Modern.az

Azərbaycan diplomatiyası Qarabağ məsələsində dünyanı “çeynəməlidir”

Azərbaycan diplomatiyası Qarabağ məsələsində dünyanı “çeynəməlidir”

Güncel

3 Oktyabr 2019, 16:28

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

Hamı yaxşı bilir ki, Azərbaycanın illərdir işğal altında inildəyən torpaqlarını azad etmək üçün ATƏT-in "dili" ilə aparılan "sülh yolu" danışıqları, əslində rəsmi Bakını "yola vermək"dən başqa bir şey deyil. Bu danışıqlarda əsas məqsəd "Yaddan çıxmaz Qarabağ"ın Azərbaycan cəmiyyəti tərəfindən getdikcə unudulması və sonda onun beynəlxalq aləmdə ermənilərin xeyirinə hüquqi baxımdan rəsmiləşdirilməsinə nail olmaqdır.

 

Baxın ötən günlərdə "Valday" beynəlxalq müzakirə klubunun forumunda Rusiya xarici idarəsinin rəhbəri Sergey Lavrov Qarabağla bağlı söylədiyi fikirdə - "Mən burada irimiqyaslı hərbi əməliyyatın yenidən başlaması ilə bağlı hansısa açıq-aşkar və ümumiyyətlə, təhlükə görmürəm, Rusiya tərəfi bunun baş verməməsi üçün hər şeyi edəcək" - deyir. Dorudur, belə yerdə qayıdıb ona demək olar ki, sən kimsən axı, Azərbaycana BMT nizamnaməsinin 51-ci maddəsini həyata keçirərək, öz ərazi bütövlüyünü güc yolu bərpa etməyə imkan verməyəsən?

Amma Ermənistanın Xristian-demokratik partiyasının sədri Levon Şirinyanın "Artsax məsələsinin tənzimlənməsi prosesində irəliləyiş görürsünüzmü?" saulına  - "Ayrı Artsax yoxdur, Artsax Ermənistanın bir hissəsidir. Eyni valyutası, eyni hərbisi, eyni təhlükəsilik orqanı, eyni xarici siyasəti olan iki ölkə, bir ölkə hesab olunur. Ermənistan və Artsax, bu, Almaniya və Bavariyadır. Biz məsələni həll etmişik, bizim hərbçilər inqilabdan sonra çox ruhlanıb və öz mövqelərində daha da möhkəm dayanıblar... Qalan məsələ Artsaxın beynəlxalq aləmdə hüquqi baxımdan tanınmasıdır..." deməsi, xüsusən də - "Biz məsələni həll etmişik" ifadəsi, istənilən azərbaycanlıda böyük şübhə yaradır. Yəni, doğurdanmı "məsələ" həll olunub? Əks təqdirdə Lavrov - "Rusiya tərəfi müharibənin baş verməməsi üçün hər şeyi edəcək" sözünü niyə deməlidir?

Hələ bu azmış kimi digər bir "yan" - "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Çarukyanın Qarabağla bağlı söylədiyi qəti söz, sanki azərbaycansayaq deyilən - "Qarı döyüldü, qapı bağlandı" ifadəsinə bənzəyir. Yəni, ürəyi çiçək açan Qaqik qətiyyətlə - "Qarabağ problemi bizim üçün həll olunub və bağlanıb. Artsaxa indi vur-tut beynəlxalq tanınma lazımdır. Bizim heç bir dərdimiz yoxdur, nə lazımidisə Artsax xalqı etdi, indi qalıb yalnız tanınmaq..." - deyir.

 

Bundan əlavə Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın qondarma "dqr"in yaradılmasının ildönümü münasibətilə təbrik məktubunda - "Bu gün bizim oğullarımız Qarabağın dövlət sərhədlərində sədaqətlə öz vəzifələrini yerinə yetirirlər. İllərdir dediyim kimi, bu gün də təkrar etmək istəyirəm ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq" yazması, sözsüz ki, birbaşa olaraq erməni "yanlarının" arxalarının Rusiya Lavrovlarına sıx bağlı olmasını açıq şəkildə təsdiqləməsidir.

 


Vaxt getdikcə Qarabağın Azərbaycanın "əlindən" getməsi hər kəsin gözü önündə baş versə də, sanki bu, maşın realiti şousundakı - "Maşın əldən getdi" deyimi kimi qəbul edilir. Yəni, Qarabağ məsələsində Azərbaycanın indiki halda Lavrovların dəstəyi ilə real məğlubiyyətə yuvarlandırılmasının fərqinə heç kim varmır.


Əslində, işğal altındakı Azərbaycan rayon və şəhərlərinin Avropa ölkələrinin bəzi şəhərləri ilə qardaşlaşdırılması, Qarabağda istehsal edilən və yetişdirilən məhsulların xarici bazarlara "Artsax" adı ilə ixrac edilməsi, yerli, həmçinin, tanınmamış respublikalar arasında müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi, bələdiyyə, şəhər meri vəzifələri uğrunda aparılan "demokratik" seçkilər, Dağlıq Qarabağın müstəqilliyini tədricən tanıtmağa aparan yollardır.


Baxın, belə olmasaydı yəqin ki, ötən günlərdə Amerikanın konqres adamı Frenk Pallone Xankəndidə qondarma separatçı-terrorçu rejimin "parlament sədri" Aşot Qulyanla görüşündə - "Mən bura gəlmişəm,  izah edəm ki, "Artsax" - demokratik dövlətdir, demokratik millətdir..." deməzdi. Əlbəttə, Frenk bu sözləri ermənilərin heç də yekə burnuna və yastı başlarına aşiq olaraq deməyib, nəyinsə müqabilində deyib. Amma əsas olan odur ki, bu sözlər dünyanın demokratiya "stası" sayılan ABŞ kimi bir dövlətin konqres adamının dilindən dünyaya bəyan edilir.


Əslində ermənilərin əsl üzünü dünyaya göstərmək üçün, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda Paşinyanın BMT Baş Assambleyasının 73-cü sessiyasındakı çıxışında beynəlxalq hüquqa hörmətsizlik edərək - "Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz" deməsindən sonra, Azərbaycan tərəfi bu ölkənin, həmçinin onlara dəstək olanların qarşısına BMT nizamnaməsinin 51-ci maddəsini əsas gətirərək Azərbaycan ərzilərini tez bir zamanda boşaltmaları barədə öz qəti şərtini qoymalı idi. Təəssüf ki, bu olmadı. Belə məqamda "dişsiz" və ya süd dişi zəifliyində olan güclə qarşı tərəfi susdurmaq əlbəttə mümkün deyil. Ona görə də bundan sonra Azərbaycan diplomatiyası  Qarabağ məsələsində nəinki erməniləri, hətta bütün dünyanı azı dişi ilə "çeynəməlidir".


Sözsüz ki, indiyədək istər erməni, istərsə də digər xarici ölkə rəsmilərinin bu kimi çıxışlarına və Qarabağda durğuzduqları min cür oyunlara Azərbaycan tərəfi "zırpaket" qədər səsi olmayan və "qırmasız" boş bəyanatlar əvəzinə topu-tüfəngi işə salıb sözün əsl mənasında ermənilərin başına od püskürsəydi, bəlkə də indi vəziyyət başqa cür olardı. Onda nə Lavrovun, nə amerikalı Frenkin, nə Sarkisyanın, nə də digər "yanların" belə sözlər deməyə qorxudan cürətləri çatardı.


Amma indi qorxulu və hətta dəhşətli olan odur ki, bütün bu deyilərə və olaylara rəsmi Bakının soyuq bəyanatlarla cavab verməsi az qala onu göstərir ki, əgər yaxın aylarda və ya illərdə Ermənistan "paşası" Qarabağı birdəfəlik Ermənistana birləşdirmək barədə qəti qərar versə, yəni o, özünün dediyi - "Qarabağ Ermənistandır, nöqtə" sözünə həqiqətən də əsl nöqtə qoysa, yəqin ki, bu, Bakı tərəfindən yenə də adi bəyanatla qarşılanacaq və heç kimi əlinə silah alıb Vətəni müdafiəyə qalxmaq qədər ciddi narahat etməyəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı