Modern.az

Ədliyyə orqanlarına qəbul olanların sayı AÇIQLANDI

Ədliyyə orqanlarına qəbul olanların sayı AÇIQLANDI

Aktual

19 Sentyabr 2016, 18:45

Gənclərin işlə təminatı daim diqqətdə saxlanılaraq şəffaf seçimlər əsasında son illər 2 minə yaxın gənc ədliyyə orqanlarına qulluğa qəbul olunub. 

 

Bu barədə Modern.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

 

Hazırda ədliyyə sistemində çalışan işçilərin təxminən yarısını gənclər təşkil edir və onlar ədliyyənin müxtəlif sahələrində püxtələşərək uğurla fəaliyyət göstərirlər. Təsadüfi deyil ki, bu gün xeyli sayda ədliyyə qulluqçusu hakimiyyətin bütün qollarında, o cümlədən ali dövlət orqanında məsul vəzifələrə irəli çəkiliblər.

Ümumiyyətlə, ədliyyə sistemində kadr seçiminə böyük tələbkarlıqla yanaşılır, bu məqsədlə hazırlıqlı, müasir texnologiyaya bələd olan və mənəvi cəhətdən saf gənclərin açıq müsabiqə yolu ilə işə qəbulu aparılır. İmtahanda iştirakın sadələşdirilməsi məqsədilə elektron xidmətlərdən geniş istifadə olunur, bu zaman təkcə elektron qaydada ərizə ilə müraciət etmək kifayətdir. Həmçinin, şəffaflığın tam təmin edilməsi üçün test imtahanları internetdə canlı yayımlanır, müsabiqənin bütün mərhələləri vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən izlənilir.

 

Eyni zamanda, namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına köməklik məqsədilə əvvəlcədən Ədliyyə Akademiyasında hazırlıq kursları təşkil edilir. Test imtahanı və söhbətdən uğur qazanan namizədlər peşə fəaliyyətinə buraxılış məqsədilə icbari təlimə cəlb olunurlar. Bu il təlimin müddəti üç ayadək uzadılaraq tədrisin keyfiyyəti artırılıb, namizədlər müxtəlif, o cümlədən insan hüquqları, hüquqi etika, müasir İKT-lərdən istifadəyə dair və digər aktual mövzularda nəzəri mühazirələrlə yanaşı, bilavasitə müxtəlif ədliyyə qurumlarında təcrübi məşğələlər keçiblər. Təlim zamanı gənclərin hərtərəfli, o cümlədən mənəvi-estetik dünyagörüşünün inkişafı məqsədilə müvafiq mədəni tədbirlər təşkil olunub.

 

Bununla yanaşı, Nazirliyin tibb xidmətində yüksək ixtisaslı həkim-mütəxəssislərə ehtiyac nəzərə alınaraq respublika Nazirlər Kabinetinin sərəncamına əsasən 2009-cu ildən etibarən hər il Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə Nazirlik üçün tələbə qəbulu həyata keçirilir. Təhsil zamanı həmin tələbələrlə ədliyyə işçilərinin mütəmadi görüşləri təşkil olunur, penitensiar müəssisələrdə tibb sahəsində təcrübə keçmələri təmin edilir.

 

Bu günlərdə 90 nəfər gənc ədliyyə orqanlarına işə qəbul olunub. Onlardan böyük əksəriyyəti qulluğa qəbulla bağlı keçirilmiş builki müsabiqədən uğur qazanan hüquqşünaslar, habelə nazirliyin sərəncamına göndərilmiş ATU-nun Hərbi tibb fakültəsinin məzunlarıdır.

 

Yeni təyinatla əlaqədar ədliyyə naziri Fikrət Məmmədovun həmin gənclərlə görüşü keçirilib.

 

Təyinat almış yeni əməkdaşlar Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər, onlara xidməti vəsiqələr, aidiyyəti işçilərə, həmçinin xüsusi rütbələr verilib.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı