Modern.az

2015-ci ilin faciəli hadisələri

2015-ci ilin faciəli hadisələri

Aktual

31 Dekabr 2015, 12:26

Bu, artıq ənənəyə çevrilib – dekabr ayında yola salınan ilə yekun vurulur. Modern.az bildirir ki, son gününü yaşadığımız 2015-i - “pis il” adlandırmaq olar. Ona görə ki, ilin yekunları əsasən kədərlidir. Dünya 2015-ci ili həyəcanla qarşıladı, təşviş içində də yola salır.

2015-ci ili Azərbaycan üçün də uğurlu hesab etmək olmaz. Neftin qiymətinin kəskin aşağı düşməsi milli valyutamızın dollar qarşısında getdikcə dəyərsizləşməsinə gətirib çıxardı. Fevralın 21-də qeydə alınan devalvasiyadan sonra manatın ucuzlaşması insanların həyat şəraitinə təsirsiz ötüşmədi. İlin sonunda – dekabrın 21-dəki ikinci devalvasiya isə əsl “qara xəbərə” çevrildi.  Bəs, il dünyada hansı kədərli hadisələrlə yadda qalacaq?

Təkcə 2015-ci ili səciyyələndirən bu rəqəmlərlə dəhşətə gəlmək olar: bu il ərzində 10 min terror aktı baş verib, nəticədə 550 min adam həlak olub, 27 lokal müharibə baş verib, yaxud  davam edir, 7500 min insan qaçqın düşüb.

İl faciə ilə başlayıb: yanvarın 7-də silahlı islamçıların “Charlie Hebdo” jurnalının redaksiyasına hücumu nəticəsində 12 nəfər ölüb, 11 nəfər yaralanıb. 

Bu terrora görə məsuliyyəti “Əl-Qaidə” və İraq-Şam İslam Dövlətinin (İŞİD) yaraqlıları öz üzərlərinə götürüblər. Beləliklə, Avropa İŞİD-in nə demək olduğunu öyrəndi. Beləcə, dünya başa düşdü ki, necə təhlükə ilə üzləşib, dünya bildi ki, Suriya və İraq torpaqlarını bürüyən müharibə ilə şər doğulub, dünyanı terror dalğası yeni qüvvə ilə doldurub.

Artıq fevralda Yaxın Şərqi qanlı qırğın tamamilə bürüdü.

Son məlumatlara görə, təkcə Suriyada müharibədə yarım milyona yaxın adam qırılıb, daha 5 milyon insan qaçqına çevrilib.

Mart gələndə Tunisdə  ölkə parlamentinə daxil ola bilməyən yaraqlılar Bordo muzeyindəkiləri girov götürürlər. Nəticədə 23 turist öldürülür. Sonra Yəməndəki məsciddə partlayış baş verir: 137 nəfər ölür, 300-dən çox adam yaralanır.

Apreldə də yaxşı xəbərlər gəlmir: Somalinin “Əş-Şabab” qruplaşmasının yaraqlıları Keniyanın Qarissa şəhərindəki universitetə hücum edirlər. “Quran”dan sitat gətirə bilməyənlər güllələnirlər, 15 nəfər öldürülür.

Apreldə Avropaya qaçqın axını yönəlir ki, hələ də bu qitənin ölkələri üzləşdikləri problemin  öhdəsindən gələ bilmirlər. Miqrasiya böhranı sınağa çevrilir, az qalsın ki, bu Avropa İttifaqının parçalanması ilə nəticələnsin.  Bundan başqa, qaçqınlarla birgə Avropaya yaraqlı-terrorçular da axın edirlər.

Müsəlman diasporları arasında radikal islam ideyalarının aktiv təbliğatı başlayır. Avropa müsəlmanları, əsasən radikal islam ideyaları ilə köklənən gənclər kütləvi şəkildə terror qruplaşmalarına qoşulmaq üçün  Yaxın Şərqə axışır, döyüş təcrübəsi toplayan həmin insanlar sonradan Avropaya hazır qatil kimi qayıdırlar.

Rusiya üçün ilin ən faciəli günü oktyabrın 31-i olur.

Həmin gün Rusiyaya məxsus A321 təyyarəsi Sinay adasında terror hücumuna məruz qalır. Nəticədə təyyarənin göyərtəsindəki 217 sərnişin və 7 ekipaj üzvünün hamısı həlak olur. Bu faciəyə görə də məsuliyyəti İŞİD öz boynuna götürür. Noyabrın 12-də yaraqlı kamikadzelər Livanın paytaxtı Beyrutun gur mərkəzində özlərini partlatmaqla 43 nəfərin həyatına son qoyurlar.

“Qara cümə” gəlir – noyabrın 13-də Paris terror aktları ilə üzləşir. “Stad de Frans” stadionu yaxınlığında partlayış törədilir, bir neçə restoranın müştəriləri, eləcə də  “Bataklan” konsert zalındakılar girov götürülərək güllələnirlər.

İslamçıların əlindən Fransa paytaxtında 130 nəfər ölür, 350 nəfər yaralanır. Yalnız bundan sonra dünya liderləri İŞİD-in nə qədər ciddi təhlükəyə çevrildiyini bir daha anlayırlar. İnsanlar üçün çox sayda faciə gətirən 2015-ci ildən kimlər ibrət dərsi götürüblər? Bunu yaşamaq qismət olsa, gələn il biləcəyik...  

Modern.az


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı