Modern.az

Tanınmış jurnalistlərin Dünya Çempionatında kimin qalib olacağına dair PROQNOZLARI

Tanınmış jurnalistlərin Dünya Çempionatında kimin qalib olacağına dair PROQNOZLARI

Актуально

12 İyun 2014, 13:37


Bu gün futbol üzrə növbəti Dünya Çempionatının final mərhələsi başlayır.

Tamaşaçılar 12 iyun-13 iyul aralığında Braziliyanın 12 şəhərində keçiriləcək 64 oyunu seyr edə biləcəklər.

Modern.az saytı tanınmış idman yazarları və azarkeş-jurnalistlər arasında sorğu keçirib. Onlar hansı milliyə azarkeşlik edir? Çempionatın qalibi qismində kimi görürlər?

Tanınmış idman jurnalisti Şakir Yaqubov: “Konkret komanda adı çəkməkdən çətinlik çəkirəm. Ümumiyyətlə, mən ayrı-ayrı oyunçulara azarkeşlik edirəm. O oyunçuların hansı komandada oynaması önəmli deyil. Məsələn, indiki çempionatdan söhbət gedirsə, Kriştiano Ronaldo, Uen Runi, Almaniya komandasının bir neçə futbolçusuna (adlarını birnəfəsə çəkə bilmirəm) azarkeşlik edirəm. Mənim üçün idman nəticələri yox, onların göstərdiyi oyun, futbol önəmlidir. İndi yaşımın o dövrüdür ki, çox uzun çempionatlar (62-ci ildən bu yana) görmüşəm. Mən o illərin futbolunun həsrətini çəkirəm. Məsələn, heç cür inana bilmirəm ki, 70, 74, yaxud 80-ci il dünya çempionatlarında gördüyüm o futbollar bir də təkrarlanar. Mən o futbolların həsrəti ilə yaşayıram. Fikirləşirəm, bəlkə bu dəfə təsadüfən hansısa bir oyunda elə bir futbol göstərilər. Üç komandanı favorit hesab edirəm, reallıq da əslində onu göstərir. Bunlar Braziliyadır, çünki meydan sahibidir, üstəgəl Almaniya, İspaniya”.

“Qol.az” saytının redaktoru Aydın Bağırov: “Bu dünya çempionatında heç bir komandaya azarkeşlik etməyəcəyəm. Çünki azarkeşi olduğum Türkiyə və Ukrayna milli komandalarından heç biri bu mundialda iştirak etməyəcək. Ona görə də sadəcə triller səviyyəsində olacaq futbola azarkeşlik edəcəm. Bir də dünya çempionatının ən gənc komandası olan Qana millisinin oyununu maraqla gözləyirəm. Proqnoz verməyi isə sevmirəm”.

“New Baku Post” qəzetinin redaktoru Rövşən Binnətli: “Kəskin şəkildə azarkeşlik etdiyim komanda yoxdur. Mən həmişə yarışlarda daha çox yaxşı oyun nümayiş etdirən komandanın uğur qazanmasını istəmişəm. Amma müqayisəli şəkildə götürəndə, Hollandiyanın uğur qazanmasını istəyirəm. Böyük ehtimal Braziliya çempion olmaq şansını əldən verməyəcək. Yəni inanmıram ki, 50-ci çempionatındakı hadisənin yaşanmasına imkan versin. Bununla belə, Braziliyada bu çempionat öncəsi baş verən ictimai zəmindəki hadisələr, yəni etiraz aksiyaları, ola bilsin, komandanın oyununa təsir göstərə bilər. Amma nə qədər də Braziliyanı şanslı saysaq da, çempion adını qazanmaq onlara elə də asan başa gəlməyəcək, yəni müəyyən ciddi müqavimətlərlə üzləşəcəklər. İspaniya ilə bağlı təzadlı fikirlər var ki, onlar ardıcıl üç böyük turniri qələbə ilə başa çatdırırlar. 2008, 2012-ci ildəki Avropa çempionatında və 2010-cu il Dünya Çempionatındakı uğurun davamının gəlməsini çox gözləyirlər. Amma onda İspaniya komandasının heyətinin əsasını “Barcelona” futbolçuları təşkil edirdi, onda yaranan problemlər İspaniyanın oyununa təsir göstərə biləcək. Belçika komandası bir xeyli dərəcədə yaxşıdır. Xorvatlarla bağlı da bunu demək olar”.

“Mediaforum” saytının baş redaktor müavini Hikmət Sabiroğlu:
“Mən uzun illərdir heç bir milli komandaya azarkeşlik etmirəm. Futbolu seyr etməklə kifayətlənirəm. Proqnoz vermək çətindir. Belə hesab edirəm ki, əsas mübarizə Braziliya və Almaniya yığma komandaları arasında olacaq”.

“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli: “Türkiyə ilə Azərbaycanın olmadığı bütün böyük turnirlərdə Braziliyaya azarkeşlik edirəm. Onların finaldakı rəqibi ya Almaniya, ya da Argentina olacaq. Braziliya finala çıxacağı təqdirdə dünya kubokunu qazanacaq. Yox, finala çıxmasalar, onda dünya çempionluğunu Avropa yığmalarından biri bayram edəcək”.

“APASport” İnformasiya Agentliyinin baş direktoru İxtiyar Əsgərov: “Almaniyaya azarkeşlik edirəm. Braziliya meydan sahibidir. Çox güman ki, qələbə qazanacaq, amma asan olmayacaq. Adətən, Xorvatiyaya “Avropanın Braziliyası” deyirlər. İndi belə deyək də, iki Braziliya qarşılaşacaq: Avropa Braziliyası ilə Cənubi Amerikanın Braziliyası”.


Tanınmış jurnalist Mahal İsmayıloğlu: “Ənənəvi olaraq azarkeşlik etdiyim iki komanda olub: Almaniya və Braziliya. Bu dəfə Almaniyaya azarkeşlik edəcəyəm. Çünki Almaniya daha ciddi inamla dünya çempionatına gedir. Zənnimcə, yarımfinalda 4 komanda görüşə bilər: Argentina, Braziliya, Almaniya və Portuqaliya”.

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı