Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində baş verən ağır qəzada yaralanan qadının vəziyyəti açıqlanıb.
Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 1978-ci il təvəllüdlü qadının müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib.
07:49
Lənkəran- Astara magistral yolunun 154-cü kilometrliyində yol-nəqliyyat qəzası zamanı ölənlərin şəxsiyyəti müəyyənləşib.
Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, "Mercedes Vito" markalı avtomobilin yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və 2 nəfər vətəndaşın deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Ağayeva Gülnaz Yusub qızı və 1997-ci il təvəllüdlü Nəsirov Zaman Tərlan oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Lamiyə Cənnətzadə