Modern.az

“Dünya çalxalandıqca sanki durulur”

“Dünya çalxalandıqca sanki durulur”

Aktual

1 Mart 2014, 10:45

Gorüşmək üçün mənzilinə getdim. Yenicə çapdan çıxmış kitabımı təqdim etmək istəyirdim. Əslində kitab bir bəhanəydi...

Üçüncü dəfəydiki bu mənzildə olurdum. Son gorüşümüz iki il əvvəl olmuşdu. Bu müddət ərzində  mənzildə heç nə dəyişməmişdi. 80-ci illərin təmiri, mebeli, demək olar ki, o illərin abu-havası hələdə mənzildə qalırdı. Ancaq bu ilk baxışda belə görünürdü. Kresloda əyləşib həmsöhbətimi dinlədikcə, qonaq otağının güncündə olan canlı dekorativ ağac da qarışıq, mənzildə olan hər bir  əşyadan belə yalnız müsbət enerji ala bilərdin.

- Gəlmişəm müsbət enerji alım,- deyə  söhbətə başladım.

- Nə qədər istəsən ala bilərsən, təki mənfi enerji verməyəsən...

Beləcə söhbətə başladıq. İki saat vaxtımız var idi. İkinin yarısında görüşə gedəsiydi...

- Prosesləri izləyəndə görürsən ki, cəmiyyət sanki alternativ fikri ya qəbul etmir, ya da ona hazır deyil. Axı hər birimiz, məmurundan tutmuş, aliminədək, sıravisindən başlamış hətta cinayətkarınadək, hamı gözəl bilir ki, alternativ fikir cəmiyytin inkişafı deməkdir. Bunu bildiyimizdən nədən əks fikri qəbul etmirik?

- Keçmiş SSRİ-nin  bir çox məqamlarına dəyər versəm də, hər ikimiz o dövrdə təhsil alsaq da, deyərdim kommunizmin ən mənfi  cəhəti  hər şeyi bir rəngdə  görmək idi. Məhz bu cəhət də kommunizm ideologiyasını məhvə apardı, onu urvatdan saldı. “Bizdən deyilsənsə, düşmənimizsən”-fikri heç bir zaman qəbul edilə bilməz.  

Dünya palitrasında az qala yüz minlərlə rəng çaları olduğu halda, bizim bu dünyanı bir rəngdə görməyimiz heç bir məntiqə sığmır. Dünya hər zaman çalxalanmağa maraqlıdır. Çalxalandıqca sanki durulur. Zəlzələlər, vulkan püskürməsi də elə dediyim fikrə  əyani misaldır. Yer kürəsi bununla sanki özünü təmizləyir, nizamlayır. Belə hadisələr təbiidir. Və onu təbii qarşılamaq lazımdı. Bu cür proseslərdən qorxmaq lazım deyil. Onlar baş verməsə daha böyük fəsadlar baş  verə bilər. Yəqin zamanında hər şey qaydasına düşəcək.  

- Bəlkə zamanı tələsdirək?

- Yox, bu mümkün deyil. Durulmaq zamanı gəldikdə hər suala asanlıqla cavab tapılacaqdır...

Bu günün sualını tamalayıb, keçmişə qayıdırıq. Söhbətimiz davam edir. Bu dəfə də yolumuzu Ağdamnan salırıq. Oxuduğu dövrdə hamını olmasa da, bir çoxları haqqında danışırıq. Həyata ümidlə baxır. O illərə qayıdacağımıza, o torpaqlarda yenidən yaşayacağımıza da inanır. Bu arada mərhum həyat yoldaşından sitatda gətirir. Vaxtilə Bakıda “Azadlıq” prospektindəki və  Ağdamda Voroşilov küçəsindəki yaşadıqları mənzillərindən danışır. Xanımından danışarkən səsində kövrəklik hiss olunur. Mövzunu dəyişmək üçün mətbəxə keçir. Vəziyyəti başa düşüb başqa mövzuya keçid edirəm...

-1958-ci ildə 10-cu sinifdə oxudugunuz vaxt  Ağdam rayonunda nəşr olunan  “Lenin yolu” qəzetində maraqlı  yazı rastıma çıxmışdı. Qəzetlə əməkdaşlıq edən ən fəal şagrid kimi şəklinizidə qəzetdə vermişdilər. Təsəvvür edirsiniz də, o dövrdə qəzetdə şəklilin çıxması, üstəlik haqqında maraqlı yazının verilməsi nə demək idi...

-Yadımdadır. O illərində öz gözəlliyi var idi. İnsanlarda səmimilik hissi daha çox idi. Alıb aldatmaq yox idi. Bir çətinə düşəndə heç kim köməyini əsirgəməzdi. Yaxşı illər idi. İmkan az olsa da, camaatın ürəyi geniş idi. İndi o abu-hava qalmayıb. İnsanlarda aqressiya  artıb. Başa düşüləndi. Uzun illər boyu yaşadığı məmləkəti tərk etmək mənə də ağır gəlir. Mən də o torpaqda böyümüşəm, bir nomrəlisində təhsil almışam. O havanı, o suyu içmişəm. Mənə bir ziyalı olaraq çox ağır gəlir ki,  Çıraqlı kəndindən oyana gedə bilmirəm. Elə ay olmazdı ki, rayona getməyim. Hər dəfə Xudu müəllimi Ağdamda dostlarıyla-Nurəddin Rzayev, Bəxtiyar Vahabzadə  və Zeynal Məmmədovla görəndə nə qədər Siz alacağınız müsbət enerjidən alırdım...        

Həmsöhbətim AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevlə ikisaatlıq söhbətdən yalnız iki məqama  toxundum.  Və bu məqamlardan saatlarla danışmaq və yazmaq olar. Yəqin digər məqamlarda nə vaxtsa yazıya köçürüləcək...

Həmsöhbətim daim öz sadə, səmimi və dəyərli elm xadimi olmasıyla fərqlənir. Deyərdim ki, bu gün Rafiq Əliyev tək Ağdamın və Qarabağın deyil, bütün Azərbaycanın vizit kartına çevrilib. Öz elmi fəaliyyətiylə, vətənpərvərliyi və daim obyektiv mövqedə dayanması ilə...

İki saatın necə keçdiyini hiss etmirəm. Maraqlı söhbət alınmışdı. Özümü  sanki hansısa yüksək zirvədə hiss edirdim...  

Maraqlıdır ki, XII əsrdən söz düşəndə daha çox Nizami  Gəncəvini, XV əsrdən Şah İsmayıl Xətaini,  XIX əsrdən M. F. Axundov, Seyid Əzim Şirvanı, M.Ə.Sabiri göz önümüzə gətiririk... Halbuki həmin illərdə minlərcə insan doğulub, dünyada yaşayıb və izsiz-tozsuz, səssiz-səmirsiz bu dünyadan köçüb. Bizə isə yalnız  barmaqla sayıla biləcək adamlar qalıb. Xalqı, onun dövlətini də yaşadan da məhz  belə ziyalı insanlardır...

Qəti əminəm ki, XX əsr haqqında danışanda  sıralamada Xudu Məmmədovun adının olacağına,   XXI əsrin ziyalıları sırasında isə Rafiq Əliyevin adı iftixar hissilə çəkiləcəkdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı