İlham Şaban: “Proqnoza əməl olunacaq”
Son günlər dünya bazarında neftin qiymətinin ucuzlaşması müşahidə edilir. Belə ki, dünya bazarında Azərbaycan neftinin qiyməti 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulan həddən aşağı səviyyəyə düşüb.
Ötən gün keçirilən hərraclarda “Azeri Light” markalı neftin 1 bareli 7 sent bahalaşaraq 98,45 dollara satılıb. Bu isə neftin büdcədəki baza qiymətindən 1,55 dollar azdır. Dünya bazarında “qara qızıl”ın bu cür ucuzlaşmasının davam edəcəyi təqdirdə Azərbaycanı hansı problemlərlə qarşılaşacağı maraq doğurur.
Modern.az-ın mütəxəssisdən münasibət öyrənib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban dünya bazarında gedən ucuzlaşma proseslərinin Azərbaycan üçün təhlükəsiz olduğunu deyir. Onun sözlərinə görə, ötən ay Gömrük Komitəsinin açıqladığı rəqəmə görə, ixrac edilən neftin qiyməti 118 dollar olub. Bu isə göstərilən həddən yuxarıdır: “Yəni iyun ayının orta qiyməti təqribən 100 dollar ətrafında olsa belə, istənilən halda ikinci yarım illiyin orta qiyməti 113-114 dollar ətrafında olacaq. Amma ikinci yarımillikdə ölkəmizdə ixrac neftinin qiyməti 90 dollardan aşağı düşməlidir. Neftin qiyməti 88 dollar olsa belə, orta illik ixrac qiyməti 100 dollar olacaq. Odur ki, götürülən 100 dollar proqnoza əməl olunacaq. Bu da onu deməyə əsas verir ki, neftin qiymətindəki bu ucuzlaşma ölkəmiz üçün heç bir təhlükə vəd etmir. Məsələn, Qazaxıstan və Rusiyada neftin qiyməti 115 dollar hesablanır. Bu ölkələrlə Azərbaycan arasında fərq çoxdur. Ona görə də neftin ucuzlaşması həmin ölkələrə daha sıxıntılı olacaq nəinki Azərbaycana”.
Gültəkin Ələsgər