Modern.az

Qlobal Media Forumu Azərbaycan jurnalistikasının inkişafına mühüm töhfə verəcək

Qlobal Media Forumu Azərbaycan jurnalistikasının inkişafına mühüm töhfə verəcək

Media

22 İyul 2024, 14:23

İyulun 20-də öz işinə başlayan II Şuşa Qlobal Media Forumu bu gün yekunlaşır. Forumun ilk günündə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib və jurnalistlərin suallarını cavablandırıb. Dövlət başçısı daxili və xarici siyasət, media, dezinformasiya ilə bağlı bir çox mövzuya toxunub.

 

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən foruma 50-ə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu qatılıb.

 

Mətbuat Şurasının İdarə Heyətinin sədri Rəşad Məcid Modern.az-a açıqlamasında II Şuşa Qlobal Media Forumunun mühüm hadisə olduğunu vurğulayıb.

 

“Keçən il də burada dünyanın müxtəlif ölkələrindən media mütəxəssisləri, jurnalistlər iştirak edirdi. Prezident İlham Əliyev ünvanlanan sualları geniş cavablandırmışdı. Bu il də o ənənə davam etdi. Cənab Prezident 3 saatdan artıq müddətdə medianın müxtəlif məzmunlu suallarını cavablandırdı. Dezinformasiyaya qarşı mübarizə, yalan məlumatların ifşası mövzusu demək olar ki, forumun əsas müzakirə predmetlərindən oldu. Texnologiyaların inkişafı medianı yeni problemlərlə qarşılaşdırır. Bu mənada sözügedən müzakirələr düşünürəm ki, dünyadakı medianın aqibəti və Azərbaycan mediasının peşəkarlaşması baxımından mühüm rol oynayacaq”.

 

Bakı Dövlət Universitetinin "Jurnalistika" fakültəsinin dekanı Vüqar Zifəroğlu isə qeyd edib ki, sözügedən forum kifayət qədər ciddi, maraqlı beynəlxalq tədbir idi:

 

“Bu forumda dezinformasiyalar, feyk xəbərlər, beynəlxalq jurnalistika qarşısında qoyulan yeni çağırışlar, bizim çağırışlara cavab vermək üçün atıla biləcək addımlar, peşəkarlığın meyarları, professional jurnalistika və sosial media münasibətləri, süni intellektin mediaya təsiri, media-süni intellekt münasibətləri kimi vacib, maraqlı, mövzular yer alırdı. Forumda 50-dən artıq ölkənin 150-yə yaxın nümayəndəsi iştirak edirdi. Beynəlxalq, aparıcı media quruluşçularının nümayəndələri də forumun iştirakçıları arasında idi. Həm çıxışlarda, həm də təqdimatlarda maraqlı müzakirələr aparıldı. Bu maraqlı təcrübə, fikir mübadiləsi idi. Bir jurnalist olaraq biz nələrə hazır olmalıyıq, bizi nə gözləyir? Bütün sürətli dəyişikliklər jurnalistikaya necə təsir göstərir və jurnalistikanın dəyişməsinə nə dərəcədə müsbət yaxud mənfi yönləri ilə istiqamət yaxud təkan verir? Bu kimi suallar öz cavabını tapdı. Bu mənada olduqca maraqlı, əhəmiyyətli forum olduğunu qeyd edə bilərik. Düşünürəm ki, belə forumların keçirilməsi Azərbaycan jurnalistikasının həm nəzəri, həm də praktiki nöqteyi nəzərdən inkişafına ciddi töhfə verir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri