Modern.az

Zalımın qarnı ac olanda...

Zalımın qarnı ac olanda...

Güncel

22 Noyabr 2012, 14:15

Təxminən iki-üç həftə əvvəl oxumağa başladığım “Od” romanını nəhayət ki, bitirdim...

Zənnimcə  “birnəfəsə oxumaq” ifadəsini bu əsərə aid etmək olmaz. Əsərin dili oxucunu çox tez yora bilir. Buna görə də bir neçə səhifə oxuduqdan sonra oxucu kitabı bağlayıb qoyur bir qırağa.

Ədəbiyyatla maraqlananlar yəqin ki, bu roman haqqında eşidiblər. Eşitməyənlər üçün deyə bilərəm ki, “Od” (yaxud da “Bizim Yunus”) romanının müəllifi məşhur türk yazıçısı, “Şah və Sultan”, “Eşqə dair” və başqa əsərlərin də müəllifi İskəndər Paladı.

Sözüm bunda yox...

Roman Yunus Əmrənin həyatından bəhs edir. Oxucu roman boyunca Yunus Əmrənin keçdiyi yolları keçir, dediyi şeirləri eşidir, Sitarənin və İbrahimin ölümünə, İsmayılın qaçırılmasına və  “bizim Yunus”un Haqq pillələrini necə qalxmasına şahid olur.

Əslində kitabı oxumağa başlamamışdan əvvəl fikirləşirdim ki, xoşuma gəlsə oxuyub bitirdikdən sonra irihəcmli bir məqalə yazaram. Lakin oxuyarkən hadisələrin qarmaqarışıqlığını görüb bu fikirdən daşınmalı oldum və bu balaca yazını da özümə təskinlik vermək üçün yazıram.

Əsər boyunca bəzən müəllifin, bəzən də müxtəlif obrazların dilindən səslənən gözəl fikirlərlə rastlaşdım, bəzilərinisə yazıb götürdüm. İndi həmin fikirlərdən bir neçəsini sizinlə paylaşmaq istəyirəm:

“Zalımın qarnı ac olanda məzlumun qanına çörək də doğrayıb yeyər...”

“Çanaqda (yəni, su qabı- F.S.) bir deşik olmaqla on deşik olmaq arasında nəticə dəyişməz...”

“Palçıq çox olanda fil belə sürüşər...”

“Rahat yatan adamın nə gördüyü işə yarayar, nə dediyi. Amma yatdığını güman eləyən adam oyaqdı...”

“Şeir- sözün unudulmayanıdı, ölümün əlindən nəsə qurtarmaq deməkdi. Ən gözəl sözlər şeir biçimində söylənən sözlərdi...”

“Bura qəlbinin ən dəyərli yeridi. Burda qara bir nöqtə var. Canın canı, sevənin cananı burdadı. O nöqtə iri damcı qandan ibarətdi. Adına “süveyda”, yaxud “sevda” deyirlər. Bu adı qaraya çalan rənginə görə veriblər. Çünki, sevda qara tale içində, o qara qan damlasında böyüyür. Bütün tale dənizləri, bütün eşq fırtınaları, bax, o bir damla qanda dalğalanıb-çırpınır. İfrat sevgi həmin damcını parçalayıb dağıdırsa, parçaları bütün vücuda yayılır. Eşq elə həmin yayılmanın adıdı, yayılanda artıq neyləyəcəyini bilmir...”

P.S. Əziz oxucu, çalış, “Od” tap, oxu. Və anlamağa çalış... Anlasan, inan ki, uduzmayacaqsan...

[email protected]

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı