“Süni intellekt insanları rutin işlərdən azad edib, dəyər yaratmağa yönəltməlidir”.
Modern.az xəbər verir ki, bu sözləri “PAŞA Maliyyə Holdinq”in baş icraçı direktoru Fərid Məmmədov SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində çıxışı zamanı qeyd edib.
Fərid Məmmədov süni intellekt və rəqəmsallaşmanın tətbiqində əsas istiqamətlərdən birinin məhsuldarlığın artırılması olduğunu bildirib:
“İkincisi, məhsuldarlıqdır. Biz təşkilatımızdakı insanların yeni dəyər yaratmağa imkan verməyən gündəlik və rutin işlərdən azad olmasını istəyirik. Bizim üçün süni intellekt və rəqəmsallaşma insanları rutin işlərdən azad edərək, onların daha çox mühakimə yürütmək və dəyər yaratmaq tələb edən məsələlərə fokuslanmasına xidmət edir. Lakin bunun üçün insanlara gündəlik işlərlə kifayətlənməməyi, mövcud çərçivələrdən kənara çıxmağı öyrətmək və bu bacarıqları inkişaf etdirmək lazımdır. Üçüncü istiqamət isə insanların daha ağıllı və məhsuldar olması, rutin işlərdən azad edilməsi nəticəsində innovasiya imkanlarının genişlənməsidir. Bu, həm mövcud proseslərdə innovasiyaların artırılması, həm də yeni biznes istiqamətlərinin və fəaliyyət kanallarının kəşf edilməsi deməkdir.
Hazırda öz təşkilatımızda da görürük ki, yeni texnologiyalar və iş üsulları sayəsində daha yüksək bacarıqlara malik əməkdaşlar yeni və innovativ həllər yarada bilirlər. Biz məsələyə bu cür yanaşırıq. Bunlar bir-birinə zidd olan deyil, əksinə, bir-birini tamamlayan amillərdir. İlk növbədə biliyə əlçatanlığı təmin etmək və insanlara bu bilikdən düzgün istifadə etməyi öyrətmək lazımdır. Bu, təməldir.
Lakin innovasiyaya doğru irəliləməyib yalnız məhsuldarlıq mərhələsində dayansanız, bu, ən yaxşı halda xərclərin azaldılması və proseslərin optimallaşdırılması tədbiri kimi qalacaq”.
Nicat Rüstəm