
Mikromaliyyələşdirmə öz effektivliyini artıq sübut etmiş iqtisadi inkişaf vasitələrindən biridir. Onun əsas konsepsiyasını 1970-ci illərdə öz ölkəsində aclıqla mübarizə kampaniyasına qoşulmuş Banqladeş iqtisadçısı Muhəmməd Yunus hazırlamışdır. Aclıqla mübarizədə alim müşahidə etmişdir ki, hətta lap xırda kreditlərlə aclıq çəkən insanları fərdi sahibkarlıq fəaliyyətinə cəlb etmək, onların yaşayış səviyyəsini qaldırmaq olar. Lakin həmin vaxtlar kasıb sahibkarlara banklar kredit verməkdən çəkinirdilər. Əsas kimi, borcun qaytarılmasında böyük risklərin olmasını göstərirdilər. Belə çətin şəraitdə Muhəmməd Yunus özü təşəbbüs göstərərək bambukdan mebel hazırlayan 10 nəfər sahibkar qadına cibindən 27 dollar məbləğində kredit verir. Kreditin son dərəcə az olmasına baxmayaraq, onun hesabına sahibkarlar qazanc əldə etməyə başlayırlar. Uğurlu nəticəni görən alim 1976-cı ildə “Grameen” adlı bank yaradır və geniş miqyasda Banqladeşin kasıb sahibkarlarına kiçik kreditlər verməyə başlayır. Grameen Bank tərəfindən həyata keçirilən mikromaliyyələşdirmə strategiyası yoxsulluqla mübarizədə çox effektli vasitə olur. 2006-cı ildə Muhəmməd Yunus sosial-iqtisadi inkişafa verdiyi töhfələrə görə Nobel mükafatına layiq görülür.
Uğurlu mikromaliyyələşdirmə modeli inkişaf etməkdə olan ölkələrin maliyyəçilərinin diqqətini tez cəlb edir. Hətta ABŞ kimi inkişaf etmiş ölkələr də bu modelə böyük maraq göstərərək onu bu və ya digər formada tətbiq etməyə başlayırlar. Beləliklə, mikromaliyyələşdirmə iqtisadi inkişaf tendensiyasına çevrilir. Azərbaycanda da bu tendensiya müvəffəqiyyətlə davam etdirilir. Son 10 ildə respublikamızda regionlarının sosial-iqtisadi inkişafı, kiçik və orta sahibkarlığın inkişafı, yoxsulluğun azaldılması, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluq səviyyəsinin qaldırılması üzrə qəbul edilmiş dövlət proqramlarının hamısında mikromaliyyələşdirmənin inkişaf etdirilməsinin, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən əhalinin müxtəlif təbəqələrinə güzəştli əsaslarla mikrokreditlərin verilməsinin, həmçinin biznes layihələri maliyyələşdirəcək mikrokredit banklarının və kredit ittifaqlarının yaradılmasının vacibliyi xüsusi qeyd olunur.
Hazırda mikromaliyyələşdirmə ölkəmizin iqtisadi və sosial həyatına əhəmiyyətli töhfələr verməkdədir. Həm kiçik sahibkarlığın inkişafına dəstək olur, həm də əhalinin yaşayış səviyyəsinin qaldırılmasında, məşğulluğun artırılmasında, işsizliyin, yoxsulluğun azaldılmasında əhəmiyyətli rol oynayır. Ona görə də mikromaliyyələşdirmə sahəsinə göstərilən dövlət qayğısı ilbəil artırılır. Təkcə ötən il Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 6 mindən çox yeni iş yerinin yaradılmasına imkan verə biləcək sahibkarlıq subyektlərinin 1.643 investisiya layihəsinin maliyyələşdirilməsinə 138 milyon manat güzəştli kredit və mikrokreditlər verilmişdir. O cümlədən 2011-ci ildə 162 məcburi köçkün sahibkara 5,9 milyon manat məbləğində güzəştli kredit verilmişdir.
Məcburi köçkünlərə mikrokreditlərin verilməsi onların məşğulluğunun təmin edilməsində əhəmiyyətli rol oynayır. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən son 8 ildə 9,6 min nəfər məcburi köçkünə verilmiş ümumi məbləği 4,5 milyon manat olan kiçik kreditlər hesabına, doğma yurdundan didərgin düşmüş insanlar məskunlaşdıqları ərazilərdə xırda toxuculuq, tikişçilik, xalçaçılıq, müasir tələblərə cavab verən kiçik həcmli çörək, meyvə-tərəvəz emalı sexləri və digər ev təsərrüfatları yarada bilmişlər ki, nəticədə 44 min 500 nəfər faydalanmışdır.
Mikromaliyyələşdirmə respublikamızda tək dövlət təşkilatları tərəfindən deyil, eləcə də 150-yə yaxın özəl banklar və bank olmayan kredit institutları tərəfindən uğurla həyata keçirilir. Onlara müraciət etməklə fərdi sahibkarlıq fəaliyyətinə başlamaq üçün xırda kreditlər almaq olar. Mikromaliyyə təşkilatlarından kredit götürmək proseduraları ənənəvi bank-kredit sistemindən fərqli olaraq daha sadə və əlverişli olur. Burada mümkün olacaq biznes risklər nəzərə alınır, müştərilərdən daimi gəlir mənbəyinin olması, iş yerindən arayış və digər əlavə sənədlər tələb olunmur.
Kiçik kreditlər sahibkarlıq fəaliyyətinə başlayanların ilkin maliyyə resursları əldə etməsində mühüm rol oynayır. Sahibkarlara verilən kiçik kreditlərin məbləği adətən 200-20000 manat, mikrokreditlər portfeli üzrə orta aylıq faiz dərəcələri isə 2-3% arasında dəyişir. Ekspertlərin fikrincə kiçik kreditlərin məbləğinin yüksək olması çox da məqsədəuyğun deyil. Mikrokreditlərin məbləğinin son həddi ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının xüsusi tövsiyəsi də var. Tövsiyəyə əsasən mikrokreditlərin maksimal həddi adambaşına düşən ümumdaxili məhsulun 300%-i qədər olmalıdır. Bu göstərici hər ölkədə müxtəlif cürdür. Azərbaycanda isə adambaşına düşən ÜDM 2011-ci ildə 5,500 manat təşkil etmişdir. Bu məbləğin 300%-i 16,500 manat edir. Ona görə də 20 min hələ normadan artıq məbləğdir. Mütəxəssislər söyləyir ki, əgər kredit götürən adamın biznes aparmaq səriştəsi yoxdursa, onda ona sahibkarlıq fəaliyyətinə elə kiçik məbləğdən başlamaq məsləhətdir. Başqa cür bankrot ola bilər. Təcrübə göstərir ki, mikrokreditlə xırda sahibkarlıqdan tədricən iri biznesə keçmək mümkündür. Lakin birdən-birə böyük biznesə girişmək özü-özlüyündə çox riskli addımdır.
Mikromaliyyələşdimədə bir incə məqam da var ki, götürülmüş kreditlərin sahibkar tərəfindən düzgün və effektiv sərf edilməsi, borcun vaxtında ödənməsinə zəmin yaradır. Sahibkar krediti vaxtında ödəməklə mikromaliyyələşdici qarşısında etibarlı reputasiya qazanır. Ona görə də müsbət kredit tarixçəsi olan iş adamlarına növbəti kreditlər daha güzəştli və sərfəli əsaslarla verilir.
Kiçik kreditlərin səmərəsini daha da artırmaq məqsədilə, ekspertlərin fikrincə sahibkarlıqla məşğul olmaq istəyənlərin üzləşdikləri bir sıra problemlərin aradan qaldırılması çox vacibdir. Əsas lisenziyalaşdırma və sertifikatlaşma işləri sadələşdirilməlidir. Kiçik fəaliyyət üçün lisenziya haqqının yüksək olması sahibkar üçün əlverişli deyildir. Bundan əlavə maliyyə risklərini sığortalayan xüsusi fond yaratmaqla bankların kredit faizini aşağı salmaq, kiçik kreditləri maliyyə riski nisbətən çox olan sahələrə, məsələn, kənd təsərrüfatının, aqrar sahənin inkişafına daha çox yönəltmək olar.
Sonda bir vacib məqamı da qeyd etmək yerinə düşər ki, mikromaliyyələşdimənin təkmilləşdirilməsi, kredit faizlərinin aşağı salınması, kiçik kreditlərin sahibkarlar üçün daha sərfəli və əlçatan olması ölkədə qeyri-leqal yolla pul qazanan, biçarə insanları aldadaraq onlara guya kömək etmək məqsədilə çox yüksək faizlə borc verən, insanların necə deyərlər qanını soran üzdəniraq sələmçilərin özbaşınalığına da son qoya bilər. Belə “qayğıkeş” sələmçilərin toruna düşən sahibkarlar qazandıqlarının hamısını ancaq faizlərin ödənilməsinə verirlər. Hətta olur ki, sələm götürən evini-eşiyini, hər şeyini satır, ancaq yenə də borcun altından çıxa bilmir. Çox vaxt isə, intihar etməklə borcdan canını qurtarır. Belə çıxılmaz vəziyyətə düşməmək üçünsə sahibkarlara yeganə məsləhət odur ki, kredit götürmək üçün yalnız etibarlı kredit banklarına və təşkilatlarına müraciət etsinlər.
Vüqar Haqverdiyev