Modern.az

“'Əkinçi”dən müasir mediamıza uzanan maarifçilik YOLU

“'Əkinçi”dən müasir mediamıza uzanan maarifçilik YOLU

Media

20 İyul 2024, 17:15

Əsası 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan Milli Mətbuatımızın yaranmasından 149 il ötür.

XIX əsrin sonlarına yaxın Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində onunla yanaşı, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların da böyük xidmətləri olub.

Cəmi 56 sayı işıq üzü görən “Əkinci” qəzeti Azərbaycan milli mətbuatının formalaşmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürən qəzet qısa zaman kəsiyində həm ziyalı, həm də sadə insanlar arasında çox məşhurlaşır.

 “Əkinçi”nin redaksiyasına çoxlu hekayələr gəlirdi. Lakin Zərdabi bədii və məzmun cəhətdən zəif olanları buraxmırdı. Beləliklə, “Əkinçi” real həyatdan bəhs edən əsərlər uğrunda qızğın mübarizə aparırdı. Qəzet bu cür mübarizəsi ilə realist Azərbaycan ədəbiyyatının və ədəbi tənqidinin inkişafına faydalı təsir göstərirdi. H.Zərdabi dünyagörüşü etibarilə maarifçi-demokrat idi. O, Azərbaycan teatrının yaranmasında, ilk xeyriyyə cəmiyyətinin təşkilində, qız məktəbinin açılmasında, ana dilində təhsilin həyata keçirilməsində və başqa sahələrdə misilsiz rol oynamış ziyalıdır.

Kövrək addımlarını atan Azərbaycan milli burjuaziyasının və dövrün görkəmli şəxsiyyətlərinin səyi ilə XIX əsrin ikinci yarısında maarif inkişaf etməyə başlamış, təhsil sahəsində bəzi dəyişikliklər həyata keçirilirdi. Məktəblərdə ana dilinin tədrisinin həyata keçirilməsində M.F.Axundovun, Səid Ünsizadənin, S.Ə.Şirvaninin xidmətləri danılmazdır. S.Ünsizadənin Şamaxıda açdığı məktəbdə şəriətlə yanaşı, fəlsəfə, məntiq, psixologiya, islam dininin tarixi, həmçinin rus və ana dili tədris olunurdu. Maarifçiliyin geniş intişar tapmasında bu şəxsiyyətlərlə yanaşı, görkəmli maarif xadimləri Məhəmməd Tağı Sidqi, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, S.M.Qənizadənin xidmətləri böyükdür. Azərbaycan maarifçilər nəslinin nümayəndələri olan bu şəxsiyyətlər xalqın savadlanması, dövrün mütərəqqi ideyaları ilə tanış olmaları üçün mətbu orqanın imkanlarını yaxşı anlayırdılar. Məhz buna görə də onlar anadilli mətbu orqan yaratmaq üçün fəaliyyətə keçdilər. Xalqın tərəqqisini onun maariflənməsində görən Həsən bəy Zərdabi mədəni yüksəliş naminə fərqli vasitələrə baş vurur, müxtəlif ideyaları həyata keçirirdi. “Müsəlman şagirdlərinə yardım cəmiyyəti” təsis edırık, gimnaziyadakı tələbələri olan Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov (Gorani) ilə birlikdə bütöv bir yayı Azərbaycanın kənd və şəhərlərini dolaşırdı. Onun tələbələrin təhsil xərclərini ödəmək üçün yaratdığı ilk xeyriyyə cəmiyyətinin fəaliyyəti o qədər də uğurlu alınmadı. Böyük çətinliklə də olsa, Həsən bəy 1600 manata qədər pul toplayıb bu vəsaitin faizi ilə ildə 1-2 nəfərin təhsil haqqını ödəyirdi. Bu işlə yanaşı, Həsən bəy öz mənzilində pansionat açmışdı, hər il 10 azərbaycanlı uşaq bu pansionata qəbul olunur və gimnaziyaya daxil olmaq üçün hazırlanırdı.
1872-ci ildə ailə həyatı qurduğu Tiflisdə Nəcib Qızlar İnstitutunu bitirmiş Hənifə xanım Abayeva da təlim-tərbiyə işlərində ərinin ən yaxın köməkçisi idi. Millətin maariflənməsi yolunda Həsən bəyin göstərdiyi səyləri Hənifə xanım xatirələrində belə təsvir edib:

“O, bir dəmirçini öz uşağını gimnaziyaya verməyə razı salmışdı. Təbii ki, Həsən bəyin gördüyü işlərin hamısı millətin tərəqqisi naminə edilən, mayası vətənpərvərlikdən doğulan işlər idi. Azərbaycanın o zamankı tarixi inkişaf səviyyəsində ən təsirli, münasib vasitələrdən birinin mətbu söz olduğunu Həsən bəy Zərdabi duymamış deyildi. O, ana dilində qəzet nəşr etmək fikrinə hələ Qubada, mahal məhkəməsinin katibi işlədiyi dövrdə gəlmişdi. Böyük Azərbaycan maarifçisi Abbasqulu ağa Bakıxanovun qardaşı tələb olunan maliyyə xərclərini öz üzərinə götürmüşdü”.

“Əkinçi” nəşri ilə Azərbaycanda jurnalistika sistemini və nəslini formalaşdırdı, peşə prinsiplərini yaratdı,  Azərbaycan dilini rəsmi statusda öz fəaliyyətinin əsasına çevirdi.  Maarifçilik ideyasının daşıyıcısı olan bu qəzet milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərdi.

Lakin “Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.

Azərbaycan öz müstəqilliyini təkrar bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində yeni mərhələ açdı. 1998-ci ildə ümummilli lider tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, milli mətbuatımizin  inkişafına ciddi təkan verdi.

Ulu öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet mətbuatı inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.

Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.
 

Gülnar İbrahimli,
Xətai rayon 17 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus ordusu Zəngəzura girir: Bölgədə durum dəyişir-