Almaniya Latviyanın hava məkanının qorunmasına dəstək məqsədilə ölkəyə 4 ədəd Eurofighter qırıcısı göndərəcək.
Modern.az xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, Latviyanın hökuməti Baltikyanı ölkələrin hava məkanında son aylarda pilotsuz uçuş aparatları ilə bağlı baş verən insidentlər fonunda NATO müttəfiqlərindən əlavə dəstək istəyib.
Almaniya Hərbi Hava Qüvvələrinə məxsus 4 Eurofighter sentyabrın sonundan oktyabrın əvvəlinədək Latviyanın mərkəzində yerləşən Lielvarde hərbi aerodromunda dislokasiya olunacaq.
Qırıcıların Latviyaya göndərilməsi ölkədə 3 oktyabrda keçiriləcək parlament seçkiləri zamanı hava məkanının təhlükəsizliyinin təmin edilməsinə dəstək məqsədi daşıyır. Almaniya kontingenti NATO-nun regiondakı gücləndirilmiş hava patrulu missiyasına qoşulacaq.
Latviya Rusiyanın yerləşdiyi NATO-nun şərq cinahına yaxın ərazidə yerləşir. Ölkənin hava məkanına son dövrlərdə bir neçə pilotsuz uçuş aparatının daxil olması NATO ölkələrində təhlükəsizlik narahatlıqlarını artırıb. Avqust ayında NATO qırıcıları Latviyanın hava məkanına daxil olan naməlum dronu vurmuşdu.
Almaniya bununla yanaşı, ilin sonunda Baltikyanı regiondakı NATO hava patrulu missiyasına daha böyük qüvvə ilə qoşulmağı da planlaşdırır. Dekabr 2026-dan 2027-ci ilin martına qədər 5 Eurofighter və hərbçilərin Estoniyadakı Ämari aviabazasında yerləşdirilməsi nəzərdə tutulur.