Millət vəkili Qənirə Paşayeva Şimal Kipr Türk Cümhuriyyətinin parlament sədrinin müavini Zorlu Töre və fəal vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri ilə görüş keçirib.
Modern.az xəbər verir ki, deputat görüşdə Xocalı soyqırımından bəhs edib. Q.Paşayevanın dəvəti ilə Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə İstanbulda keçirilən izdihamlı yürüşdə iştirak edən parlament sədrinin müavini bütün məsələlərdə Azərbaycanın yanında olduqlarını bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycanla Şimali Kipr arasında ikitərəfli əlaqələrin inkişafı, orada təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı turistlərin sayının hər il sürətlə artması müsbət hadisədir.
Görüşdə türk dünyasının ortaq problemləri olan Dağlıq Qarabağ münaqişəsi, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizə və Kipr problemi ilə bağlı da geniş müzakirə aparılıb. Parlament sədrinin müavini Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafı və ortaq problemlərin həlli istiqamətində birgə səylərin artmasının vacibliyini vurğulayıb. Dağlıq Qarabağ probleminin hələ də həllini tapmamasından üzüntü duyduqlarını deyən parlament sədrinin müavini beynəlxalq təşkilatların bu məsələdə laqeydliyinin narahatverici olduğunu bildirib.