Salyanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
Salyan rayon İcra Hakimiyyəti və Şirvan- Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə müasir Azərbaycan dövlətinin memarı, xalqımızın xilaskarı olan Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ömrü vətənə yazılan lider” adlı tədbir keçirilib. Tədbir iştirakçlları ilk öncə Ümumilli Lider Heydər Əliyevin abidəsi qarşısına gül-çiçək dəstələri düzmüşlər. Salyan rayon İcra Hakimiyyətində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra isə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı cənab Rüstəm Xəlilov, Şirvan-Salyan Regional Təhsil idarəsinin müdiri Rəşad Musayev və Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının sədri Elmar Əhmədov çıxış edərək Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli həmrəyliyin təmin olunması və ölkənin sosial-iqtisadi inkişafında göstərdiyi misilsiz xidmətlərdən geniş bəhs etmişlər. Natiqlər vurğulamışlar ki, Heydər Əliyevin zəngin siyasi irsi bu gün də uğurla davam etdirilir, onun müəyyənləşdirdiyi strateji inkişaf kursu Azərbaycanın hərtərəfli tərəqqisinin əsasını təşkil edir. Çıxışlarda qeyd olunmuşdur ki, Ümummilli Liderin ideyaları xalqımızın rifahının yüksəldilməsinə və dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir.
Təhsil müəssisələrində oxuyan şagirdlər arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş region turunda müxtəlif idman yarışları və müsabiqələrdə uğur qazanan şagirdlər Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Şirvan-Salyan Regional Təhsil idarəsinin müdiri Rəşad Musayev və Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının sədri Elmar Əhmədov tərəfindən müxtəlif növ hədiyyələr və fəxri fərmanlarla təltif olunmuşlar.