Modern.az

2015-də Qarabağa nə qədər yaxınlaşdıq, nə qədər uzaqlaşdıq?

2015-də Qarabağa nə qədər yaxınlaşdıq, nə qədər uzaqlaşdıq?

Aktual

23 Dekabr 2015, 12:05


Azərbaycan ərazilərinin işğal prosesi “Bişkek protokolu” ilə başa çatdı. 1994-cü ildən sonra hər növbəti ilə qədəm qoyanda Dağlıq Qarabağın və ona bitişik rayonların işğaldan azad edilməsi  real görünürdü.

“İnşallah, gələn il Qarabağ azad olunar”, “Allah qoysa, gələn Yeni ili, Novruz bayramını Şuşada, Laçında, Kəlbəcərdə qeyd edərik”.

Bu şüarlar hər bir azərbaycanlının dilində əzbər olmuşdu. Amma, nə vaxta qədər?!

Dağlıq Qarabağ məsələsi danışıqlar masası ətrafında  müzakirəyə çıxarılsa da, nəticə qənaətbəxş deyil.

O zaman Qarabağ münaqişəsi 2015-ci ildə necə yadda qaldı?

Qarabağ məsələsinin həll edilməsi istiqamətində irəliləyişlər hansı səviyyədə oldu?

Modern.az saytı Dağlıq Qarabağ məsələsi baxımından 2015-ci ili dəyərləndirməyə çalışıb.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Modern.az-a açıqlamasında deyib ki, 2015-ci il də o biri illər kimi  böyük ümidlərin doğrulmadığı il oldu.

“İl ərzində yalnız cəbhə xəttində düşmənə layiqincə cavab verilməsi yaddaqalan oldu.  Xüsusi olaraq, düşmən helikopterinin vurulmasını qeyd edə bilərəm, amma o da yarımçıq qaldı. Ermənilər rusların köməyi ilə meyitlərini götürə bildilər. İl ərzində Azərbaycan diplomatiyası çox zəif göründü, torpağı işğal altında olan ölkənin xarici işlər naziri belə olmalı deyil. Təbii ki, hər bir qərar dövlət başçısı tərəfindən qəbul olunur, amma qərara  qədərki işləri xarici işlər naziri görməlidir. Bu nazirdən mən heç nə gözləmirəm. O , təcili dəyişdirilməlidir. Müdafiə naziri dəyişdirildi, müəyyən müsbət nəticələr hiss olundu, xarici işlər naziri niyə dəyişilməsin? Ermənilər Qarabağ məsələsində özləri üçün vacib, bizim üçün çox təhlükəli mərhələyə start veriblər.

Onlar Dağlıq Qarabağdakı qondarma rejimin dünyada tanınması və təbliğini ön plana keçiriblər. Bunun qarşısı vaxtında alınmasa, sonra gec olacaq. 2016-ci il Azərbaycanın Qarabağ məsələsində bütün cəbhə boyu hücum ili olmalıdır. Hərbi əməliyyatlar başlanmalıdır. Başqa yol yoxdur”.

Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin sədri Füzuli Rzaquliyev də 2015-ci ildə Qarabağ məsələsi baxımından elə bir irəliləyiş hiss edilmədiyi qənaətindədir.

“Gərginlik, atəşin pozulması şəhidlər verməklə yadda qaldı. Təəssüf ki, yola saldığımız ili də Qarabağsız başa vurmalı olduq. 21 ildir ki, danışıqlar prosesi gedir. Ortada konkret nəsə yoxdur. Erməni milləti elə bir millətdir ki, onlar üçün danışıqların heç bir əhəmiyyəti yoxdur. Ermənilərin başını əzməklə torpaqları geri almaq mümkündür.  2015-ci ildə məsələ həll edilmədi. 2016-cı il gəlir. Sonra 2017-ci il gələcək. Birdəki özümüzü nə vaxta qədər aldada bilərik axı?! Artıq yaşlı nəsilin çoxu dünyasını dəyişib. Onlar Qarabağı görmədən əbədi göz yumdular. Torğaqlarımız bizim namus qeyrət məsələmizdir. Birdəfəlik müharibə edək bu məsələ də həll edilsin”.

Namidə Bingöl

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı