Azərbaycanda müstəqil mətbuat ənənələrinin 80-ci illərinin sonu-90-cı illərinin əvvəlində formalaşdığı hamımıza məlumdur. Təbii ki, bu ölkəmizdə baş verən ictimai-siyasi hadisələrlə əlaqədar idi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi isə Azərbaycanda müstəqil mətbuatın yaranmasına ciddi təsir göstərən amillərdən biri oldu. Qarabağ məsələsi milli məsələ olduğundan Azərbaycan mətbuatında bu problemə milli yanaşma formalaşırdı. Ona görə də heç şübhəsiz müstəqil milli mətbuatımızın formalaşmasında Qarabağ probleminin xüsusi yeri var.
Hələ ilk zamanlar Dağlıq Qarabağ münaqişəsi ermənilərin guya ayrıseçkiliyə məruz qalması və tapdanan haqlarının bərpası uğrunda mübarizəyə başlaması ilə səciyyələndirilir, belə çoxsaylı məlumatlar isə Rusiya və Ermənistan KİV-də dövriyyəyə buraxılırdı. Həmin dövrdə Azərbaycan rəsmi mətbuatının süstlük nümayiş etdirməsi yaşanmış tarixin təcrübəsindən irəli gəlirdi. Belə ki, sərt senzura siyasəti, mətbuat orqanlarına «yuxarıdan» edilən təzyiqlər, münaqişələri işıqlandırmaq təcrübəsinin olmaması və s. kimi amillərin təsiri altında olan KİV-in böyük hissəsi çox şeyi mətbuatda açıq söyləməyə cəsarət etmirdi. Lakin müstəqil mətbuatın formalaşdığı 1988-ci illə müqayisədə 1989-cu ildə işıq üzü görən yeni tipli mətbuat orqanları Dağlıq Qarabağ münaqişəsini daim gündəmdə saxlayır, sərt mövqeyi və radikallığı ilə seçilirdi. Həmin dövrdə mərkəzi mətbuatın, yəni SSRİ mətbuatının Daglıq Qarabag münaqişəsində ermənilərin tərəfində durması Azərbaycan milli mətbuatının buna tənqidi münasibətini ortaya qoydu ki, bu da sözsüz ki, milli mətbuatın formalaşmasında mühüm rol oynadı.
Birinci Qarabağ savaşı milli mətbuatın formalaşma prosesini sürətləndirdi və beləliklə ölkəmizdə jurnalistika maraqlarının deyil, milli maraqların önə çəkilməsinə önəm verildi. Əlbəttə, bu həm də Azərbaycanın haqlı tərəf, yəni işğala, terrora. soyqırıma məruz qalan tərəf olması ilə də sıx bağlı idi. Bununla bərabər, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixi həqiqətləri, həm Azərbaycanın mövqeyini və ümumiyyətlə, hazırkı vəziyyəti daha geniş işıqlandırmağa ehtiyac var idi. Çünki düşmən ölkə münaqişənin əsl mahiyyətini dünya ictimaiyyətinə açmır, Ermənistan hər zaman çalışır ki, əsl həqiqətlər, səbəblər xarici mediaya çıxmasın. Bu missiya isə Azərbaycan mətbuatının üzərinə düşdüyündən jurnalistlərimiz həm Birinci Qarabağ savaşı zamanı, həm atəşkəs dövründə üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışdı.
Yadıma Azərbaycan prezidenti İlham Əliyevin bu mövzuda bir çıxışı düşdü. Prezident deyirdi ki, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün həm xarici media nümayəndələrini Azərbaycana dəvət etmək, Azərbaycan jurnalistlərinin xaricə səfərlərini təşkil etmək, aparıcı media qurumları ilə əməkdaşlıq formatı yaradılmalı, yaxud da ki, sadəcə olaraq informasiya mübadiləsi aparılmalıdır. Prezident hesab edirdi ki, biz bu yolla, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün xarici media məkanına daha çox çıxış əldə edə bilərik.
Ölkə başçısı çox haqlıdır. Bunun üçün jurnalistlər həm fərdi olaraq, həm də təşkilat olaraq əllərindən gələni etməlidirlər. Səmimiyyətlə deyə bilərəm ki, Azərbaycan Parlament Jurnalistləri Birliyi (PJB) bu vəzifənin öhdəsindən layiqincə gələ bilib və bu işlər indi də davam etdirilir. PJB-nin Türkiyə Jurnalistlər Federasiyası və Türkiyədəki digər jurnalist təşkliatları, media qurumları ilə əməkdaşlığı, informasiya mübadiləsi aparması, o cümlədən hər il bu ölkədən jurnalistlərin Azərbaycana dəvət edilməsi dediklərimə sübutdur. Bu əlaqələr Türkiyə mətbuatında Qarabağ problemi ilə yanlış informasiyaların qarşısını almağa da səbəb olub. Məsələn, 2014-cü ildə cəbhədə baş verən toqquşmalar zamanı, eləcə də sonrakı dövrdə Ağdam səmasında düşmən hərbi helikopterinin vurulması zamanı Türkiyənin bəzi media qurumlarının yanlış olaraq Dağlıq Qarabağı müstəqil dövlət kimi təqdim etmələrinə ilk olaraq PJB etiraz etdi və təşkilatın sədri Elşad Eyvazlının həmin media qurumlarının rəhbərlərinə telefon zəngindən sonra yanlışlıqlar aradan qaldırıldı... Bu yaxınlarda Gəncədə PJB ilə Alanya Qəzetçilər Cəmiyyətinin elan etdikləri beynəlxalq media platforması da inanıram ki, Qarabağ həqiqətlərinin dünya mediasında işıqlandırılmasına xidmət edəcək.
Qeyd edim ki, müasir internet mediası Qarabağ həqəqiətlərinin dünya ictimaiyyətinə çatdırılmasında öz sözünü deyə bilər. Lakin internet mediasının mənfi cəhəti də ola bilər. Məsələn, cəbhədəki döyüşlər zamanı verilən hər hansı bir informasiya hərbi sirr xarakteri daşıya bilər ki, bu da düşmənin bundan istifadə etməsinə səbəb ola bilər. Ona görə də hərbi xəbərləri mətbuata ötürəndə diqqətli olmaq lazımdır.
Məsələn, iki il öncə avqust hadisələri mətbuatın ekstremal şəraitdə işləməyə hazır olmadığını göstərdi. Təbii ki, bu təkcə mətbuatın günahı deyildi. Müdafiə Nazirliyinin mətbuat xidmətinin medianı operativ məlutlandırmamasının da bu məsələdə rolu az olmadı. Nazirliyin operativsizliyi ona gətirib çıxardı ki, bəzi saytlar guya 40 nəfər hərbi qulluqçumuzun mühasirəyə düşməsi, bir neçə saatlıq atışmadan sonra mühasirədən çıxmağa nail olması və 8 nəfər hərbçimizin yaralanması barədə yalan məlumatların yayılmasına səbəb oldu.
Bundan başqa, bəzi saytlarda qoşunlarımızın dislokasiyası, hərəkət marşurutu barədə məlumatlar da yayılmışdı. Bu isə bəzi jurnalistlərin qeyri-peşəkarlığından xəbər verirdi. Bu məsələ göstərdi ki, hərbi sirr sayıla biləcək bu cür məlumatları yayan jurnalistlər milli maraqlardan yox, jurnalistika maraqlarından, yəni xəbərçilik maraqlarından çıxış etdilər. Fikrimcə, cəbhə xəbərlərini jurnalistika marağından üstün tutmaq yanlış addım idi.
Həmin vaxt bəzi saytlarda cəbhədəki proseslərlə bağlı çx sayda dezinformasiyalar da yayıldı. Erməni KİV-ləri isə onların yazdıqlarına istinad edərək Azərbaycan əleyhinə bol-bol materiallar veririrdi. Bəzən bu informasiyalar düşmən dəyirmanına su tökmək funnksiyasını yerinə yetirirdi. Həmçinin bu məlumatlar milli əhval-ruhiyyəyə də pozucu təsir göstərirdi.
Bütün bunlar isə ölkə başçısı İlham Əliyevin 2014-ci il sentyabrın 24-də “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamına gəririb çıxardı. Belə ki, həmin sənəddə Müdafiə Nazirliyinə tapşırılmışdı ki, Kütləvi İnformasiya Vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə cəbhəboyu zonadakı vəziyyətlə bağlı verilən məlumatların mütəmadi monitorinqini təmin etsin və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa görə dövlət sirri təşkil edən məlumatları yayan şəxsləri müəyyən edib onların qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunmasını təşkil etsin.
Bunun ardınca Nazirlər Kabineti “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nın təsdiq olunması barədə qərar qəbul etdi.
Həmin hadisələr zamanı cəbhədə baş verənlər barədə Azərbaycan KİV-lərində, xüsusən də internet xəbər portallarında yaşanan xaos, hərbi sirr sayılan məlumatların yayılması, Müdafiə Nazirliyinin və digər strukturların mətbuat xidmətlərinin isə sadəcə iflis vəziyyətinə düşməsindən sonra ölkədə informasiya təhlükəsizliyi məsələsi Prezident Administrasiyası tərəfindən müzakirəyə çıxarıldı.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev KİV redaktorlarının iştirakı ilə geniş toplantı keçirərək dövlət və milli maraqlara təhlükə törədən, dezinformasiya mahiyyətli məlumatlar yayan KİV-ləri sərt tənqid etdi. Habelə dövlət strukturlarının mətbuat xidmətlərinin KİV-lərlə işi düzgün qurmadığını qeyd etdi.
Verilən bu qərarların müsbət təsirini isə bu ilin aprel döyüşləri zamanı gördük. Dörd günlük müharibə zamanı mətbuat vətənpərvərlik ruhuna kökləndi, əsasən uğurlu yazılar, informasiyalar verilirdi. Bir tərəfdən vətənpərvərlik, digər tərəfdən jurnalist peşəkarlığı özünü göstərdi.
Məsələn, 2014-cü ilin avqust hadisələrində saytlarımız çox hallarda cəbhə xəbərlərini erməni mətbuatına istinad edərək yayırdı. Əlbəttə, unutmaq lazım deyil ki, ermənilər istənilən məlumatı öz xeyirlərinə uyğun yazırlar. Çünki bütün məlumatların doğru şəkildə ictimaiyyətə çatdırılması Ermənistanda ciddi narazılıq, etiraz doğura bilərdi. Ona görə də "erməni başbilənləri" özlərini ölkə daxilində işğala məruz qoyduqları Azərbaycan ərazilərində hər şeyə nəzarət edirlər kimi qələmə verirdilər. Ona görə də, ermənilərin bu ənənəvi hiyləsinə, tələsinə düşməmək üçün məsələyə ciddi yanaşılmalı və hər bir məlumat Müdafiə Nazirliyi ilə dəqiqləşdirməli idi. Aprel döyüşlərində Azərbaycan mətbuatı, saytlar daha erməni saytlarına istinad etmədilər və bütün məlumatları Müdafiə Nazirliyi ilə dəqiqləşdirərək yaydılar. Əslində aprel döyüşlərində Müdafiə Nazirliyi özü də mətbuat və ictimaiyyətlə yaxşı işlədi. Nazirliyin “facebook”da səhifə açması və tez-tez cəbhədən məlumat yayması alqışlanmalıdır.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da hesab edir ki, 2014-cü ilin avqust hadisələrinə nisbətdə bu dəfə qələm sahibləri özünü daha ağıllı və təmkinli apardı. “Belə ki, media “hərbi əməliyyatların gedişini işıqlandırmağa”, təmas xəttindəki hadisələri “şərh etməyə”, “detalları” oxuculara çatdırmağa can atmırdı. Düşmən atəşinə məruz qalan cəbhəyanı kəndlərdəki əhalinin daldalanmaq, atışma səngiyənə kimi özünü qorumaq üçün kənddən kənara çıxmalarını “kütləvi köçürülmə”, “yaşayış məntəqələrinin boşaldılması” kimi qələmə verərək təşviş və vahimə yaradan yox idi. Daha avqust hadisələrində olduğu kimi, qoşunların və zirehli texnikanın yerdəyişmələrini əks etdirən foto və video çəkilişləri sosial şəbəkələrdə yerləşdirilmir, deməli, düşmən kəşfiyyatına naşılıqdan informasiya ötürülmürdü. Şəhidlərlə bağlı yazılanlar isə əsl vətənpərvər insanların ürək sözləri idi” – deyən B.Sadıqovun fikrincə, informasiya müharibəsinin bir elementi də dezinformasiyalar yaymaqdır. Onun sözlərinə görə, hərbi sahədə məğlub olan ermənilər bu məsələdə fəallıqlarını artırıblar: “Erməni KİV ordunu və xalqı şokdan, vahimədən çıxarmaq üçün yalan və uydurma informasiyalar hazırlayaraq sistemli şəkildə yayır. Dördgünlük müharibə zamanı baş verən itkilər barədə həqiqətə uyğun gəlməyən rəqəmlərin yayılması deyilənlərə misaldır. Erməni saytları öldürülən hərbçilərinin sayını az göstərir (meyitləri gizlədərək sonradan üzə çıxarırdılar), biz tərəfin itkilərini də dəfələrlə şişirdir, özünətəskinlik üçün yalan informasiyaları dövriyyəyə buraxırdılar. Təəssüf ki, bizim bəzi internet saytları (daha çox sosial şəbəkə) erməni hiyləsinə uyaraq yalan informasiyaları tirajlayırdılar. İnsanlar isə daha çox həqiqəti əks etdirən informasiyalar axtarırdılar. Maraqlı bir fakt: aprel müharibəsi və sonrakı günlərdə “Azərbaycan” qəzetinin internet versiyasına girişlər əhəmiyyətli dərəcədə çoxalmışdı. Xarici ölkələrdən giriş isə ikiqat artmışdı. Dünyanın hər tərəfində yaşayan azərbaycanlılar əsl həqiqəti öyrənməyə can atırdılar. Odur ki, yalnız yoxlanılmış və təsdiq edilmiş informasiyalar yayan “Azərbaycan”a müraciət edirdilər.
Əlbəttə, ölkəmizdə mətbuat və söz azadlığı mövcuddur. Heç kim özəl qəzetlərin və internet medianın işinə qarışmır, nədən və necə yazmağı diktə etmir. Amma xalqımızın mənafeyi müharibədən, bir nömrəli problemimizdən yazanda son dərəcə diqqətli və ayıq olmağı tələb edir”.
Beləliklə, demək olar ki, aprel döyüşlərindən sonra Qarabağ məsələsinə münasibət göstərdi ki, artıq internet mediası da bu istiqamətdə formalaşmağa başlayıb.
Aqil İSMAYILOĞLU
p.s. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Sosial mediada etik normalar və milli-mənəvi dəyərlərin qorunmasında medianın rolunun artırılması” layihəsi çərçivəsində dərc olunur.