Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibə birinci ilinə qədəm qoyur. Müharibənin başlamasının ildönümü ərəfəsində ABŞ Prezidenti Co Bayden ötən gün Kiyevə səfər edib. O səfər zamanı ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb və Ukraynaya milyardlarla dollarlıq yardım vəd edib.
Döyüşlərin başladığı gündən indiyə qədər dünyanın bir çox dövlətindən, xüsusilə Qərbdən Ukraynaya hərbi və humanitar dəstək verilir. Avropa və ABŞ müharibənin ilk günündən bu ölkəyə hərbi yardımlar göndərir. Rəsmi Moskva isə yardım göstərən Qərb dövlətlərini müharibəni uzatmaqda ittiham edir.
Məsələ ilə bağlı Modern.az-a danışan politoloq İlqar Vəlizadə Qərb dövlətlərinin müharibənin uzanmasında maraqlı olduğunu söyləyib.

"Onlar bütün güclərini səfərbər ediblər ki, Ukrayna Rusiyaya müqavimət göstərə bilsin. Təbii ki, Qərb dövlətləri müharibənin uzanmasını istəyir. Avropa birmənalı şəkildə işğal olunmuş ərazilərin Ukraynaya qaytarılmasının tərəfdarıdır, qarşı tərəf isə bunu etmir. Döyüşlərin şiddəti yüksək səviyyədədir, ancaq bununla belə Ukrayna zəbt edilmiş torpaqlarının yarısını azad edə bilib", - deyə politoloq bildirib.
İ.Vəlizadə vurğulayıb ki, cəmiyyətin qəzəbini qazanmaq istəməyən hər iki dövlət müharibənin uzanmasının tərəfdarıdır:
"İlk olaraq bunu hər kəs bilir ki, Qərbin dəstəyi olmasa, Ukrayna Rusiya qarşısında məğlub olacaq. Artıq hər iki müharibə tərəfinin resursları tükənməyə doğru gedir. Ancaq gedişatdan görünən odur ki, Rusiyanın rezervləri yaxın zamanlarda bitəcək və çətin anlar yaşamağa başlayacaq. Qərb dövlətləri tərəfindən Ukraynaya müxtəlif silah yardımları olur. Bunların nə qədər effektiv istifadə olunacağı isə sual altındadır. Müharibənin bitməsi üçün öncə ilk təmaslar, yəni danışıqlar başlamalıdır. Çünki görünən odur ki, Qərb dövlətləri Ukraynanı sona qədər dəstəkləmək niyyətində deyil. Ukraynanın məqsədi işğal olunan əraziləri yenidən nəzarət altına almaqdır. Müəyyən siyasət adamlarının açıqlamaları isə ritorikadan ibarətdir. Reallıq danışılandan tam fərqlidir".
Rahib Ələsgərov