Modern.az

Azərbaycanda alternativ enerji ilə bağlı plan açıqlandı

Azərbaycanda alternativ enerji ilə bağlı plan açıqlandı

Güncel

18 Oktyabr 2016, 13:03

“Yaxın gələcəkdə Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələri üzrə özəl sektorun inkişafı tam təmin ediləcək”.

 

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən "Dayanıqlı inkişaf üçün enerji" VII Beynəlxalq Forumu çərçivəsində keçirilən mətbuat konfransında Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov deyib.

 

"Dünyanın çox ölkəsində alternativ enerji mənbələrinin inkişafında özəl sektorun böyük rolu var. Təcrübə göstərir ki, müəyyən dərəcədə səhvlər də olub, bu səhvlər düzəldilib. Bir çox ölkədə bu sahənin inkişafına böyük dəstək var. Bir çox ölkə bu istiqamətdə addımlar atır. Azərbaycanda da sahənin inkişafı üçün qanunvericilik bazasında dəyişikliklər edilib", - deyə A.Bədəlov qeyd edib.

 

Onun sözlərinə görə, maliyyələşmə sistemində, subsidiyaların verilməsində işlər görülüb: "Bütün bunlar nəticəsində Azərbaycanda istər kiçik stansiyalar, istər çaylar, istər külək stansiyaları üzrə özəl sektor tərəfindən işlər həyata keçirilib. Lakin fikirləşmirik ki, bu gün üçün bu, bizim startegiyamıza uyğun məsələdir".

 

Agentlik sədri əlavə edib ki, yaxın gələcəkdə bu sahədə Azərbaycanda özəl sektorun inkşafı tam təmin ediləcək. Onun sözlərinə görə, strategiyada üç pilləli enerji sistemi qurulub: "Burada ən vacib məsələ "Bir ev, bir stansiya" layihəsidir və yüz minlərlə özəl sektor təmsilçisinin iştirakı ilə Azərbaycanda alternativ enerji üzrə dönüş yaradılacaq. Azərbaycanda istər xarici investorların cəlb olunmasında, istər də yerli sahibkarların cəlbi və ya hər bir azərbaycanlı ailənin enerji istehsalçısına çevrilib, eyni zamanda istehlak edilməsinə dövlət tərəfindən tam şərait yaradılır".

 

Energetika nazirinin müavini Gülməmməd Cavadov deyib ki, digər neft hasil edən ölkələrdən fərqli olaraq, Azərbaycan üçün neftin ucuzlaşması ilə bağlı çətinlik o qədər də kritik və qorxulu deyil.

 

Onun sözlərinə görə, bu əminlik öncədən görülmüş tədbirlər, Dövlət Neft Fondunun yaradılması və qeyri-neft sektorunun inkişafı üçün görülən işlərlə bağlıdır: "Bizim valyuta ehtiyatlarımız var. Düzdür, bu işlərə bir qədər gec başlamaq olardı, lakin həyat göstərdi ki, hadisələr bizi qabaqladı. İqtsadiyyat Nazirliyi qeyri-neft sektorunun inkişafı üçün işlər görür".

Nazir müavini vurğulayıb ki, Azərbaycan bu çətin dövrdən çıxacaq: "Sadəcə olaraq bir az dözmək və işləmək lazımdır".




Mirmahmud KAZIMOĞLU




Mirmahmud KAZIMOĞLU


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı