Modern.az

İsraildə səfirlik açmaq Azərbaycana nə qazandıracaq?

İsraildə səfirlik açmaq Azərbaycana nə qazandıracaq?

Parlament

19 Noyabr 2022, 13:07

Milli Məclisin ötən gün keçirilən plenar iclasında Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı tarixi qərar verildi. Paytaxt Tel-Əvivdə səfirliyimizin təsis edilməsi günün əsas xəbərinə çevrildi və İsrail rəsmiləri Azərbaycanın bu addımını alqışla qarşıladılar.

 

Qardaş ölkədən verilən açıqlamalarda Azərbaycanın İsraildə diplomat nümayəndəlik açmasının tarixi qərar olduğu bildirildi və bu siyasi gedişin iki ölkə arasında əlaqələri daha da gücləndirəcəyi diqqətə çatdırıldı. 

 

Müsbət gözləntilər fonunda İsraillə münasibətlərin yeni mərhələyə qədəm qoyması Azərbaycana nələr vəd edir? Qarşıdakı dönəmdə hansı hadisələrə şahidlik edəcəyik?

 

 

Bu barədə Modern.az-a açıqlama verən Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Arzu Nağıyev səfirliyin təsis edilməsinin ölkəmizin uğurlu siyasətinin nəticəsi olduğunu deyib.

 

"Azərbaycan səfirliyi xarici diplomatiya və diaspor səviyyəsində fəaliyyət göstərəcək. Biz İsraildə səfirlik açmaqla yanaşı, Fələstində də Təmsilçilik Ofisimizi təsis edirik. Burada hər hansı dindən, məzhəbdən yox, dövlət və dövlətçilikdən söhbət gedir. Bu addımla sübut etdik ki, xarici siyasətimizdə müstəqilik və hansısa xarici  təzyiqlər bizi yolumuzdan döndərə bilməz. İsrail dövlət olaraq hərbi, siyasi, iqtisadi, eyni zamanda, mədəni-mənəvi cəhətdən strateji əhəmiyyət kəsb edən tərəfdaşımızdır. İsraildə səfirliyin açılması Azərbaycan Prezidentinin yürütdüyü xarici siyasətin növbəti uğurlu nəticəsidir. Bu istiqamətdə daha ciddi addımlar atılacaq", - Milli Məclis üzvü bildirib.

 

 

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun digər üzvü deputat Aydın Mirzəzadə isə vurğulayıb ki, İsrail dünyanın ən aktiv xarici siyasət yürüdən ölkələrindən biridir. Bu ölkənin beynəlxalq təşkilatlarda təmsilçiliyi və fəaliyyəti daim diqqət çəkib:

 

"Hələ müstəqilliyimizi qazandığımz dövrdə İsraillə normal münasibətlərimiz olub. Ancaq texniki səbəblərdən səfirlik açmaq mümkün olmamışdı. İsraildə səfirliyin açılması iki dövlət arasındakı münasibəti daha yüksək səviyyə qaldıracaq. Səfirliyin mövcudluğu tərəfləri daha sıx əməkdaşlıq etməyə, geniş siyasi müzakirələr aparmağa, birgə layihələr həyata keçirməyə imkan verəcək. Böyük qrup məsələləri üzrə hər iki ölkənin mövqeyi üst-üstə düşür. İsrailin Azərbaycan ordusunu silahla təchizatında böyük rolu var. 44 günlük Vətən müharibəsində bu silahlar bizə böyük dəstək oldu. Fələstində də rəsmi nümayəndəliyimiz açıldı. Bu da onu göstərir ki, Azərbaycan Fələstin xalqının müstəqil dövlət siyasətini dəstəkləyir". 

 

 

Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ötən gün plenar iclasda çıxışı zamanı İsraildə səfirlik açılması ilə bağlı sənədin Prezident İlham Əliyev tərəfindən parlamentə təqdim olunduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, İsraildə səfirliyimizin açılması dövlət başçısının təqdim etdiyi qanun layihəsi əsasında həyata keçirilir.

 

“Biz İsrailin dəstəyini hər zaman hiss etmişik. Bunu Amerikada, beynəlxalq platformalarda yaxşı bilirlər. Bu gün Azərbaycanın haqq səsini düzgün qiymətləndirən, dəstək olan İsraillə əlaqələri yüksək dəyərləndiririk. Dövlət başçısının təqdim etdiyi qanun layihəsi nəticəsində iki ölkə arasında əlaqələr yeni səviyyədə olacaq. Səfirliyin açılmasından sonra beynəlxalq platformalarda İsrailin dəstəyini hər kəs bir daha aydın görəcək”, - deyə komitə sədri Azərbaycanın İsrail kimi qüdrətli ölkədə səfirlik açması qərarına aydınlıq gətirib.

 

 

İsraildən olan tanınmış siyasi ekspert David Gendelman isə hesab edir ki, Azərbaycanın qərarı diplomatiya müstəvisində tarixi hadisə hesab olunmalıdır. O, Modern.az-a açıqlamasında bildirib ki, rəsmi Bakının İsraildə səfirlik açması iki ölkənin yeni mərhələyə keçidi deməkdir.

 

“Səfirliyin açılması həmişə iki ölkə arasında münasibətlərdə müzakirə olunan mövzu olub. Zamanın düzgün seçimi də vacib məsələdir. İndi  belə qərarın verilməsi tam yerinə düşdü. Necə deyərlər, indi vaxtı idi. Bu, həmçinin diplomatik münasibətlərdə mühüm addım və qələbədir. Bundan əvvəl Azərbaycan və İsrail arasında əlaqələr hər kəsə məlum idi. Bundan sonra əlaqələr daha da inkişaf edəcək”, - deyə David Gendelman Azərbaycanın bundan sonra İsraildən daha çox silah ala biləcəyini qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi