Modern.az

Separatçılara noyabrın 8-dək Azərbaycanı tərk etmək haqda göstəriş verilməlidir...

Separatçılara noyabrın 8-dək Azərbaycanı tərk etmək haqda göstəriş verilməlidir...

Aktual

7 Avqust 2022, 11:17

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşündə Xankəndidəki separatçı-terrorçu ermənilərlə bağlı konkret fikir bildirməmələri Azərbaycan cəmiyyətini müəyyən mənada narahat edir. Əslində isə bu görüşdə müzakirə edilən Suriya, Liviya kimi məsələlərin fonunda elə Azərbaycanın da ərazi bütövlüyü və terrorizmə qarşı mübarizəsi birmənalı olaraq dəstəkləndi desək, yanılmarıq. 
 

Diqqət edin əgər, liderlər burada Suriyanın siyasi birliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasının vacibliyini, bütün terror təşkilatlarına qarşı mübarizədə həmrəylik və birgə hərəkət etmək əzmində olduqlarını təsdiqləyirlərsə, həmçinin Liviyanın suverenliyi, ərazi bütövlüyü və milli birliyinə qəti sadiq olduqlarını vurğulayırlarsa, məgər bu, ən azı nəzəri olaraq elə Azərbaycanın da ərazi bütövlüyü, eləcə də erməni terrorçularına qarşı mübarizəsini təsdiqləmək demək deyilmi?
 

Bununla yanaşı, avqustun 3-də Azərbaycan öz suveren ərazisində erməni terrorçularına qarşı apardığı uğurlu “Qisas” əməliyyatının səhəri gün Vladimir Putin Təhlükəsizlik Şurasının operativ iclasında Ermənistan-Azərbaycan konflikti ətrafında müzakirələr apararkən, Kremlin sözçüsü Dmitri Peskovun "RİA-Nvosti"yə bildirdiyi sözlərə inansaq, iclasda üçtərəfli məlum bəyanatların bütün tələblərinin yerinə yetirilməsinin vacibliyinin vurğulanması, əlbəttə Moskva üçün nə qədər ağır olsa belə, əslində Azərbaycanın ərazi bütövlüyü və terrorizmə qarşı mübarizəsini dəstəkləmək deməkdir. 
 

Bundan əlavə, Xankəndidəki qondarma “sabah artsax partiyası”nın - “Biz görürük ki, sülhməramlılar öhdəliklərini ya yerinə yetirə bilmirlər, ya da istəmirlər. Bizi nə gözlədiyini bilməliyik ki, buna uyğun addımlar ataq. Sülhməramlı qüvvələrin rəhbərliyi görüşdən imtina edərsə, ictimai təzyiqlə üzləşəcək”, - bəyanatından sonra, Rusiya “məramı sülhlərin” komandanı Andrey Volkovun separatçıları qəbul edərək görüşdə ilk dəfə olaraq separatçıların “əski parçasının” Azərbaycan bayrağı ilə əvəz edilməsi dolayısı ilə terrorçu haylara özbaşınalığa son qoymalarına bir işarədir.
 

Əlbəttə, bu addım ilk baxışda nə qədər təqdirəlayiq görünsə də, Azərbaycan tərəfi bundan arxayınlaşmamalıdır. Çünki bu, Soçi görüşü öncəsi Putinin özünü Ərdoğanın qarşısında ədalətpərəst göstərmək üçün taktiki gedişi də ola bilər. Beləki, əgər Putin həqiqətən ədalətpərəstdirsə, o zaman masada Rusiya və Azərbaycan bayraqları ilə yanaşı, tərsinə olsa belə nədən Ermənistan bayrağı qoyulmalı idi?  
 

Doğrudur, bu görüşdə söhbətin nədən getdiyi barədə açıq məlumat olmasa da, özünü Qarabağ separatçılarının “ərazi idarəetmə və infrastruktur naziri” sayan Ayk Xanumyan Laçın rayonunun Zabux kəndinə gələrək, “sentyabrın 25-dən sonra Laçın dəhlizində artıq Rusiya sülhməramlı kontingenti olmayacaq. Sülhməramlılar ərazidən çıxacaq və dəhliz Azərbaycan tərəfinin ixtiyarında olacaq”, - deyə kənddə yaşayan əslən Suriyadan olan ermənilərə qanunsuz məskunlaşdıqları kəndi tərk etmələri barədə xəbərdarlıq etməsi görüşün məzmununu açıq şəkildə göstərir. Bu, eyni zamanda, “ilan ulduz görməsə ölməz” deyimini məntiqlə təsdiqləyərək, “Qisas” əməliyyatının nə qədər vacib olduğunu sübut etmiş oldu.
 

Sözsüz ki, “Qisas” əməliyyatına öz “narahatlıqlarını” bildirən bəzi dünya ölkələri və beynəlxalq təşkilatların çağırışları “növbətçi” xarakter daşıyır. Çünki dünya yaxşı bilir ki, Azərbaycan öz suveren ərazisində terrorçulara qarşı mübarizə aparır. Yeri gəlmişkən, Azərbaycanın dövlət Başçısı avqustun 5-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında, “10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarına zidd olaraq Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yerləşmiş qoşunlarını ərazilərimizdən çıxarmayıb... Ermənistan Silahlı Qüvvələri və qanunsuz erməni hərbi birləşmələrinin ünsürləri torpaqlarımızdan çıxarılmalıdır!”, - deyə öz mövqeyini açıq və qəti şəkildə bildirdi.
 

Rəcəb Tayyib Ərdoğan isə Soçi səfərindən döndükdən sonra jurnalistlərə açıqlamasında “... Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən ərazidir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir. Üçtərəfli bəyanatdan iki ilə yaxın vaxt keçir. Ermənistanın buradakı öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir”, - deməsi şübhəsiz ki, görüş zamanı Putinlə bu mövzuda fikir mübadiləsi apardıqlarını və eyni fikirdə olduqlarını təsdiqləyir.
 

Odur ki, Azərbaycan Ordusu başladığı antiterror və ya “antihay” əməliyyatını 25 avqustdan sonra da davam etdirməli, separatçı-terrorçu qruplara ən geci noyabrın 8-dək Azərbaycan ərazisini tərk etmələri barədə qəti göstəriş verməlidir. Beləliklə, erməni separatçılarından birdəfəlik qurtulmaq üçün başda separatçıbaşı Araik Arutyunyan olmaqla, bütün erməni terrorçular öz seçimlərinə uyğun olaraq yeni istifadəyə veriləcək alternativ Laçın yolu ilə ya yola, ya da gora salınmalıdır! Azərbaycan bayrağı Xankəndidə yalnız masa üstündə qoyulmalı deyil, həm də noyabrın 8-də Xankəndi şəhər icra hakimiyyətinin üzərində dalğalanmalıdır!

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı