Modern.az

İnsanlar tənbəlləşib, oturduqları yerdə pul qazanmaq istəyirlər - Komitə sədri ilə MÜSAHİBƏ

İnsanlar tənbəlləşib, oturduqları yerdə pul qazanmaq istəyirlər - Komitə sədri ilə MÜSAHİBƏ

Müsahibə

18 Mart 2024, 16:47

Tahir Rzayev: "Ərzaq bahalaşması sözsüz ki, gözlənilir"
 

"Bir kənddə ailə toyuq saxlamır, əkinlə məşğul olmursa, o necə kəndlidir?"


Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev gündəmdə olan mövzularla bağlı Modern.az saytına müsahibə verib. O, Azərbaycanda aparılan aqrar siyasətdən, ərzaq təhlükəsizliyindən, bələdiyyələrdən, referendumdan və digər mövuzlardan danışıb. Deputatla söhbəti təqdim edirik:

 

- Son vaxtlar Milli Məclisdə müzakirə olunan qanun layihələrindən biri bələdiyyələrin fəaliyyəti ilə bağlıdır. Ölkədə bələdiyyə sahəsində çatışmazlıqlar çoxdurmu və bu sahədə dəyişikliklərdən nələr gözləyirsiniz?

          
- Bələdiyyələr Azərbaycanda formal yaradılıb. Əgər onun maliyyə bazası, torpağı, əmlakı, şəraiti yoxdursa, vətəndaşlara xidmət göstərə bilmirsə, onda bu yerli özünü idarəetmə orqanı nəyə görə yaradılıb?

Ona görə də bələdiyyə sahəsində iki dəfə islahatlar aparıldı və bu da göstərdi ki, doğrudan da həmin qurumların sayı Azərbaycanda azaldılmalıdır. Yeni qanun layihəsi də bunu özündə ehtiva edir. Digər tərəfdən, bu qanun layihəsindən sonra bələdiyyə üzvlərinin, eləcə də bələdiyyədə rəhbər işdə olanların məsuliyyəti artmalıdır. Ona görə də növbəti seçkilərdə qabiliyyəti, savadı olan, özünü idarəetmədə müəyyən dərəcədə  göstərən təşəbbüskar insanlar irəli gedəcəklər. Biz bu il bələdiyyə seçkiləri keçirəcəyik. Bu seçkilər ərəfəsində belə bir dəyişikliyin Milli Məclisə daxil olması və müzakirədən keçməsi hər bir vətəndaşın ürəyincə olacaq. Çünki bu gün əksəriyyətin bələdiyyələrə etimadı yüksək deyil. Bunun bir neçə səbəbi var. İlkin səbəb odur ki, bələdiyyə-vətəndaş münasibətlərində zəiflik var, əlaqələndirmə çox aşağıdır.  Bu gün Azərbaycanda ziyalı, ərazidə yaşayan tanınmış insan bilmir ki, bələdiyyə sədri kimdir. İnsanlar seçki prosesi ilə maraqlanmır ki, bələdiyyə üzvü kimlər seçiləcək. Ancaq əslində bu gün vətəndaş özünün yerli özünü idarəetmə orqanını yaradırsa, onun fəaliyyətində yaxından iştirak etməlidir. Azərbaycanda bələdiyyə-vətəndaş münasibətləri düzgün qurulmadığından neqativ hallar yaşanır.

Biz hər il Ədliyyə Nazirliyinin hesabatını dinləyirik və şahid oluruq ki, xeyli sayda bələdiyyə sədri mühakimə olunub. Bu da bələdiyyə sahəsində qanunsuzluqların olmasından xəbər verir. Bundan başqa, biz görürük ki, bir çox bələdiyyə qulluqçuları aylarla əmək ala bilmirlər. Səbəb odur ki, bələdiyyə öz büdcəsini düzgün formalaşdıra bilmir. Çünki bələdiyyə büdcəsinin formalaşmasına heç bir kəs yardım etmir. Təəssüfləndirici haldır ki, bələdiyyələr topladığı vəsaitin böyük hissəsini əmək haqqı kimi ödəyir, əhalinin problem isə həll edilməmiş qalır. Ona görə də ölkədə bələdiyyələr maliyyə sahəsində irəliləyiş əldə etmək üçün ciddi islahatlara getməlidir. Bu gün bələdiyyələr dövlətdən gələn dotasiyalara göz dikməli deyil.
 

- Bələdiyyə sədrlərinin fəaliyyətini necə qiymətləndirirsiniz? Onlar islahatlara təşəbbüslüdürlərmi?
 

- Rəhbər vəzifədə düzgün fəaliyyət göstərmək insanın xarakterindən asılıdır. Bələdiyyə sədri vətəndaşlara qarşı qayğıkeş olmalıdır. Sədr vətəndaşlarla münasibəti düzgün qura bilmirsə, fəaliyyəti uğursuz olacaq. Bəzi bələdiyyələr kiçik problemi aylarla ləngidirlər. Bir çox bələdiyyə sədrləri özlərini elə aparırlar ki, elə bir ayrı orqanın səlahiyyətli nümayəndəsidir, bu işi görə bilməz. Sədr lovğa olmalı deyil, əksinə, təşəbbüskar olmalıdır. Bəzən deyirlər ki, biz məktəb, bağça tikə bilmirik, çünki təşəbbüs göstərmirlər. Əgər onlar təşəbbüs göstərsələr, ən azı iş adamları da yardım edə bilərlər. Amma biz bələdiyyə sədrlərində bu təşəbbüsü görə bilmirik. Yoxsa gözləyək ki, kimsə bizə pul verəcək, onda nəyisə edəcəyik, belədə heç nə alınan deyil.


- Bu gün əksər regionlarda mədəniyyət obyektləri azdır. Məsələn, kənd yerlərində kitabxanaların sayı barmaqla sayılacaq qədərdir...


- Əvvəllər kəndlərdə kitabxanalar, mədəni klublar vardı. İndi isə demək olar ki, bunlar yox səviyyəsindədir. Kitab oxuyanların sayı azalıb. Amma bu o demək deyil ki, biz bunların hamısından məhrum olmalıyıq. Əvvəllər Moskvadan kitablar gətirilirdi. Kəndçi onları oxumasa da, bilirdi ki, kitabı yazan yazıçı, şair kimdir. Ən azı mədəni sahədə sadə əhali arasında təbliğat aparılırdı. İndi demək olar ki, belə şeyləri görmürük. Düşünürəm ki, rayonlarda belə yerləri artırmaq lazımdır. Çünki indiyə qədər görmüşük ki, ən yaxşı sənətkarlar regionlardan çıxıb. Biz bu yerləri azaltmaqdansa, daha da çoxaltmalıyıq.
 

- Azərbaycan su qıtlığı yaşayan ölkələrdəndir. Amma bu problemlə bağlı kiçik maarifləndirmə işləri aparıllır. Bu sahədə hansı işlər görülməlidir?
 

- Bütün dünyada olduğu kimi, Azərbaycanda da su ciddi problemdir. Azərbaycanın su ehtiyatlarının 70%-i xaricdən formalaşır. Ona görə də bu, bizə ciddi problemlər yaradır. Ssudan istifadə ilə bağlı əhali arasında ciddi bilgisizlik var. Hər il nə qədər əkin ərazisi su problemindən məhv olur.  Əkin suyunda biz 49% itkiyə yol veririk. Bu da məsuliyyətsizliyin hesabınadır. İnsanlar elə bilir ki, pambığı üç dəfə sulamağın əvəzinə beş dəfə sulasaq, daha çox məhsul verəcək. Digər tərəfdən, insanlaar elə bilir ki, su həmişə olacaq. Amma bu, belə deyil. Bu gün avtoyuma yerlərində içməli sudan istifadə olunur. Amma dünyanın çox yerində belə deyil. Bu sahədə sahibkarlar özləri məsuliyyət dərk etməlidirlər.
 

- Tahir müəllim, ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət nə yerdədir?
 

- Ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı heç bir narahatlığa əsas yoxdur. Azərbaycan yerüstü və yeraltı sərvətlərlə zəngindir. Buna baxmayaraq, ərzaq təhlükəsizliyi məsələsini ancaq dövlətin üstünə də atmaq olmaz. Hər bir vətəndaş öz məsuliyyətini dərk etməlidir. Sahibkar öz işinə diqqətlə yanaşmalı, keyfiyyətli qida istehsal etməlidir. Bundan əlavə, qidanın keyfiyyəti vicdan məsələsidir. Biz görürük ki, nə qədər adam mənşəyi bilinməyən məhsullar satdığına görə həbs olunur. Vətəndaş gedib mənşəyi bilinməyən məhsulu alnda zəhərlənir. Sonra da deyir ki, dövlət buna niyə nəzarət etmir? Evinin qabağında satılan məhsulu alırsan, dövlət ona necə nəzarət etsin?
 

- Qida təhlükəsizliyi ilə bağlı qanunlar sərtləşdirilə bilərmi?
 

- Bilirsiniz, əgər insan öz sağlamlığını düşünmürsə, diqqət etmirsə, onu qanunla tənzimləmək mümkün deyil.

İnsan öz sağlamlığına özü nəzarət etməlidir. Mən adam tanıyıram ki, marketə gedəndə bir məhsulu yüz dəfə yoxlayır, üstünü oxuyur. Adam da tanıyıram ki, əlinə keçən məhsulu alır, sonra xəstəliyə yoluxur. Burda yenə günahkar kimdir? Yəni insan özünə qarşı məsuliyyətli olmalıdır.
 

- Bəs yaxın zamanda ərzaq bahalaşması gözlənilirmi?
 

- Ərzaq bahalaşması sözsüz ki, gözlənilir. Ölkədə heyvanların sayı ildən-ilə azalır. Məsələn, keçən il iribuynuzlu heyvanları sayı yüz min başadək azalıb. Bundan əlavə, 700 min başdan çox xırdabuynuzlu heyvanın, quşların sayı azalıb. Demək ki, bu azalmalar olduğuna görə, ərzaq bahalaşması da gözlənilə bilər.
 

- Bəzən insanlar təhbəlləşməkdə qınanılır. Deyirlər ki, bir çoxları daim dövlətdə kömək umur? Siz bu barədə nə deyə bilərsiniz?
 

- İndi insanlar zəhmətdən uzaqlaşıblar. Oturduqları yerdə pul qazanmaq istəyirlər. Dövlətin insanlara pensiya verməsini, digər qayğılarını qarşılamasını istəyirlər. Mən bu mövzuda danışanda, çoxları ünvanıma tənqidlər, hətta təhqirlər söyləyir. Amma mənim mövqeyim belədir. Bir kənddə ailə toyuq saxlamırsa, əkinlə məşğul olmursa, o necə kəndlidir? Bizim kəndlərimizdə əvvəllər hər bir ailə təsərrüfatla məşğul olurdu. Mən özüm şəhərdə böyümüşəm, amma xatırlayıram ki, həyətimizdə qoyun, toyuq-cücə saxlayırdıq. İndi isə vəziyyət tamamilə dəyişib. Kənddə yaşayan sakin yumurtanı, südü mağazadan alır. İnsanlar indi zəhmət çəkmək istəmirlər. Mən bu barədə danışanda da deyirlər ki, "ağsaqqal adamsan, sənə böyük hörmətimiz var, amma indi inək sağmaq dövrü keçib". İnsanlar istəyirlər ki, hər şey ucuz olsun, onlar da gedib alsınlar. Amma düşünmürlər ki, ucuzluğu necə yaratmaq olar. Bu barədə danışanlar da azdır. Danışanda da, adamı qınayırlar.
 

- Pay torpaqlarının bölgüsü yenidən aparıla bilərmi?
 

- Əvvəllər peykdən çəkilən xəritələr yox idi. Sonra buna zərurət yarandı. Belə xəritələrin çəkilməsi düşünülmüş addım idi. Biz o vaxt torpaq islahatlarına getməsəydik, insanlar aclıqdan məhv olardı. İnsanları işsizlik hər yola vadar edərdi. Hər ailəyə 10-15 inək, qoyun, keçi verməklə müəyyən qaydada həm aclığın qarşısı alındı, həm də insanlar torpaqdan gəlir götürdülər. İşsizlik aradan qalxdı. Bu olmasaydı, təlatümlər ola bilərdi. Ona görə də torpaqlar, mal-qara sahiblərinə verilməlidir. İnsanların çoxu bunu düzgün qiymətləndirsə də, bəziləri əksinə olub, elə talançılıq ediblər ki, sonradan peşman oldular.

Amma ərazilərin bölgüsü, xəritələrlə bağlı dolaşıqlıq da var. Məsələn, gəlib sahəyə baxıb, "bura 20 hektardı, 3 nəfər arasında bölünsün" deyiblər. İndi baxırsan ki, bəzilərinə az düşüb, bəzilərinə də çox. Hətta bəzilərinə heç oradan torpaq verilməli deyildi. Ona görə də bəzən bir sahənin digərinin üzərinə düşdüyünü görürsən. Bunu da yenidən müəyyən etmək çox çətindir. Artıq insanlar ora pul yatırıblar, yol və arx çəkiblər. Bəziləri bağ salıb, bəziləri isə yardımçı binalar tikib, mal-qara saxlayır. Yenidən gəlib bu adama "mən peykdən çəkirəm, fermanı buradan götür apar" demək olmaz. Ona görə də biz deyə bilmərik ki, regionlarda pay torpaqlarının bölgüsü yenidən olacaq və ya kiminsə torpağı əlindən alınacaq. Amma azad olunmuş ərazilərdə müəyyən dəyişiklikər olacaq.


- Vaxtilə rayonlarda torpaq sahələri imkanlı şəxslər tərəfindən özbaşına, qanunsuz olaraq hasarlanıb. Problem bəzi yerlərdə hələ də qalır. Bununla bağlı sərt qanunlar gözlənilirmi?


- Sözsüz ki, bu qanunsuz addımdır. Bəzi örüş yerləri qanunsuz olaraq əkilir. Müəyyən adamlar tərəfindən zəbt olunub. Bəzi adamlar ehtiyac ucbatından, şəhərə gəldiklərinə görə pay torpaqlarını satırlar. Müəyyən adamlar bu torpaqları alır, onları çəpərləyərək "bura mənimdir" deyirlər. "Bura mənim atamdan qalıb, sovet vaxtı burada olmuşam" kimi sözlərin də heç bir əsası yoxdur. Torpaqlardan istifadə olunmalıdır. Qanunda da qeyd olunub ki, torpağı icarəyə götürəndən sonra 3 il əkib-becərmirsənsə, səndən alınıb başqasına verilməlidir.

Eləcə də istifadəsiz qalan torpaqları alanlar da əkin işləri görməlidir. Adamlar var ki heyvan saxlayır, ancaq torpağını satıb, yeri yoxdur ki, onu otarsın. Qonşu icazə vermir ki, boş ərazidə həmin mal-qara otlasın. Nə olsun ki, yer sənindir? Torpaq boş qalınca, bu adama ucuza ver, mal-qarası otlatsın, oranı da abadlaşdırsın. Torpaq əkilib-becərilməyəndə ölür. Ona görə hər bir qarış torpaqdan istifadə edilməlidir.

Ayrı-ayrə yerlərdə zəbt olunmalar çoxdur. Dövlətin tapşırıqları var, torpaqlar müəyyən adamların əlindən alınıb, yenə də alınmalara ehtiyac var. Bu məsələdə ciddi tədbirlər görülməlidir.
 

- Komitənizə aqrar islahatlarla bağlı yeni qanun layihələrinin daxil olunması gözlənilirmi?
 

 - 2 il bundan əvvəl qida təhlükəziliyi ilə bağlı gözlənilən qanunu qəbul etdik. Çox böyük rezonans doğurdu. "Qida təhlükəsizliyi haqqında" qanuna bir neçə əlavələr daxil olub. Digər qanunlara əlavələr də gəlir. Qanuna əlavə və dəyişikliklərin edilməsi təbiidir. Çünki müstəqillik əldə olunandan, 1995-ci ildən sonra az müddətdə çox qanunlar qəbul olundu. Kənd təsərrüfatına, aqrar sahəyə aid 400-dən artıq normativ hüquqi sənəd var.

Dəyişikliklər təbiidir. Çünki həyat yeniləşir. Belə olan halda yeni problemlər ortaya çıxır və dəyişikliklər olmalıdır. Hazırda təzə qanun layihəsi yoxdur. Ancaq hər sessiyada 10-15 qanuna əlavə və dəyişikliklər olur. Azad edilmiş ərazilərdə strukturlar yaradılır. Orada da mütləq islahatlar gediləcək.
 

- Tahir müəllim, referendum gözlənilirmi?
 

- Bu, ölkə başçısının səlahiyyətində olan məsələdir. Sözsüz ki, ölkə inkişaf edirsə, müəyyən siyasi dairədə, beynəlxalq aləmdə köklü dəyişiklik və problemlər varsa, konstitusion dəyişikliklərin edilməsinə zəmin yaranır.

 

Aysel Məhərrəmli 

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda dərc olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi