Modern.az

“40 uşaq ailəsinə qaytarılıb” – Qapanmış internat məktəbi ilə bağlı Təhsil Nazirliyindən AÇIQLAMA

“40 uşaq ailəsinə qaytarılıb” – Qapanmış internat məktəbi ilə bağlı Təhsil Nazirliyindən AÇIQLAMA

Образование

24 Sentyabr 2014, 17:37

7 saylı internat məktəbindəki 40 nəfər uşaq ailələrinə təhvil verilib. Bunu Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.

Məlumatda deyilir ki, Prezident tərəfindən 2006-cı ildə təsdiq edilən “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramında (2006-2015-ci illər)” bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulub.

Bu vəzifələrdən biri də dövlət usaq müəssisələrinin şəbəkəsinə yenidən baxılması, onların sayının azaldılması üçün müvafiq tədbirlərin görülməsi, tədricən yerlərdə ailə əsaslı sosial xidmətlər sisteminin yaradılmasıdır. Bu məqsədlə dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plan hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq olunub.

Dövlət Proqramına və Baş Plana əsasən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 13 internat məktəbi artıq ləğv edilib. Bununla yanaşı yerlərdə bu müəssisələrə alternativ olan xidmətlərin yaradılması ilə bağlı tədbirlər həyata keçirilir. Belə ki, Bakı şəhərinin Xəzər rayonunda ailə tipli kiçik qrup evi yaradılıb və hazırda fəaliyyət göstərir, digərinin isə Lənkəran şəhərində tikintisi davam etdirilir. Bu tədbirlər planına uyğun olaraq 2 günərzi qayğı və 4 reabilitasiya mərkəzi də yaradılıb.

Həyata keçirilən tədbirlər çərçivəsində Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbi ləğv olunub. Məktəbin 40 nəfər şagirdi ailələrinin himayəsinə qaytarılıb, xüsusi siniflərdə təhsil alan şagirdlərin təhsillərini digər internat məktəbində davam etdirməsi təmin olunub. Tərbiyəçi-müəllimlərin isə həmin müəssisədə işlə təmin olunması nəzərdə tutulub.

Növbəti illər ərzində daha bir neçə bu tip müəssisənin fəaliyyətinə yenidən ba-xılması və onların sayının azaldılması üçün müvafiq tədbirlərin görülməsi planlaşdırılır.

Qeyd edək ki, bir müddət əvvəl kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbinin II sinif şagirdi, 2006-cı il təvəllüdlü Cavadov Nahid Zaur oğlunun məktəbin direktoru Afaqət Əsgərova tərəfindən döyülməsi və xəsarət alması barədə məlumatlar yayılmışdı.

İctimai rezonans doğuran həmin informasiyada göstərilən xüsusatlar üzrə Təhsil Nazirliyi, polis və prokurorluq orqanlarında müvafiq araşdırmalar aparıldığı açıqlanmışdı. Məsələylə bağlı internat məktəbinin 3 müəlliməsinin müvəqqəti olaraq işdən kənarlaşdırıldığı bildirilmişdi.        

Gülşən RAUFQIZI


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı