Binə-Hövsan avtomobil yolunu bağlamağa cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə noyabrın 8-də saat 08 radələrində 160-170 nəfər Xəzər rayonunun Binə qəsəbə sakini qəsəbə ərazisindən keçən avtomobil yolunun təmirinin sona çatdırılmamasına etiraz əlaməti olaraq Binə-Hövsan avtomobil yolunu bağlamağa cəhd göstərib.
Cəhdin qarşısı alınarkən onlardan bir qrupu polisin haqlı tələblərinə tabe olmayaraq daş atmış, Post-Patrul Xidməti Bölüyünün əməkdaşları, polis serjantları Xankişi Quliyevə, Elvin Ramazanova, polis kiçik serjantları Samir Bayramova və Zöhrab Hacıyevə xəsarət yetirmiş, "Fiat-Doblo" markalı iki xidməti avtomobilə ziyan vurublar.Hadisənin fəal iştirakçılarından 19 nəfər polisə gətirilmişdir. 4 nəfər - o cümlədən 2 azyaşlı xəbərdarlıq edilərək buraxılıb. 11 nəfər barəsində inzibati həbs tədbiri seçilib, 4 nəfər barəsində isə cinayət işi başlanıb.
Modern.az