Modern.az

Cərimələnən, radara düşən deputatlar: statusundan sui-istifadə edən kimlərdir...

Cərimələnən, radara düşən deputatlar: statusundan sui-istifadə edən kimlərdir...

Parlament

Bu gün, 10:48

Cəmiyyətdə cərimələr və inzibati məsuliyyət məsələsi ən çox müzakirə olunan mövzulardan biridir. Xüsusilə yol hərəkəti qaydalarının pozulması, parklanma və sürət həddi ilə bağlı tətbiq olunan cərimələr tez-tez gündəmə gəlir.

Modern.az saytı bu dəfə deputatlar arasında maraqlı sorğu keçirib. Sorğuda millət vəkillərinə əsasən hansı səbəblərə görə cərimələndikləri, cərimələri necə ödədikləri və deputat statusunun bu məsələdə hansısa rol oynayıb-oynamadığı ilə bağlı suallar ünvanlanıb.



Günay Ağamalı - "Açığı, mən də digər vətəndaşlar kimi bəzən cərimələrlə qarşılaşıram. Əsasən, avtomobil idarə edərkən parklanma ilə bağlı texniki qayda pozuntusu olub. Düşünürəm ki, bu məsələdə ən vacib məqam qanuna münasibətdir. Qanun hər kəs üçün eynidir. Deputat olmaq heç kimə əlavə imtiyaz vermir. Cərimələr olursa, onları gecikdirmədən dərhal ödəyirəm. Qaydalara əməl etmək hər bir vətəndaşın məsuliyyətidir. İndiyədək hansısa cərimədən yayınmaq və ya məsələni deputat statusu ilə həll etmək kimi yanaşmam olmayıb. Əksinə, hesab edirəm ki, ictimai nümunə göstərməli olan şəxslər qanunlara daha həssas yanaşmalıdırlar". 



Azər Badamov - "Cərimələr vətəndaşların məsuliyyətli olması və qanunun tələblərinə əməl etməsi üçün tətbiq olunan inzibati cəza tədbirlərindən biridir. Təbii ki, deputatlar da cəmiyyətin bir üzvü kimi inzibati xətalara görə cərimə olunurlar. Mən özüm də dəfələrlə yol hərəkəti qaydalarını pozduğuma görə cərimələnmişəm. Xidməti avtomobilim olmadığından şəxsi avtomobilimi özüm idarə edirəm. Tədbirlərə tələsdiyim vaxtlarda, özümdən asılı olmayaraq, sürət həddini aşdığım, ictimai nəqliyyat vasitələri üçün ayrılmış zolağa daxil olduğum və qadağan olunmuş ərazilərdə avtomobil park etdiyim hallar olub və buna görə cərimə edilmişəm.

Cərimələri isə onlayn şəkildə dərhal ödəyirəm. Çünki cərimə 10 gün ərzində ödənildikdə 10% güzəşt tətbiq olunur, gecikdirildikdə isə üzərinə əlavə dəbbə pulu hesablanır. Cərimə ballarım da qanunvericilikdə nəzərdə tutulmuş müddət başa çatdıqda silinir. İndiyədək cərimələrin ləğv edilməsi üçün deputat statusumdan istifadə etməmişəm. Çünki hesab edirəm ki, hansı şəraitdə inzibati xəta törədilməsindən asılı olmayaraq, qaydaları pozmaq olmaz. Məntiq də budur ki, qaydanı pozmuşamsa, inzibati məsuliyyətə cəlb olunmalı və cəriməni ödəməliyəm".

Arzuxan Əlizadə - 2Cərimələr, təbii ki, olur. Adıma avtomobil var və hansısa bir qayda pozuntusu olarsa, dərhal SMS və ya radarla cərimə gəlir. Çalışıram sonraya saxlamayım. 10 faizlik güzəşt olur deyə, cərimələri tez ödəməyə çalışıram. Heç vaxt statusumuzdan istifadə etməmişik və inşallah, gələcəkdə də heç vaxt istifadə etmərik. Hər hansı qayda pozuntusu olarsa, təbii ki, cəriməni də ödəmək lazımdır".

Razi Nurullayev - "Bəli, dəfələrlə cərimələnmişəm. Son cərimə 80 manat olub və sürücü yəqin ki, haradasa qayda pozuntusu edib, ya da parklanmanı düzgün etməyib. Hə, parklanmanı düzgün etməmişdi. İnanın ki, mən deputat olaraq tez-tez cərimə ödəməli oluram. Cəriməni isə xalqın bir nümayəndəsi olaraq son anda ödəyirəm. Bu bilərəkdən deyil, sadəcə adamın özündən asılı olmayan hissin idarəçiliyidir. Məncə, yerindəcə ödəmək lazımdır, gecikdirmək düzgün deyil, sonunda onsuz da ödəməliyik. Ödənişlərdə məsuliyyətli olmaq daha düzgün davranışdır2.

Aydın Hüseynov - "Deputat statusu nələrdən ibarətdir - bu konstitusiyada və qanunvericilikdə öz əksini tapır və orada hər hansı cərimələrlə bağlı güzəşt qətiyyən nəzərdə tutulmur. Ona görə də cərimələrdən yayınmaqla bağlı müraciət etməyin heç bir əsası yoxdur və hesab edirəm ki, bu mümkün olan bir şey də deyil. O ki qaldı cərimələrə, bəli, bizdə də olur. Yol hərəkəti qaydaları, avtonəqliyyat vasitəsinin idarə edilməsilə bağlı cərimə olunmuşam və cəriməni də dərhal ödəmişəm. Çünki cəriməni tez ödəməyin müəyyən güzəşti var".

Vüqar İskəndərov - "Cəmiyyətin bütün üzvləri kimi deputatlar da, o cümlədən mən də avtomobildən istifadə edirik. Maşınımı sürücü idarə edir. Bizdə də olur ki, hansısa məsələlərdə qayda pozuntuları baş verir – dayanma, durma, parklanma məsələlərində, ola bilsin ötmə ilə bağlı və s. Sürücüdür, avtomobiliin idarə edilməsində bunlar baş verir və kifayət qədər də cərimə ödəyirik. Səmimi deyim, konkret rəqəm hesablamıram, amma kifayət qədər cərimə ödəyirik və heç bir başqa yollardan istifadə etmirik.

Çalışıram ki, cərimələr vaxtında ödənsin. Amma elə vaxt olur ki, məlumat verirlər ki, artıq üstünə faiz gəlib, vaxt keçib, ödənilməlidir. Parlamentdə olduğumuz vaxtlarda da cərimə ödədiyimiz olur. Amma adətən vaxtında ödəməyə çalışırıq ki, həm üstünə faiz gəlməsin, həm də ümumiyyətlə üstümüzdə hər hansı cərimə qalmasın".

Vasif Qafarov - "Bəli, təəssüf ki, ara-sıra cərimə olunuruq. Bu cərimələr əsasən, dayanma-durma qaydalarının bilməyərəkdən pozulması ilə bağlı hallara aiddir. Günün tələsik vaxtlarında və ya sıxlıq olan ərazilərdə belə hallar yaşana bilir.
Cərimə tətbiq olunanda isə adətən gecikdirmədən, dərhal ödəyirəm. Hesab edirəm ki, qanun hamı üçün eynidir və hər bir vətəndaş kimi millət vəkilləri də qanun qarşısında eyni məsuliyyəti daşıyır. Cəmiyyətdə nümunə olmaq baxımından buna xüsusilə diqqət edirəm.

İndiyədək də heç vaxt deputat mandatının verdiyi statusdan istifadə edib cərimədən yayınmağa ehtiyac duymamışam və bunu düzgün də hesab etmirəm. Qanun qarşısında hər kəs bərabərdir".

Elçin Mirzəbəyli - "Bir qayda olaraq yol hərəkəti qaydalarına tam riayət edirəm. Bu, cərimələnmək təhlükəsi ilə bağlı deyil. Mənə görə yol hərəkəti qaydalarına əməl etmək ilk növbədə mədəniyyət və xarakter məsələsidir.
Son dəfə idarə etdiyim nəqliyyat vasitəsini Zərifə Əliyeva küçəsindən Neftçilər prospektinə dönəndən sonra DYP əməkdaşı saxlayıb. Nə üçün saxladığını soruşmuşam. Deyib ki, “yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə nəqliyyat vasitələrini yoxlayırlar”. Təbii ki, qayda pozuntusuna yol vermədiyim üçün əsassız saxlanıldığımı bildirmişəm və yoluma davam etmişəm.

Bir neçə saatdan sonra məlum olub ki, DYP əməkdaşının göstərişinə əməl edib avtomobili onun işarə etdiyi yerdə saxladığım zaman qayda pozuntusuna yol vermişəm. Güzəştli 36 manat cəriməni ödədim və nəticə çıxardım ki, nə olursa-olsun, DYP əməkdaşının göstərişinə deyil, qaydalara əməl etmək lazımdır.
Bütövlükdə isə qayda pozuntusuna yol vermədiyim üçün son 15 il ərzində maksimum 4-5 dəfə cərimə ödəmişəm. Bu da əsasən dayanma-durma qaydaları ilə bağlı olub".



Rövşən Muradov - "Mən bu il iki dəfə yol hərəkəti qaydalarını pozmuşam. Bir dəfə sürət həddini aşdığıma görə 10 manat cərimə olunmuşam. Vaxtında ödədiyim üçün 9 manat, əlavə olaraq da 40 qəpik komissiya tutulub. Ödənişi telefon vasitəsilə etmişəm.

Digər halda isə park yaxınlığında avtomobili saxlayanda yeni qoyulan taksi dayanacağı işarəsinə diqqət etməmişəm. Axşam vaxtı olduğuna görə işarəni görməmişəm və buna görə 40 manat cərimə yazılıb. Vaxtında ödədiyim üçün 36 manat, əlavə olaraq 40 qəpik komissiya ödəmişəm.

Bu il ümumilikdə 45 manat 80 qəpik cərimə ödəmişəm. Keçən il isə bu məbləğ bir qədər çox olub. Adətən cərimələri dərhal ödəyirəm, çünki borcun qalmasını sevmirəm. Bildiriş gələn kimi telefondan ödənişi edirəm.
Ümumiyyətlə, çalışıram yol hərəkəti qaydalarını pozmayım. İşarələri bilirəm, qaydalara əməl edirəm. Amma bəzən küçələrdə yeni xətlənmələr və ya yeni işarələr olur, insan çaşır və bilmədən qayda pozuntusu baş verir. Mən hesab edirəm ki, cərimələrdən daha çox maarifləndirməyə önəm verilməlidir".
 

Nəsib Məhəməliyev - "Düzdür, cərimələr bəzən narazılıq yaradır. Ancaq etiraf etməliyik ki, bir çox insanlar ictimai davranış və yol hərəkəti qaydalarına tam əməl etmirlər. Cərimələrin kameralar və müasir texnologiyalar vasitəsilə tətbiqi insanları daha diqqətli olmağa məcbur edir. Bu məsələdə hər kəs qanun qarşısında bərabərdir və cərimələr ödənilməlidir. 2026-cı ildə bir neçə dəfə cərimə olunmuşam. Diqqətsizlik üzündən. Məsələn, Tbilisi prospektində gecə saat 22:00 dan səhər 07:00-a qədər avtobus zolağından keçə bilərsən. Mənsə bir neçə dəqiqə qalmış keçmişəm. Yaxud, rayona səfərlər zamanı sürət həddini cüzi aşdığıma görə radara düşmüşəm. Cərimələri dərhal ödəmişəm. Ümumiyyətlə, şəxsi məsələlərlə bağlı kiməsə müraciət etməyi sevmirəm və demək olar ki, etmirəm".

Fazil Mustafa - "Ümumiyyətlə, indi cərimələrdən yayınmaq, yaxud da hansısa bir statusdan istifadə etmək mümkün deyil. Əsasən avtomobildə bəzən dönmə qaydalarının pozulması ilə bağlı bir neçə cərimə gəlibdir. Xatırlamıram bu ay ərzində, yəqin ki, olmayıb, ötən ay da olmayıb. Cərimələr gələndə onu da vaxtında ödəyirik. Demək istədiyim odur ki, burada hansısa bir status rol oynamır. Hər kəs üçün bərabər şəkildə bu cərimələr tətbiq olunur".



Tahir Rzayev - "Mən heç vaxt cərimələnməmişəm və cərimə ödəməmişəm. Çünki hesab edirəm ki, qayda-qanuna düzgün əməl edən insan cəriməyə məruz qalmaz. Cərimələr bir çox hallarda qanunlara əməl olunmadığı zaman tətbiq edilir. İnsanlar dəfələrlə xəbərdar olunsalar da, yenə də qaydaları pozurlar və belə hallarda cərimələrin tətbiqi qaçılmaz olur. Mən bəzi hallarda cərimələrin daha da artırılmasının tərəfdarıyam. Məsələn, yeraltı və yerüstü keçidlər olduğu halda bəzi insanlar yenə də yolu təhlükəli yerdən keçirlər. Belə hallara qarşı cərimələrin tətbiqi vacibdir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı