Azərbaycan cəmiyyətində vətənpərvərlik hissi ayrılıqda mövcud deyil. Bu hiss, puritançılığın, mental dəyərlərin, musiqi zövqünün formalaşmasında rol oynayan absurd predmetə çevrilib. Cəmiyyətimizdə vətənpərvərliyi səciyyələndirən bir sıra məqamlar var ki, bunlardan biri də köhnəpərəstlikdir. Məsələn, sən zövqünü müasirliklə deyil, XIX əsr dəbi ilə tənzimləməli, pop, rok, estarada üslubunda olan mahnılara deyil, muğama qulaq asmalısan. Dəblə deyil, XIX əsr üslubunda geyinməlisən. XIX-XX əsr dünya ədəbiyyatını deyil, ancaq XII-XV əsr Azərbaycan ədəbiyyatını oxumalısan. Bununla da ədəbiyyata yanaşma tərzini çeynənmiş cümlələrlə ifadə etməlisən! Fəlsəfi fikrin daş-qaya, gül-bülbül mədhiyyəsi ilə məhdudlaşmalıdır! Xocalıda amansızlıqla qətlə yetirilən insanların deyil, "Sarı gəlin"in milli mənsubiyyətinin təəssübünü çəkməlisən. Və elə onların "acığına" toyda-bayramda bu mahnını sifariş edib, özünü düşmənə qalib gəlmiş kimi hiss etməlisən.
Necə də sarkazmdoğurucudur!
Elə bir cəmiyyətdə yaşayırıq ki, burada istənilən münasibət tam fərqli aspektlərdən şərh edilir. Bu yanaşmaların heç birində ortaq məxrəc yoxdur. Bu da ona görədir ki, psevdo fikirə meylliyik. Məsələn, təklif olunsa ki, Azərbaycan cəmiyyətində hər kəs eyni hüquq və imtiyazlara sahib olacaq, özünü bəşəri dəyərlər carçısı adlandıranlar belə, buna birmənalı yanaşmayacaq. Qərar qəbul olunsa ki, ölkədə maqazin proqramları yığışdırılacaq və əvəzində maarifləndirici verilişlər yayımlanmağa başlayacaq, sayıqlamağa mövzu tapmayan "maarifçilər" qərb televiziyalarından nümunələr gətirəcək. İnanın ki, belə də olacaq! Necə ki, metrostansiyalarda quraşdırılan ticarət köşklərinin yığışdırılmasını tələb edən bir çox "solçu"lar, qərar çıxandan sonra sosial şəbəkələrdə silsilə etiraz statusları yazmağa başladılar. Metro alverçilərinin gələcək taleyini düşündülər.
Eləcə də, vətənpərvərlik anlayışı bu qəbildəndir.
Cəmiyyətin "düşünən beyinləri" ilə zəngin olan sosial şəbəkələrdə, hər dəfə soyqırımı və ya işğal olunmuş bölgələrimizdən birinin ildönümü münasibətilə qapaq rəsmləri avtomatik olaraq , hadisəni özündə əks etirən fotoşəkillərlə, bir günlük yenilənir. Ardınca da belə bir psevdopatriotik cümlə gəlir: "Bağışla vətən, biz sənə layiq ola bilmədik!".
Bununla da missiya bitir, sanki.
Bu minvalla 31 Mart Soyqırımı gününün ardından doyunca gülür, sabahı gün Kəlbəcərin işğalına üzülürük. Mayın 8-i Şuşanın mədəniyyət beşiyi, öz spesifik təbiəti ilə seçildiyini yada salaraq, itirdiyimizə təəssüf edib, sabah Qələbə gününü qeyd edirik. Beləcə, gün o gün olsun bayramı Şuşada, Xankəndində qeyd edək, gün o gün olsun Cıdır düzündə konsert verək, gün o gün olsun "Qarabağ"ın oyunlarını İmarətdə keçirək, deyərək, ili ilə tapşırıb, Qarabağı ən yeni tariximizdən kənarlaşdırırıq.
Səthi dərketmələrlə zəngin olan cəmiyyətimizdə tarix konkret hadisələr əsasında öyrənilir. Hadisənin mahiyyəti ikinci planda dayanır ki, Azərbaycan vətəndaşının vətənpərvərlik hissi Ümumxalq hüzn günlərinin əzbərlənməsi ilə ölçülür. Bir az da fərqlənmək istəyirsənsə, faciə qurbanlarının sayını bilmək kifayətdir. Milli Qəhrəmanların da adını bildinsə, artıq "hiperpatriot" olursan. Bununla da ünsiyyətinə lazımınca patriotik çalarlar qata bilərsən. Hətta bir az da irəli gedib, vətənpərvərlk dərsi də keçə bilərsən...
Günümüzdə, vəzifə və peşəsindən asılı olmayaraq hər kəs vətənpərvərlikdən ağız dolusu danışır. Müğənnisindən tutmuş şairinədək, savadsız müəllimindən tutmuş rüşvətxor məmurunadək, hər kəs vətən sevgisini tərənnüm edir.
Vətənşüvənlər bir-birinin ardınca öz meşşan maraqları naminə, yaradıcılığında, tədris prossesində, idarəçiliyində Qarabağ mövzusuna yer verir. Bununla da işindəki nöqsanları ört-basdır etmək üçün cəmiyyət arasında patriot imici formalaşdırmağa çalışırlar.
Əslində, peşəsindən asılı olmayaraq hər kəs öz vəzifəsini vicdanla məsuliyyətlə yerinə yetirirsə, o özlüyündə vətənpərvərdir. Yazıçı yazı masasında, müəllim dərs kabinetində, hərbçi səngərində gərəkdir. Hərə ixtisası üzrə işini elmi şəkildə görsə, elə əsl vətənpərvərlik olar. Hər hansı bir məmur hüzn günü keçirilən iclaslarda boğazdan yuxarı vətən sevgisindən danışmaq əvəzinə, rüşvətə qarşı çıxarsa, hər addımında obyektiv olarsa, əsl vətən sevgisi nümayiş etdirmiş olar. Bütün sahələrdə elmilik olmalıdır. Hərbdə də, dərs də, incəsənətdə də, idarəçilikdə də. Hər bir iş elmi şəkildə görülərsə, uğur da bir o qədər yaxın olar.
Tarixi hadisələrin xronoloji ardıcıllığını əzbərləyib-əzbərlətməklə, mental dəyərlərə sadiq qalmaqla, konservator mövqe tutmaqla, inteqrasiyaya qarşı çıxmaqla, zövqü XIX əsrlə uzlaşdırmaqla, qısası, aidiyyatı olmayan məsələləri əsas gətirib, boğazdan yuxarı vətənpərvərlik mövzusu açmaqla. vətən sevgisini göstərmək olmaz. Ümumiyyətlə, bu elə məfhumdur ki, onun haqqında danışmazlar, sübut edərlər. Əməli salehliklə!