Modern.az

Azərbaycandakı vəzifəli şəxslərin vəzifəli qohumları - SİYAHI

Azərbaycandakı vəzifəli şəxslərin vəzifəli qohumları - SİYAHI

Ölkə

23 Fevral 2013, 11:20

Məmur qardaşlar, məmur qohumlar... Kim kimdir?


Prezident İlham Əliyevin fevralın 12-də keçirilmiş müşavirədə xalqı hakimiyyətdən narazı salan məmurların ünvanına kəskin çıxışının ardınca bir neçə rayon İcra Hakimiyyəti (RİH) başçısı cəzalandırıldı. Dövlət başçısının çıxışından sonra “balaca padşahlar”ın “qara xəbərləri” yayılır. Prezident əvvəlcə kütləvi xalq etirazlarının baş verdiyi İsmayıllı RİH-in başçısını işdən azad etdi. Bunun ardınca isə Şamaxının başçısı vəzifəsini itirdi. İşdən çıxarılan hər iki başçı yüksək vəzifəli şəxslərin qardaşları idi.
Müşahidələr göstərir ki, məhz elə bu qohumluq əlaqələri bəzi rayonlarda İcra Hakimiyyəti başçılarının “əl-qol açmasına” şərait yaradan amillərdən biridir.
Bir sıra hallarda yuxarıda oturan qardaşı, qudası və ya başqa qohumuna arxalanan məmurlar çalıb-çapmaqla məşğuldurlar.

İsmayıllıda kütləvi xalq etirazlarının baş verdiyi vaxt rayonun icra başçısı vəzifəsini tutan Nizami Ələkbərovun əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı olduğu hamıya məlumdur.

Modern.az saytı bu xəbərdən sonra oxucuların marağını nəzərə alıb, kiçik bir araşdırma apardı. Azərbaycanda hansı məmurlar qohum-qardaşdırlar?

Başlayaq yenicə vəzifələrini itirmiş icra başçısından. Şamaxının sabiq icra başçı Asif Məmmədov “Hacı İqbal” kimi tanınan lerikli deputat  İqbal Məmmədovun qardaşıdır.

İmişlinin yeni təyin olunan icra başçısı Vilyam Hacıyev Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi oğludur.  

İddialara görə, Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyev fövqəlnazir Kəmaləddin Heydərovun yaxın qohumudur.

Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə rəhbərlik edən Elmar Vəliyev isə ölkənin hərbi prokuroru Xanlar Vəliyevin qardaşıdır.

Vəzifə bölgüsünə nəzər salsaq görərik ki, bir çox deputatların və nazirlərin, komitə sədrlərinin, başqa yüksək vəzifəli şəxslərin, deputatların ən yaxın adamları icra başçısı postunu tuturlar. Belə post tutanlardan biri də Şirvan Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovdur. O, müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.

Tovuz rayonunun icra başçısı da qardaş hesabına vəzifəyə gələnlərdəndir. Rayonun icra başçısı Tofiq Zeynalov DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşıdır.

Tovuzla qonşu olan Qazax rayonunun icra başçısı Ayaz Əsgərov Dövlət Dəmiryolu İdarəsinin rəisi Arif Əsgərovun qardaşıdır.

Göyçayın icra başçısı Mənsur Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun bacısı oğludur. Ziya Məmmədovun qardaşı Elton Məmmədov isə Milli Məclis deputatıdır.

Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşıdır.

Paytaxtın Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərov vergilər naziri Fazil Məmmədovun yeznəsidir-bacısının əridir.
YAP-çı deputat Mübariz Qurbanlının qardaşı Tariyel Qurbanov Hacıqabul rayonun prokurorudur.

Prezident Administrasiyasının şöbə müdiri, general Məhərrəm Əliyevin qardaşı Adil Əliyev isə Milli Məclisin deputatıdır.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənov da Milli Məclisdə deputatdır. 

Abşeronun icra başçısı Zakir Fərəcov deputat Nazim Fərəcovun qardaşıdır.

Salyan rayonunun sabiq icra Rasim Bəşirov Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun qardaşıdır.

Samux rayonunun icra başçısı Alı Qocayev Milli Məclisin sədri Oqtay Əsədovun qudasıdır.

İddialara görə, bir çox rayonların icra başçıları birbaşa fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, nəqliyyat naziri Ziya Məmmədovun, general Bəylər Əyyubovun və digər yüksək vəzifəli şəxslərin himayə etdiyi məmurlardır.

Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənovun qardaşı Ramiz Həsənov vaxtilə Sumqayıt icra başçısının müavini vəzifəsində çalışırıb. Hazırda isə o, Zəngilan rayon İcra Hakimiyyətinin başçısıdır.

“Azəriqaz” Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Əlixan Məlikovun qardaşı Fəxrəddin Məlikov Kürdəmir rayonunun sabiq icra başçısı vəzifəsini tuturdu. Onların hər ikisi artıq sabiq məmurlar siyahısına daxildirlər.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qardaşı Akif Quliyev Sumqayıt şəhər, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun qardaşı Qəzənfər Həsənov Sabunçu rayon icra hakimiyyətlərində müavin vəzifəsində çalışırlar.

Siyahını hələ uzatmaq olar. Elə sadaladığımız misallar da bəs edir ki, hakimiyyətdə təmsil olunanlar arasında bir-biri ilə qohumluq əlaqəsində olan məmurların həddindən artıq çox olduğunu deyəsən.

Davam edək...

Salyan Polis İdarəsinin rəisi Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəis müavini vəzifəsinə təyin edilib. Fuad Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur. DİN Pasport İdarəsinin rəisi Arzuman Əliyev də nazirin qohumudur.

Yeri gəlmişkən, nazir Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova “Tərəqqi Texniki Humanitar liseyi”nin (66 nömrəli orta məktəb) direktorudur.

Təhsil naziri Misir Mərdanovun qardaşı Əli Mərdanov polis sistemində vəzifə tutan yüksək rütbəli zabitdir. 

Bu günlərdə isə keçmiş deputat, hazırda Daşkəsən rayonunun icra hakimiyyətinin başçısı olan Əhəd Abıyevin iki qohumuna da vəzifə verilib. Belə ki, Əhəd Abıyevin qardaşı Zəfər Abıyev Daxili İşlər Nazirliyinin Qazaxıstandakı nümayəndəsi təyin olunub. Digər qardaşının oğlu Heydər Abıyev isə Milli Təhlükəsizlik Nazirliyinin Quba rayon şöbəsinə rəis təyin edilib.

Simulyasiya Mərkəzinin rəis müavini Vüqar Əbiyev Səfər Əbiyevin qardaşı oğludur. Mərkəzi Hospital aptekinin rəis müavini Səfər Əbiyevin oğlunun qaynıdır. Nəsimi rayon hərbi komissarı, Binəqədi rayon hərbi komissar əvəzi Səfər Əbiyevin yaxın və ya uzaq qohumlarıdır.
Sabunçu rayon hərbi komissarı isə Müdafiə Nazirliyinin Hüquq idarəsinin rəisi Rauf Kişiyevin qaynıdır.

Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun yaxın qohumu Əqid Bayroyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kadrlar şöbəsinin rəis müavini vəzifəsini tutur.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəis müavini Namiq Quliyevin Fazil Məmmədovun bacısının həyat yoldaşı olması da hamıya məlumdur.

Sumqayıt şəhərin icra strukturlarında qohumluq əlaqələri olan məmurlar da çoxdur. Mənzil Kommunal Təsərrüfatı İstehsal İstismar Birliyinin rəisi Təvəkkül Məmmədovla Küçə İşıqları İdarəsinin rəisi Əhməd Məmmədov arasındadır. Belə ki, Əhməd Məmmədov keçmiş icra başçısının qardaşı oğludur.
Sumqayıt şəhər Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərovla Sumqayıt Regional Təchizat İdarəsinin rəisi Xəndan Əhmədovun isə quda olduğu bildirilir.

Baş prokurorun əmri ilə ikinci səlahiyyət müddətinə Xəzər rayon prokuroru vəzifəsinə təyin edilən Fəxri Ələsgərov Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qardaşıdır. Onlar Milli Məclisin sabiq deputatı, mərhum Murtuz Ələsgərovun oğlanlarıdırlar.

Parlamentin deputatı Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımlı  Azərbaycan İpoteka Fondunun icraçı direktorudur.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev də Milli Məclisin deputatıdır.

Azərbaycanın ən nüfuzlu məmurlarından olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərov artıq 18 ildir Milli Məclisdə deputatdır.

Baş nazirin müavini Elçin Əfəndiyevin qardaşı Timuçin Əfəndiyev uzun illərdir Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazovun qardaşı Oqtay Şahbazov hazırda Azərbaycan Respublikası Prezidenti Administrasiyasında  rəhbər vəzifə tutur. O.Şahbazov Prezidentin işlər idarəsində işlər müdirinin birinci müavini postunda çalışır. Elə Prezidentin işlər müdirinə aid bəzi məsələləri, o cümlədən vətəndaşların qəbulunu da Oqtay Şahbazov həyata keçirir.

Ağsunun icra başçısı Ənvər Seyidəliyevin Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun dayısı olduğu bildirilir.

Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin rəsi Namiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.

Abşeron rayon prokurorunun köməkçisi Bəhlul Yaqubov Azərbaycan Aşıqlar Birliyini Zəlimxan Yaqubun oğludur. 

Oxucuların istəyini nəzərə alaraq mövzu ilə bağlı silsilə yazılarımızı davam etdirəcəyik.

Modern.az saytında növbəti yazımız məmur övladları barədə olacaq...

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi