görə, Səlyan, Cəlilabad, Lənkəran da bu günlərdə işıq problemi ilə kəskin qarşılaşıb”.

Bu yaxınlarda “Azərİşıq” ASC yaradıldığını, Baba Rzayevin quruma sədr təyin edildiyini xatırladan E.Axundova deyib ki, bu təyinatın müsbət yeniliklər gətirəcəyinə ümid edir.

“Yaxın vaxtlarda kənd və iri qəsəbələrin işıq problemi bir dəfəlik və kökündən həll olunmalıdır. Bildiyimə görə hal-hazırda müəyyən işlər görülür, amma yenilənmə prosesi çox ləng gedir. Başa düşürəm ki, maddi-texniki bazanın yenilənməsinə xeyli vəsait tələb olunur, amma bir dəfə pul xərcləmək hər dəfə qəzalarla, fövqəladə hallarla və əhalinin narazılığı ilə qarşılaşmaqdan min dəfə yaxşıdır. 

İkinci bir problemlə isə şaxtalı havada, buzlu yollarda Masallıdan geri qayıdarkən üzləşdim. Bir daha əmin oldum ki, rayonların kommunal təsərrüfatları bu cür sərt havalara hazır deyillər. Qeyd edə bilərəm ki, səhv etmirəmsə təkcə Salyan rayonu ərazisində yolda iki dənə qar təmizləyən texnika işləyirdi. Ondan başqa Qaradağa qədər yolda bir dənə də olsun texnika və ya canlı qüvvə görmədim. Bunun nəticəsidir ki, yolda bir çox toqquşmanın, dərəyə aşmış maşınların şahidi oldum. Dəhşətli mənzərələr idi. İnanın ki, yollarda o ağır şəraitdə polis əməkdaşlarından başqa əhalinin yardımına gələn heç bir dövlət orqanı nümayəndələrini görmədim. Gecə yarısına qədər həm dövlət yol polisi, həm də post patrul xidməti maşınları buzlu yollarda çətin də olsa xidmət aparırdılar. Yeri gəlmişkən, bir neçəsi özü də küvetə yuvarlanmışdı.

Ölkədə ayrı-ayrı sahələrə müxtəlif texnikalar alınır. Məsələn, bu yaxınlarda xeyli sayda yeni və bahalı polis maşınları alındı. Təklif edərdim ki,  hər icra hakimiyyətinə, hər rayona, heç olmasa dağ rayonlarımıza qartəmizləyən maşınlar və digər texnikalar alınsın. Çünki hər il qış ayında eyni problemlə qarşılaşırıq, amma illər keçməsinə baxmayaraq hələ də bu məsələdə dönüş yarada bilməmişik”.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı