Modern.az

Deputat olmaq istəyən jurnalistlər - Onlar kimlərdir? - TAM SİYAHI

Deputat olmaq istəyən jurnalistlər - Onlar kimlərdir? - TAM SİYAHI

Media

11 Avqust 2024, 13:26

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Onlar 125 seçki dairəsində mübarizə aparacaqlar.

Modern.az saytının məlumatına görə, deputatlığa namizədliyi qeydə alınanlar sırasında xeyli KİV nümayəndəsi də var.
Mərkəzi Seçki Komissiyasının məlumatları (MSK) əsasında deputatlığa namizədliyi qeydə alınmış jurnalistlərin kimlər olduğunu və hansı dairələrdə onların mandat uğrunda mübarizə aparacaqlarını araşdırmışıq.

Beləliklə, deputatlığa namzədliyi qeydə alınmış KİV nümayəndələrilə tanış olaq.

6 saylı Ordubad-Culfa seçki dairəsində Yeni Azərbaycan Partiyasının namizədi tanınmış jurnalistdir – “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə. O bu dairədə əsas namizəd sayıldığından seçkilərdə qalib gələcəyi də şübhə doğurmur.

8 saylı Binəqədi Birinci seçki dairəsində Müsavat Partiyasından olan jurnalist Mustafa Hacılı (Basta.info saytının rəhbəri) deputatlığa namizəddir. Mustafa Hacılı bu dairədə güclü namizəd - 6-cı çağırış Milli Məclisin deputatı Azay Quliyevlə mübarizə aparacaq.

9 saylı Binəqədi İkinci seçki dairəsində deputatlığa namizədliyi qeydə alınmış iki jurnalist var: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin böyük elmi redaktoru, bitərəf Səfər Alışarlı və “Millət” qəzetinin baş redaktoru, AMİP-çi Əli Orucov. Onlar bu dairədə 6-cı çağırış Milli Məclisin deputatı Kəmaləddin Qafarovla yarışacaqlar.


11 saylı Binəqədi-Qaradağ seçki dairəsində də deputatlığa namizədliyi qeydə  alınmış jurnalist var – “Xalq Cəbhəsi” qəzetinin müxbiri Əli İbrahimov (Zülfüqaroğlu). O, Ədalət, Hüquq, Demokratiya Partiyasını təmsil edir. Burada əsas namizəd 6-cı çağırış Milli Məclisin deputatı, YAP-çı Səbinə Xasayevadır.

12 saylı Xəzər Birinci seçki dairəsində "CBC Sport" telekanalında çalışan Əli Əliyev 6-cı çağırış Milli Məclisin deputatı Soltan Məmmədov və Bakı Dövlət Universitetinin müəllimi, müsavatçı Almaz Məmmədova (Əliqızı) ilə mübarizə aparacaq.

17 saylı Yasamal Üçüncü seçki dairəsində “Ədəbiyyat qəzeti”nin redaktoru Aydın Əbilov namizədliyi qeydə alınanlar sırasındadır. Bu dairədə BDU-nun dosenti, müsavatçı Nüşabə Sadıxova güclü rəqib sayılır. Dairədə YAP-ı Torpaqşünaslıq və Aqrokimya İnstitututunun laboratoriya müdiri Zaman Məmmədov təmsil edir. Ədalət Partiyasının sədr müavini, Bakı Avrasiya Universitetinin dekanı Mütəllim Rəhimli də burada mübarizə aparacaq.

19 saylı Nərimanov Birinci seçki dairəsində mübarizə aparan Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda çalışan jurnalist Mahir Zeynalov (Həmzəoğlu) Ədalət, Hüquq, Demokratiya Partiyasını təmsil edəcək. Bu dairədə ən güclü namizəd də jurnalistdir - 6-cı çağırış Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru Hikmət Məmmədov (Babaoğlu).
 

24 saylı Nizami Birinci seçki dairəsində də jurnalist namizəd var – “Hürriyyət” qəzetinin müxbiri Ülviyyə Şükürova. Burada əsas namizəd 6-cı çağırış Milli Məclisin deputatı Könül Nurullayeva sayılır.


32 saylı Suraxanı Üçüncü seçki dairəsində Mediatv.az saytının baş redaktoru Əfqan Quliyev YAP-ın namizədi, 6-cı çağırış Milli Məclisin deputatı Afət  Həsənovaya qarşı mübarizə aparacaq.
 

33 saylı Xətai Birinci seçki dairəsində müstəqil jurnalist Fuad Abbasovun deputatlığa namizədliyi qeydə alınıb. Onun əsas rəqibləri 6-cı çağırış Milli Məclisin deputatı Zahid Oruc və REAL Partiyasının icra katibi Natiq Cəfərli olacaq.

41 saylı  Gəncə-Samux-Goranboy seçki dairəsində "Novosti Qyandji" qəzetinin baş redaktor müavini Ceyhun Əliyev qeydə alınıb. O, 6-cı çağırış Milli Məclisin deputatı Müşfiq Cəfərovla yarışacaq. Təbii ki, dairənin başqa namizədləri də var.

46 saylı Sumqayıt Beşinci seçki dairəsində “365-ci qəzet”in müxbiri Rəşid Məmmədov deputatlığa namizəddir. Burada YAP-ın namizədi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Elnarə Akimovadır.

50 saylı Abşeron Üçüncü seçki dairəsində bir neçə jurnalist var: “Dünya” TV-nin aparıcısı İbrahim Allahverdiyev, “Space” TV-də çalışan Nuranə Axundova, “Avrasiya” və “Bu gün” qəzetlərinin keçmiş jurnalisti Ağaşirin Məmmədov.
Bu dairədə əsas namizəd Prezident Administrasiyasının sektor müdiri Ramid Novruzovdur. O, YAP-ı təmsil edir.

58 saylı Xaçmaz Kənd seçki dairəsində bitərəf namizəd, “Trend” İnformasiya Agentliyinin rəhbərliyində təmsil olunan Sevil Mikayılova həm də 6-cı çağırış Milli Məclisin deputatıdır. O bu dairədə yenidən mandat almağa çalışır.

69 saylı Biləsuvar seçki dairəsində hərbi jurnalist, “Xalq qəzeti”nin əməkdaşı Rahib Qəribov mandat uğrunda yarışacaq. Onun əsas rəqibi də jurnalistdir - 6-cı çağırış Milli Məclisin deputatı, bitərəf Bəhruz Məhərrəmov.
YAP buradan bir o qədər də tanınmayan Elməddin Əliyevuin namizədliyini irəli sürüb.

77 saylı Lənkəran Şəhər seçki dairəsində də jurnalist var – “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev. Bu dairənin favoriti ADA Universitetinin prorektoru Fariz İsmayılzadə hesab olunur.

81 saylı İmişli seçki dairəsində iki jurnalistin deputatlığa namizədliyi qeydə alınıb: "Tehsilmedia.az" saytının baş redaktoru Sakit Muradov bitərəf Günel Qarayeva (Musa).
Burada ən güclü namizəd 6-cı çağırış Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevdir.

85 Saylı Füzuli-Ağcabədi seçki dairəsində tanınmış jurnalist, “Ədalət” qəzetinin sahibi Aqil Abbas yenidən mandat almaq istəyir. O, 6-cı çağırış Milli Məclisin deputatıdır.
Burada daha bir jurnalistin deputatlığa namizədliyi qeydə alınıb – “Vergilər” qəzetinin redaktoru Anar Əliyev  
 

90 saylı Ağsu seçki dairəsində yarışan “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli həm də Ədalət, Hüquq, Demokratiya Partiyasını təmsil edəcək.
YAP burada Ağsu RMX PHŞ-nin direktoru Əli Hüseynovu qabağa verib.

92 saylı Göyçay-Ağdaş seçki dairəsində müstəqil jurnalist Anar Nağıyev YAP-ın təmsilçisi - Göyçay şəhəri 4 nömrəli tam orta məktəbin müəllimi Firəngiz Məmmədyarovaya qarşı mübarizə aparacaq. Amma burada ən güclü namizəd 6-cı çağırış Milli Məclisin deputatı Məzahir Əfəndiyevdir.

93 sayli Ağdaş seçki dairəsində də jurnalist namizəd var – bitərəf, 6-cı çağırış Milli Məclisin deputatı Sahib Alıyev yenidən mandat uğrunda yarışacaq.
Bu dairədə daha bir jurnalist var – “Zəfəryolu.az” saytının rəhbəri Jalə Eminova.
YAP burada Ağdaş rayon təşkilatının məsləhətçisi Anar Şahmuradova güvənir.
 

96 saylı Goranboy-Naftalan seçki dairəsində “Elçi” qəzetinin rəhbəri Əli Həziquliyev YAP-ın namizədi Bədəl Bədəlovla mübarizə aparmalı olacaq. Əli Həziquliyev Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavinidir, Bədəl Bədəlov isə SOCAR-ın keçmiş vitse-pprezidentidir.

118 Saylı Ağdam-Xocalı Seçki dairəsində "Yeni Zaman-Novoye Vremya" qəzetinin baş redaktor müavini Musa Ağayevin əsas rəqibi 6-cı çağırış Milli Məclisin deputatı Elman Məmmədov olacaq. Jurnalist kimi qeydə alınmış Musa Ağayev həm də "Yeni Zaman” Partiyasının sədridir.

119 saylı Ağdam seçki dairəsində “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili 6-cı çağırış Milli Məclisin deputatı Bəxtiyar Əliyevə qarşı mübarizə aparacaq. Azərbaycan Ordusunun məşhur zabiti Ramil Səfərovun xanımı, BDU rektorunun müşaviri Şəbnəm Səfərova da bu dairədə yarışır.

123 saylı Kəlbəcər seçki dairəsində “Kəlbəcər harayı” qəzetinin baş redaktoru Zahid Muxtarov da qeydə alınan namizədlər sırasındadır. YAP burada Kəlbəcər rayon 56 saylı tam orta məktəbin direktoru Aidə Əhmədovanın namizədliyini irəli sürüb. Amma deyilənə görə, əsas namizəd “Bakı Məişət Maşınları” ASC-nin sədri Mircəlil Qasımlıdır.

124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsində BDU-nun Jurnalistika fakültəsinin Milli Mətbuat kafedrasının dosenti Aygün Əzimova da deputat mandatı uğrunda mübarizə aparacaq namizədlərdəndir. Buranın favoriti Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sayılır. Azad Vətən Partiyasının sədri Akif Nağğıda həmin dairədə yarışacaq.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinində də jurnalist namizəd var. Bu, əslən Qubadlıdan olan müstəqil jurnalist İntiqam Alıyevdir (Valehoğlu).
Amma onun işi çox çətindir, çünki bu dairədə uzun illərdir deputat mandatı daşıyan YAP-çı İmamverdi İsmayılova qalib gəlmək müşkül məsələdir. Yeri gəlmişkən, İmamverdi İsmayılov da uzun illər aktiv jurnalistikada olub. Zəngin siyasi təcrübəyə malik olan İsmayılovun publisistik yazıları indi də ölkə mətbuatında dərc olunur.


Ə.Qafarlı

Twitter
Sizə yeni tvit var
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ