“Mitinq ora gələnlərin fikirlərini bildirməsidir. Yoxsa mitinqlər nə iqtidarı, nə də onun fikirlərini dəyişdirmək üçündür”
Bu sözləri Modern.az-a Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu Milli Şura və Müsavat Partiyasının mitinqlərini dəyərləndirərkən deyib.
Partiya sədri bildirib ki, ümumiyyətlə Azərbaycanda iş görənlər və işə qiymət verənlər var.
“Mənə elə gəlir ki, buna ancaq iş görənlər qiymət verə bilər. Bildiyiniz kimi, mən Azərbaycanda mitinqlər təşkil etmişəm. Mitinqin nə qədər çətin tədbir olduğunu yaxşı bilirəm. Həm nə qədər intellektual səy, psixoloji gərginlik, həm də nə qədər maddi vəsait tələb etdiyini çox gözəl bilirəm. Ona görə də mən hər 3 mitinqi yaxşı qiymətləndirirəm”.
Sərdar Cəlaloğlu mitinq təşkilatçılarını tənqid edənlərə də cavab verib:
"Deyirlər ki, guya xalq müxalifətə inanmır. İnanmırlarsa getsinlər başqa meydana toplaşsınlar və öz fikirlərini bildirsinlər. Yaxud da öz aralarında ictimai şura yaratsınlar və müxalifətdən kənarda mitinqlərini keçirsinlər. Kim deyir ki, mütləq müxalifətin rəhbərliyi altında mitinq keçirsinlər?
Bu baxımdan guya müxalifət günahkardır. Sadəcə xalq fəal deyil, öz taleyinə laqeyddir. Açıq şəkildə desək, qorxaqdır. Burada günah xalqındır. Azərbaycan müxalifətinin heç bir günahı yoxdur. Ona görə də mən bu müxalif mitinqlərin təşkilatçılarının ittiham olunmasını yanlış hesab edirəm”.
Mirmahmud KAZIMOĞLU