Xəbər verildiyi kimi, oktyabrın 14-dən Azərbaycanda kütləvi informasiya vasitələrinin (KİV) və jurnalistlərin Media Reyestrində qeydiyyatı prosesi başlayıb. Bu proses 2022-ci ilin fevralından qüvvəyə minən “Media haqqında” qanunun tələbi əsasında həyata keçirlir.
Qeydiyyat reyestr.media.gov.az portalında ASAN Login sistemi vasitəsilə həyata keçirilir.
Artıq xeyli KİV Media Reyestrində qeydiyyat alınıb.
Qeydiyyatdan keçən bəzi saytların baş redaktorları fikirlərini Modern.az-la bölüşüblər.
Türküstan.az saytının baş redaktoru Aqil Camal deyib ki, reyestr prosedurlarını asanlıqla keçiblər və nəzərdə tutulan vaxt müddətində qeydiyyata alınıblar:
“Təkcə, Media Reyestrinə deyil, ümumiyyətlə, yeni “Media haqqında” qanuna, həmçinin, Medianın İnkişafı Agentliyinin fəaliyyətinə ümidlər böyükdür. Bütün bunlar kompleks şəkildə Azərbaycan mediasında hüquqi tənzimləməli, ciddi media ilə media adına əslində mediaçılıqdan uzaq zümrənin sərhədlərini müəyyən etməli, medianın yeni dövrün çağırışlarına uyğun inkişafına gətirib çıxarmalıdır. Bu prosesdə Media Reyestrinin aparılmasını ilkin mərhələ saymaq olar. Çünki əvvəlcə, qeyd etdiyim kimi bu sahədə bir aydınlıq yaranmalı, media haqqında qanunvericiliyə və digər tələblərə uyğun fəaliyyət göstərən subyektlərin spektiri müəyyənləşməlidir. Bu baxımdan, Media Reyestrinin aparılıması çox önəmlidir”.
Baş redaktor müşahidələrinə əsasən deyib ki, indiyədək “media subyekti” kimi fəaliyyət göstərənlərin bəziləri artıq Media Reyestrində qeydiyyat məsələsində çətinliklərlə üzləşirlər:
“Çünki orada tələb olunan məsələlərin heç də hamısını qeyd edə bilmirlər. Amma redaksiya kimi, hüquqi şəxs kimi fəaliyyət göstərən, əməkdaşları olan, aktiv media fəaliyyəti subyektlər üçün heç bir çətinlik yoxdur. Media subyektlərinin reyestri ilə paralel jurnalistlərin də reyestri aparılır. Hesab edirəm ki, jurnalistlərin də ayrıca qeydiyyatı bu sahədə də yaranmış xaotik vəziyyətin aradan qaldırılmasına öz töhfəsini verəcək. Jurnalistlərə reyestr vəsiqələrinin verilməsi, “jurnalist vəsiqəsi” ilə meydan sulayanların da meydanını təbii ki, daraldacaq. Amma, bu məsələdə iş yalnız ciddi medianın, Media Agentliyinin deyil, cəmiyyətin də üzərinə düşür. Xüsusilə, məmur təbəqəsi, biznes dünyası ciddi media və həqiqi jurnalistlərlə, bu adlardan sui-istifadə edənlər arasında sərhəd qoymağı bacarmalıdırlar”.
Yenisabah.az-ın baş redaktoru Seymur Verdizadə bildirib ki, Media Reyestrindən keçərkən hər hansı texniki problemlə üzləşməyiblər:
“Belə demək mümkündürsə, sistem saat kimi işləyir. Buna görə MEDİA-nın rəhbərliyinə təşəkkür düşür. Media Reyestrindən keçməyin hansı üstünlük qazandıracağını zaman göstərəcək. Saytlar bu mərhələni keçməklə qanun çərçivəsində fəaliyyət göstərdiklərini, əməkdaşları ilə müqavilə imzaladıqlarını, sosial ödənişləri vaxtlı-vaxtında etdiklərini və s. təsdiqləmiş olurlar. Məncə, Media Reyestrindən keçmək media qurumunun ciddiliyinə dəlalət edir. Dövlət qurumları, özəl müəssisələr Media Reyestrindən keçmiş media subyektləri ilə əməkdaşlıq prosesində süründürməçiliyə, ayrı-seçkiliyə yol verməməlidir. Hesab edirəm ki, dövlət KİV-lərin, xüsusilə də Media Reyestrindən keçmiş subyektlərin reklam bazarına çıxışına dəstək verməlidir”.
Bakıvaxtı.az-ın baş redaktoru Qalib İbrahimoğlu deyib ki, iki həftədən artıqdır ki, Media Reyestri fəaliyyətdədir və işə başladığı gündən də media subyektlərinin qeydiyyat üçün lazımi imkan yaradılıb:
“Bəzilərinin iddia etdiyi kimi, qeydiyyatdan keçmək heç də çətin proses deyil. Proses əlçatandır, sadəcə, bir neçə dəqiqəni ayırmaq lazımdır ki, qeydiyyatdan keçəsən. Qeyd edim ki, əvvəllər də Kütləvi İnformasiya Vasitələrinin qeydiyyatı məsələsi vardı. Belə ki, əgər elektron KİV Milli Televiziya və Radio Şurasında, qəzetlər isə Ədliyyə Nazirliyində qeydiyyata alınırdısa, Media Reyestri bu mənbələri birləşdirəcək. Bundan başqa, reyestr bu sahədə KİV qurumlarının işini asanlaşdırır".
Baş redaktor qeyd edib ki, bəzən “Media Reyestrinə düşməyin hansısa faydaları varmı” sualı ilə müraciət edənlər olur:
“Təbii ki, var. Birinci növbədə reyestrə düşən Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarına müəyyən güzəştlər tətbiq olunacaq. Reyestr istər media subyektlərinə, istərsə də jurnalistlərə müvafiq imtiyazların, vergi güzəştlərinin, eyni zamanda sosial paketlərin təklif olunması üçün müəyyən imkanlar yaradacaq”.
Azpost.info-nun baş redaktoru Xaqani Səfəroğlunun sözlərinə görə qeydiyyat prosesi çox sadədir:
“Media Reyesteri KİV-lərin sənədləşdirilməsi üçün vahid mənbə rolunu oynayacaq. Sənədləşmə işlərini bir resursda cəmləyəcək. Texnoloji yeniliklər tətbiq edilib və çox sürətli şəkildə lazım olan məlumatları doldurmaq olur. Beş iş günü ərzində cavab veriləcəyi qeyd olunsa da, bundan tez başa gəlir”.
Yeniçağ.az-ın təsisçisi Aqil Ələsgər bildirib ki, Media Reyestrinin ciddi əhəmiyyəti var:
“Çünki media adına ciddi iddialar irəli sürülür. Normal redaksiyalar fəaliyyət göstərir, xəbər istehsal edir, amma kimlərsə ünvanları, düzgün rekvizitləri olmadan onların əməyini oğurlayırlar. Bu baxımdan Media Reyesteri çox mühüm platformadır. Eyni zamanda, Azərbaycanda cididi media kirliliyi var. Minimal qiymətlərlə insanlar sayt rəhbəri olur, media adından çıxış edir. Reyestr sayəsində bu kirlilik az da olsa aradan qaldırılacaq. Media Reyestrindən keçmək çox sadə bir prosesdir. 5 ballıq şkala əsasında prosesi 4 balla qiymətləndirməyimiz mümkündür”.
Humay İsgəndərova
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.