
Müğənni Xuraman Şuşalı bildirib ki, istirahətdən dünən qayıdıblar. Amma bu qayıdışı daha çox məcburi adlandırmaq olar: “Əslində istirahətə getmişdik. Uşaqlar o qədər nadinclik elədilər ki, qayıdıb gəldik. Daha doğrusu, çox balaca olduqlarından onlarla istirahət eləmək olmur. Bir ay istirahət eləməyi düşünürdük”. Amma sənətçi xanım istirahət şansını bir daha sınayacaq. Bu dəfə isə həyat yoldaşı ilə: “Bu dəfə üç gündən sonra məcburən qayıdası olduq. İnşallah Ramazan ayından sonra həyat yoldaşımla istirahətə gedəcəyik. Yəqin ki, anam uşaqlara baxar”.
Müğənni Rüfət Axundovun telefonuna isə köməkçisi Nemət cavab verdi. O bildirdi ki, sənətçi elə bu gün istirahətə yollanıb. Ancaq o müğənninin hansı ölkədə istirahət edəcəyini demədi: “Bircə onu bilirəm ki. Azərbaycandan kənardadır”.
Əməkdar artist Gülüstan Əliyeva da qışın yorğunluğunu ölkə xaricində çıxardanlardandır. Sənətçi telefon zəngimizə Macarıstandan cavab verdi: “Hazırda Macarıstanda istirahətdəyəm. Amma bu barədə mətbuatda geniş yazılmağının tərəfdarı deyiləm. Ayın axırına kimi qayıdacağam”.
Əməkdar artist Zöhrə Abdullayeva isə istirahətinin növbəti hissəsini Londonda keçirəcək. Belə ki, Çexiyadan qayıdan əməkdar artist avqustun 1-də “Dumanlı Albion”a yola düşəcək.
