Modern.az

AXCP və Müsavatdan Abbas Abbasova sərt CAVAB

AXCP və Müsavatdan Abbas Abbasova sərt CAVAB

Təhsil

7 Mart 2014, 13:14


“Bu məsələdə bizim mövqeyimiz bəllidir. Putinin atdığı addımlar dünya tərəfindən qınanır. Rusiya Ukraynanın ərazi bütövlüyünü təhdid edir, bu, işğalçılıq siyasətidir. Dünya ictimaiyyəti də buna etiraz edir. Rusiya postsovet məkanında imperiya iddiaları ilə çıxış edir”.

Bunu Modern.az-a Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun Rusiyanın Ukrayna ilə bağlı mövqeyinə haqq qazandırmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya müdaxiləsi demokratik hüquq normalarının tapdanmasıdır: “Rusiya artıq bunu presidentə çevirib. Gürcüstanla, Moldova ilə bağlı addımlar atıblar, indi də Ukraynaya qarşı bu cür addım atırlar. Bütün bunlar Rusiyanın təcavüzkar dövlət kimi davrandığını göstərir. Ermənistan da Rusiyanın dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edib. Bizim mövqeyimiz beynəlxalq aləmin mövqeyi ilə üst-üstə düşür. Rusiyanın Ukraynaya yönəlik siyasəti qəbulolunmazdır”.

F.Qəhrəmanlı Ukraynadakı hadisələrin Azərbaycana da təsir edəcəyini istisna etmir: “Ukraynada bu proseslər baş vermədən öncə kimsə deyə bilməzdi ki, nəticə belə olacaq. Bu, xalq inqilabıdır. Bu inqilabları öncədən proqnozlaşdırmaq mümkün deyil. Misir, Tunis və Liviyadakı inqilablar buna misal ola bilər. Avtoritar rejimlərin olduğu ölkələrdə belə təəssürat var ki, ölkədə sabitlik, sakitlik uzun müddət davam edəcək. Çünki bu ölkələrdə cəmiyyətin müqavimət imkanları ciddi məhdudlaşdırılır, etirazlar zorakılıqla dağıdılır. Sadəcə, o etirazlar yığıldıqca partlayış formasında üzə çıxır. Ona görə də Abbas Abbasovun belə proqnoz verməsi uğursuzdur. Çünki ölkədə hakimiyyətə qarşı narazılıq yüksək səviyyədədir. Həm də ölkədə təşkilatlanmış güclü müxalifət var. Beynəlxalq səviyyədə də hakimiyyətə qarşı etimadsızlıq var. Azərbaycanda demokratik dalğanın qarşısını inzibatı yollarla almaq mümkün olamayacaq. Bu, zaman məsələdir”.

Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli də Abbas Abbasovun mövqeyini sərt qarşılayıb: “Putinin addımları bütün dünyada etiraz doğurub. Rusiyanın özündə bir sıra ictimai xadimlər Putinin Ukraynaya müdaxiləsini pisləyiblər. Onun hərəkətləri başqa dövlətin ərazisini qəsb etməkdir. Bunu başqa cür qiymətləndirmək mümkün deyil. Abbas Abbasovun və Kremlin nəzarətində olan başqa adamların belə açıqlamalar verməsi təəccüblü deyil. Onları Kreml danışdırır. Ukraynanın rəsmi dövlət qurumu olan Ali Radası və Xarici İşlər Nazirliyi NATO-ya və dünya birliyinə müraciət edib ki, Ukraynanı Rusiyanın işğalından qorusunlar. Rusiya qoşunlarını Krıma heç kim çağırmayıb. Rusiya tarix boyu imperiya siyasətini yürüdüb, bu gün də onu davam etdirir. Dünyanın mütərəqqi kəsimi Rusiyanın addımlarını pisləyir”.

M.Hacıbəyli qeyd edib ki, Azərbaycan hakimiyyəti də Rusiyanın maraqlarına cavab verməzsə, Kreml ölkəyə qoşun yeridə bilər: “Bir müddət əvvəl Rusiya Gürcüstana qoşun yeritmişdi, indi də Ukraynaya müdaxilə edir. Belə görünür ki, Azərbaycan hakimiyyəti Rusiyaya yaxın olduğu üçün buraya qoşun yeritmir. Bu anlaşma pozularsa, rus qoşunları Azərbaycana müdaxilə edə bilər. Rusiyanın bu addımları pislənməlidir. Hər bir xalq hakimiyyətini özü seçməlidir. Rusiyanın ixtiyarı yoxdur ki, hansısa ölkədə kiminsə rəhbər olmasını müəyyənləşdirsin”.

Qeyd edək ki, "Azərros"un Ağsaqqallar Şurasının sədri, Azərbaycan Baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov Rusiyanın Ukrayna ilə bağlı atdığı addımları təqdir edib və bu məsələdə Qərbi ikiüzlülükdə ittiham edib: “Rusiya prezidenti Putin Federasiya Şurasına ictimai-siyasi durum normallaşana qədər Ukrayna ərazisinə Rusiya qoşunlarının yeridilməsi üçün müraciət etməklə ən doğru qərarı verib. Bununla da o, bütün dünyaya bəyan etdi ki, Ukraynadakı qeyri-müəyyən durum Rusiya Federasiyasının milli maraqlarına, rusların, həmvətənlərin həyatına təhlükə törətdiyi üçün bu addımı atmağa borcludur. Ukraynadakı gərginliyi qızışdıran Qərb siyasətçiləri Rusiyanın baş verənlərə bu cür reaksiya verəcəyini, bütün gücü ilə öz maraqlarını müdafiə edəcəyini gözləmirdilər. Rusiya Prezidenti Vladimir Putinin mövqeyi aydın və bizim hamımıza yaxındır. Həmvətənlərini, qardaş Ukrayna xalqını millətçilərin basqısından və özbaşınalığından müdafiə edən Rusiyanı heç bir qüvvə dayandıra bilməz.   BMT Təhlükəsizlik Şurasının toplantısında Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Ukrayna prezidenti Viktor Yanukoviçin Rusiya dövlət başçısına silahlı qüvvə ilə yardım üçün müraciətini səsləndirdi. Bundan başqa, Krımın yeni Baş naziri Sergey Aksyonov Ukraynada millətçiliyin cövlan etməsindən narahatlığını ifadə edərək Rusiya prezidentinə Muxtar Respublika ərazisində sabitliyi təmin etməsi xahişi ilə müraciət edib. A.Abbasov Ukraynadakı hadisələrin Azərbaycanda baş verəcəyini mümkünsüz sayıb: “Ukrayna hadisələrinin Azərbaycanda təkrarlanacağı haqda yazılanları da hiddətlə qarşılayıram. Bu proqnozların heç bir əsası yoxdur. Mən əminəm ki, Azərbaycanda Ukrayna ssenarisi bir neçə səbəbdən baş verə bilməz. Azərbaycan son illər təkcə beynəlxalq məkanda deyil, ölkə içərisində də bütün sahələr üzrə mövqelərini möhkəmləndirir. Böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, Azərbaycanla Rusiya arasında çox korrekt və qarşılıqlı hörmətə dayanan münasibətlər qurulub.   Rusiya ilə Azərbaycan arasında rasional uzaqgörən siyasət regionda sabitliyin təminatıdır”.

İlkin PİRƏLİ

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı