Modern.az

Nazir Şəkidə məktəbin açılışnda iştirak etdi

Nazir Şəkidə məktəbin açılışnda iştirak etdi

Актуально

19 Dekabr 2019, 15:39

 

Dekabrın 19-da Şəki şəhəri 11 nömrəli tam orta məktəbin yeni inşa olunan binasının açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova iştirak edib.

Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Daha sonra məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsilib, nazir və digər iştirakçılar yeni məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar. Bildirilib ki, respublikanın qocaman məktəblərindən biri olan 94 yaşlı Şəki şəhəri 11 nömrəli tam orta məktəb 1925-ci ildə istifadəyə verilib. 1955-ci ildən bu günə kimi ümumtəhsil məktəbi kimi fəaliyyət göstərir. Təhsil müəssisəsi 960 şagird yerlikdir. Dördmərtəbəli və beş korpusdan ibarət yeni məktəbdə 38 sinif otağı ilə yanaşı məktəbəhazırlıq qrupu otağı, hər cür avadanlıqlarla təchiz olunmuş fizika, kimya, biologiya, texnologiya, informatika, hərbi hazırlıq, linqafon kabinetləri, tibb otağı, kitabxana, akt zalı, idman zalı və 80 yerlik yeməkxana vardır.

 

Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün müasir tələblərə cavab verən qazanxana və nasosxana quraşdırılıb. Hazırda məktəbdə 930 şagird təhsil alır. Məktəbdə təşkil edilən 4 məktəbəhazırlıq qrupunda isə 85 nəfər oxuyur. Şagirdlərin təlim-tərbiyəsi ilə 121 müəllim məşğul olur. 2018-2019-cu tədris ilində məktəbi bitirən 49 məzundan 38-i ali təhsil müəssisələrinə qəbul olunub,11 nəfəri isə orta ixtisas təhsili müəssisələrində təhsilini davam etdirir.

 

Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramov Şəkiyə səfəri çərçivəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə də görüşüb.

Şəki şəhəri 11 nömrəli tam orta məktəbin akt zalında baş tutan görüşdə Təhsil naziri müəllimin hər bir şəxsin formalaşmasında, təhsilin keyfiyyətinin inkişafında mühüm rolundan danışıb.

 

Ceyhun Bayramov son illərdə dövlət başçısının rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən islahatlardan danışıb, müəllimlərin əmək haqqının artırılması və peşə nüfuzunun qaldırılması ilə bağlı görülən tədbirlərin müsbət nəticələrini nəzərə çatdırıb. Müəllim  peşəsinə marağın artdığını vurğulayan nazir bildirib ki, 5 il əvvəl müəllimlərin mərkəzləşdirilmiş işə qəbulu imtahanlarında iştirak üçün 12 000 nəfər qeydiyyatdan keçmişdirsə, cari ildə bu rəqəm 50 000-dək artıb. Ali təhsil müəssisələrinə qəbulda yüksək nəticə göstərənlər arasında hər 4 nəfərdən biri müəllim ixtisasını seçib.

 

Müəllimlərin mühüm peşə keyfiyyətlərindən söz açan Təhsil naziri vurğulayıb ki, yaxşı müəllim təkcə ixtisasını yaxşı bilən deyil. Müəllimin şagirdə münasibəti də əsas amildir, o, şagirdlə düzgün münasibət qurmağı bacarmalı, onların formalaşmasında səriştə və peşəkarlıq nümayiş etdirməlidir.

 

Nazir Azərbaycan Gənc Müəllimlər Assosiasiyanın əhəmiyyətli fəaliyyətinə də toxunub, bu qurumun müəllimləri daha məhsuldar və səmərəli işləməyə həvəsləndirdiyi deyib.

Çıxışının sonunda Təhsil naziri Ceyhun Bayramov müəllimlərin hər birinə  uğurlar arzulayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı