Modern.az

Azərbaycan-İran barışığı: “Zəngəzur düyünü” açılır?

Azərbaycan-İran barışığı: “Zəngəzur düyünü” açılır?

19 Aprel 2023, 09:40

Son günlər Azərbaycanla İran arasında münasibətlərin normallaşması müşahidə edilir. XİN başçıları arasında intensiv telefon danışıqları və Prezidentin köməkçisi Hikmət Hacıyevin İran səfirini qəbul etməsi təmaslarda müsbət dönüşün yaranması kimi qiymətləndirilir. 

 

Maraqlıdır, Azərbaycan-İran barışığı tərəflərə nə vəd edir? Normallaşmadan sonra İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişəcəkmi? 

 

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycanın İrandakı keçmiş səfiri, tarixçi Nəsib Nəsibli bildirib ki, iki ölkə arasında yaxınlaşma o qədər də asan olmayacaq.


"Dünyada sülh və əmin-amanlığın olması hər bir insan üçün önəmlidir. İranla Azərbaycanın qonşu olması və müəyyən maraqların mövcudluğu normallaşmanın vacibliyini vurğulamağa əsas verir. Əlbəttə, biz də sülhün olmasını istəyirik. Amma bu, o demək deyil ki, səfirliyimizə qarşı edilən hücum yaddan çıxarılacaq. Məncə, son dövrdə yaşanan gərginlik iki ölkə arasında münasibətlərdə iz buraxdı. Bunun asanlıqla aradan götürüləcəyinə inanmıram", - deyə sabiq səfir söyləyib.

 

 

N.Nəsibli vurğulayıb ki, Azərbaycan və İran arasında münasibətlər hələ tam normallaşmayıb: "Mən Azərbaycanla İran arasında münasibətlərin yaxşılaşmasını hələ görmürəm. İki gün əvvəl yenə iki Azərbaycan vətəndaşı İranda həbs olundu. Ona görə də əlaqələrdə müsbət irəliləyişin olduğunu demək çətindir. Zəngəzur dəhlizinin açılması məsələsində İranın rasional düşüncədən kənar tələb qoyması, öz maraqlarına zidd olduğunu söyləməsi anlaşılan deyil. Çünki bu yol İranın ərazisindən keçmir. Burada kommunikasiya vasitələrinin inkişaf etməsi bölgədə və dünyada ticarətin, iqtisadi əlaqələrin inkişafına müsbət təsir edir. İran tərəfinin Zəngəzur dəhlizi ilə bağlı bu cür vay-şüvən qoparması başadüşülən hərəkət deyil".


Politoloq İlqar Vəlizadə isə hesab edir ki, Azərbaycan və İran maraqlarına çatması üçün əlaqələrini normallaşdırmalıdır.


"Azərbaycanla İran arasında münasibətlərin normallaşması ilə bağlı rəsmi məlumatlar yayılır. Reallıqda isə biz bu prosesləri müşahidə etmirik. Bütün hallarda yüksək səviyyəli açıqlamalar əlaqələrin düzəlməsinə ümid verir. Əlbəttə ki, bütün hallarda ikitərəfli münasibətlərin normallaşması ölkələrin xeyrinə olar. Çünki Azərbaycan və İranı praqmatik maraqlar birləşdirir. Xüsusilə də iqtisadi, nəqliyyat layihələri və təhlükəsizlik infrastrukturunda maraqlar mövcuddur. Həmçinin iki ölkə arasında müxtəlif sazişlər var. Qeyri-stabil vəziyyətin olması nə Azərbaycanın, nə də İranın xeyrinədir", -deyə politoloq qeyd edib.

 

 

İ.Vəlizadə əlavə edib ki, Azərbaycan-İran münasibətlərinin pozulması onların tərəfdaşlarını da narahat edir:

 

"Çünki hər iki ölkə böyük iqtisadi layihələr həyata keçirir. Bundan sonra ümid edirik ki, iki dövlət arasında əlaqələr normallaşacaq. Düzdür, müəyyən ziddiyyətlər var və bunun aradan qaldırılması üçün daha ciddi işlər görülməlidir. Məsələlərin proqnozlaşdırılan çərçivəyə alınması Azərbaycan və İranın marağındadır. Tərəflər tezliklə bunu etsələr, ikitərəfli əlaqələrin inkişafı baxımından irəliləyiş əldə oluna bilər. Zəngəzur dəhlizinin İranla sərhəd olan ərazidən keçən hissəsi ilə bağlı razılaşmalar var. Burada hər iki ölkə öz üzərlərinə müəyyən öhdəliklər götürüb. Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması İranın da xeyrinə olacaq. Bu yolun istifadəyə verilməsi ikitərəfli ticarət mübadiləsini artıracaq, həm də digər ölkələrin Azərbaycan və İranla münasibətlərini inkişaf etdirəcək. Burada Mərkəzi Asiya dövlətləri, Türkiyə və digər ölkələr də qazanacaq. Azərbaycanın qərb rayonlarının Naxçıvanla birləşməsi regionda təhlükəsiz mühitin yaranmasına gətirib çıxaracaq".

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?