Modern.az

Azərbaycanda benzin ucuzlaşacaq? - AÇIQLAMA

Azərbaycanda benzin ucuzlaşacaq? - AÇIQLAMA

3 Mart 2024, 19:58

Nazirlər Kabineti ölkəyə idxal olunan benzini gömrük rüsumundan azad edib. Yeni qərara əsasən, bu ilin sonuna qədər aviasiya benzinləri istisna olmaqla mühərrik benzinlərinin hər tonu üçün üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib.

 

Həmçinin emalın spesifik prosesləri üçün qazoylların və proseslərdə kimyəvi çevrilmələr üçün qazoylların hər tonu üçün aksiz vergisi 80 manat müəyyən edilib, həmçinin bu ilin sonuna qədər digər qazoylların hər tonu üçün aksiz vergisi 80 manatdan 1 manata endirilib.

 

Qərarın açıqlanmasından sonra bir çoxları benzinin ucuzlaşacağını proqnozlaşdırıb. Bəzi ekspertlər isə sözügedən qərarın Rusiyanın benzinə ixracına qoyduğu qadağa ilə əlaqəli olduğunu düşünür.

 

Qeyd edək ki, Rusiya bu ilin martın 1-dən altı ay müddətinə avtomobil benzininin ixracına qadağa qoyub. Yerli qurumlar bildirir ki, yay tətili və kənd təsərrüfatı, eləcə də neft emalı zavodlarında planlı təmir işləri zamanı tələbatın artmasını kompensasiya etmək lazımdır.

 

İxrac qadağası Avrasiya İqtisadi Birliyi ölkələrinə (Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan), həmçinin Monqolustana, Özbəkistana şamil edilməyəcək.

 

Bunun səbəbi nədir? Qərarın faydaları nə olacaq?

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Nazirlər Kabinetinin qərarı  benzin qiymətlərinin bahlaşmamasının qarşısını almağa yönəlib:

 

“Rusiya tərəfinin benzinin ixracına qadağa qoyulmasından sonra Azərbaycan buna uyğun olaraq eyni benzini digər ölkələrdən idxal etməli olacaq. Bu da ortada qiymət fərqliliyi yarada bilər. Bunun baş verməməsi, yəni benzinin qiymətində artım olmaması üçün məhz aksiz dərəcələri azaldılıb. Düşünürəm ki, bu qərar benzinin qiymətinin bahalaşmasının qarşısını müəyyən müddətə alacaq. Amma heç bir halda benzinin qiymətinin aşağı düşəcəyini hesab etmirəm”.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il Azərbaycan Rusiyadan 17387 ton "Aİ-92" markalı, 40261 ton "Aİ-95" markalı və 357 ton "Aİ-98" markalı benzin tədarük edib.

 

Azərbaycanın xarici ölkələrdən cəmi idxal etdiyi 64976 ton "Aİ-92" markalı benzinin 27 faizi, 86000 ton "Aİ-95" markalı benzinin 47 faizi və 2000 ton "Aİ-98" markalı benzinin 18 faizi Rusiyanın payına düşüb.

 

İqtisadçı Natiq Cəfərli də söyləyib ki, məqsəd benzin qiymətlərinin bahalaşmasının qarşısını almaqdır:

 

“Ümumiyyətlə, Nazirlər Kabinetinin qərarı aviakerasinə və Aİ-95, Aİ-98-ə aid deyil,  Qərar ancaq Aİ-92 və dizel yanacağına aiddir. Qərar Rusiyanın yanacaq ixracına qoyduğu qadağa ilə bağlıdır. Ölkədə istehlak üçün çatışmayan Aİ-92 və dizel yanacağının böyük hissəsini məhz Rusiyadan alırdıq. İndi başqa ölkələrdən bunları almalı olacağıq, bu daxildə qiymətləri artıra bilərdi. İndi güzəşt tədbiq edilir ki, bahalaşma olmasın”.

Ekspert vurğulayıb ki, bu qərardan sonra benzin ucuzlaşmayacaq.

 

Qeyd edək ki, Azərbaycanda Aİ-92 markalı benzinin qiymətini Tarif Şurası müəyyən edir. Sonuncu dəfə yanacağın qiymətinə 4 yanvar 2021-ci il tarixində dəyişiklik edilir .

 

Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat, dizel yanacağının 1 litrinin qiyməti isə 80 qəpik müəyyənləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir