Modern.az

Fazil Mustafaya qarşı törədilən terror geosiyasi savaşın tərkib hissəsidir

Fazil Mustafaya qarşı törədilən terror geosiyasi savaşın tərkib hissəsidir

31 Mart 2023, 19:31

İki gündür ölkə ictimaiyyəti Milli Məclisin ən fəal deputatlarından olan, aydın milli və dini baxışları, ziyalı mövqeyi və cəsarətli çıxışları ilə seçilən Fazil Mustafanın silahlı hücuma, terrora məruz qalmasını müzakirə edir. Əlbəttə, dövlətimizə, xalqımıza, parlamentimizə və ümumiyyətlə, hər birimizə qarşı törədilmiş bu cinayət hamımızın qəzəbinə və hiddətinə səbəb olub. Şükürlər olsun ki, Fazil müəllimin həyatı üçün heç bir təhlükə yoxdur və həkimlərin köməyi ilə həmkarımız qısa müddətdə sağalıb işinin başına dönəcək. Özü ilə danışanda bir daha əmin olursan ki, Fazil müəllimi heç bir terror və xain hücum qorxutmayıb və ya əqidəsindən, doğru bildiyi yoldan çəkindirməyib, əminəm ki, səhhətinə tam qovuşandan sonra millət vəkili və partiya başqanı kimi öz şərəfli missiyasını qaldığı yerdən davam etdirəcəkdir.

 

Millət vəkilinə qarşı törədilmiş terror aktı ciddi siyasi yükə malik olduğundan digər cinayətlərə bənzəməz. Ona görə bu hadisəyə və onun ictimai-siyasi mühitdə yaratdığı təsirə daha fərqli və daha həssas yanaşılmalı, ictimai müqaviməti və milli ruhu diri tutmalı, terror aktını sifariş edənlərin məkrli planının işləməsinə və terrorun məqsədinə çatmasına imkan verilməməli, istənilən manipulyasiya cəhdlərinin və təxribatların qarşısı dərhal və vaxtında alınmalıdır.

 

Bu cür terror hadisələrinin niyə və nə məqsədlə törədildiyi hamıya məlumdur: cəmiyyətdə qorxu, inamsızlıq və xaos yaratmaq; ictimai-siyasi sabitliyi pozmaq; ictimai və siyasi xadimləri fikir və baxışlarını sərbəst ifadə etməkdən çəkindirmək; bir çox hallarda isə hakmiyyəti həyata keçirdiyi siyasi kursdan imtinaya və irəli sürdükləri tələblərin qəbul olunmasına məcbur etmək.

 

Məhz, bu səbəblərə görə, bu gün baş vermiş hadisəni doğru qiymətləndirməli, dövlətimizin və cəmiyyətimizin qarşısında duran vəzifələrin fərqinə varmalıyıq. 

 

İlk növbədə, ictimaiyyət bilməlidir ki, Fazil Mustafaya qarşı terror aktını sifariş və icra edənlərin tapılıb mühakimə olunması üçün dövlətin hüquq mühafizə orqanları tam səfərbər olunubdur. Yaxşı başa düşürük ki, planlı şəkildə təşkil olunmuş bu cür cinayətlərin açılması kifayət qədər mürəkkəb bir prosesdir və bu iş xüsusi səy və zaman tələb edə bilər. Ancaq inanıram ki, canilər tezliklə tapılıb ən sərt şəkildə cəzalandırılacaqlar. Ümumiyyətlə, terror aktı törətmiş cinayətkarlara ömürlük azadlıqdan məhrum etmə cəzasından başqa cəza verilməməlidir, bu baxımdan zərurət yaranarsa Cinayət Məcəlləsinin müvafiq maddələri daha da sərtləşdirilməlidir.

 

İkincisi, terroru sifariş edənlərin əsas hədəflərindən biri ölkəmizin təhlükəsizliyi və müstəqilliyi olduğundan siyasi və dini baxışlarından asılı olmayaraq Azərbaycanı sevən hər kəs ayıq-sayıq olmalı, milli birliyimizi və həmrəyliyimizi daha güclü şəkildə nümayiş etdirməlidir. Bütün dünya görməlidir ki, Azərbaycan xalqı və dövləti Vətən müharibəsində olduğu kimi birdir, güclüdür, daxili və xarici təhdidlərə qətiyyətli şəkildə cavab verməyə qadirdir, bu cür alçaq hücumlarla heç kim bizi qorxuda və milli maraqlarımızı qorumaqdan çəkindirə bilməz.

 

Üçüncü, cəmiyyətdə hər hansı bir formada qorxu və panikanın yayılmasına, az da olsa güc strukturlarına və ölkənin təhlükəsizlik sisteminə qarşı inamsızlığın formalaşmasına yol vermək olmaz, bilərəkdən və ya bilməyərəkdən bu cür hallara, xüsusilə, müxtəlif şayilərə və manipulyasiyalara yol verənlərə qarşı adekvat tədbirlər görülməlidir. Bu baxımdan sosial şəbəkələrdə hər birimiz "döyüşkən əsgər" olmalı, xüsusilə, xaricdən idarə olunan "trolların" və təxribatçıların qarşısına çıxıb onları ifşa etməkdən çəkinməməliyik. Yeri gəlmişkən, bu günlərdə DİN və DTX-nın verdiyi açıqlamalar və həyata keçirdikləri tədbirlər təqdirə layiqdir. Məhz, bu iki qurumun birgə fəaliyyəti nəticəsində sosial şəbəkələrdə məqsədyönlü şəkildə yayılan təxribatçı çağırışların və xaos yaratmaq cəhdlərinin qarşısı dərhal alındı. Ümid edirəm ki, Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən görülən tədbirlərlə bağlı növbəti günlərdə yeni məlumatların şahidi olacağıq. 

 

Dördüncü, Azərbaycan hazırda müstəqillik tarixinin ən güclü və qüdrətli dövrünü yaşayır. 44 günlük Vətən müharibəsində tarixi zəfərə imza atan və regionda geosiyasi vəziyyəti öz xeyrinə dəyişərək aparıcı güc mərkəzinə çevrilən Azərbaycan çox həssas bir mərhələdən keçməkdədir. Yeni dünya nizamının formalaşmasında özünəməxsus rol oynayan ölkəmizə qarşı yaxın və uzaq qonşularımız hər cür təxribata, hiyləyə, açıq və qapalı təzyiqlərə əl atırlar, dövlətimizi, müstəqilliyimizi sarsıtmağa, əldə etdiyimiz qələbəni "oğurlamağa" çalışırlar. Qardaş Türkiyə ilə qurduğumuz sarsılmaz dostluq və müttəfiqlik əlaqələrini, İsrail ilə münasibətlərin ən yüksək səviyyəyə çatdıraraq Tel-Əvivdə səfirlik açmağımızı, son günlər Qarabağdakı separatçılara qarşı atdığımız qətiyyətli addımları həzm edə bilmirlər.

 

Bu baxımdan həm Tehrandakı səfirliyimizə, həm də millət vəkili və partiya sədri Fazil Mustafaya qarşı törədilən terror aktına regiondakı geosiyasi savaşın tərkib hissəsi kimi baxmaq lazımdır. Azərbaycana bu yolla təsir etməyə, milli maraqlarından və müstəqil siyasətindən çəkindirməyə çalışırlar. Anacaq bir şeyi unudurlar, Azərbaycan 90-cı illərin əvvəllərində olan zəif dövlət deyil, Azərbaycanın İlham Əliyev kimi xalq tərəfindən sevilən, güclü və qətiyyətli Lideri var, Azərbaycan 21-ci əsrin qalib dövləti və xalqıdır və ölkəmizə qarşı hazırlanan bütün xain planları puç etməyə qadirdir.

 

Beşinci, millət vəkillərinə xidməti silahın verilməsi ilə bağlı situativ olaraq səslənən fikirləri başa düşsəm də, bu fikrin ictimailəşməsini doğru hesab etmirəm. Onsuzda, deputatların xidməti silah saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ qanunvericilikdə təsbit olunubdur. Lakin bu məsələnin ictimai müzakirəyə çıxarılması cəmiyyətdə dövlətin təhlükəsizlik sisteminə qarşı inamsızlıq hissi yarada, “əgər deputatlar silahlanırsa, bəs onda adi vətəndaşlar nə etməlidir” kimi legitim suallara rəvac verə bilər. Bu kimi məsələlərə hər zaman həssas yanaşmanın tərəfdarıyam. İnanıram kı, dövlətimiz son hadisədən sonra gərəkən bütün tədbirləri görür və narahatçılıq üçün heç bir əsas yoxdur.

 

Azay Quliyev

Milli Məclisin deputatı 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər