Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (BŞİH) kimi fəaliyyətinin on ili tamam olur. Mərhum prezident, milli lider Heydər Əliyevin 2001-ci il yanvar ayının 31-də imzaladığı sərəncamla BŞİH-nin başçısı vəzifəsinə professor Hacıbala Abutalıbov təyin edilmişdi. Bu vəzifəyə təyin edilənədək isə H. Abutalıbov baş nazirin müavini, ondan əvvəl isə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdi.
Göründüyü kimi, 1976-cı ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyasını müdafiə edən Abutalıbov 1995-ci ildən məmur kimi çalışır. Onillik fəaliyyətinə nəzər salsaq görərik ki, H.Abutalıbov hazırda tənqidə məruz qalan məmurlar arasında uzun müddətdir birinciliyi əldən vermir. Lakin tənqid olunsa da işləməkdən zövq alan elmlər doktorunun paytaxt Bakı üçün ən başlıca xidməti şəhəri lüzumsuz budkalardan yığışdırması oldu.
Yəqinki, bu fikrimlə razılaşarlar ki, həmin dövrdə Bakınıın siması tam dəyişmişdi. “Rəngarəng” budkalar, çayxanalar, küçə ticarəti baş alıb gedirdi. Paytaxt sanki bu tipli obyektlərin əlindən boğulurdu. Vəzifəyə təyin edildikdən hələ üzün müddət paytaxtda sərbəst gəzməsi ilə seçilən, daimi hərəkətdə olan Abutalıbov bir növ ictimaiyyətin rəğbətini qazanmışdı.
“İlin adamı” seçilməsi də həmin illərdə ictimaiyyət tərəfindən təbii qarşılanmışdı. Beləliklə, son on ildə Bakının simasının dəyişməsində, yumşaq desək, üfunətdən qurtaran şəxslərdən biri kimi H. Abutalıbov hələ uzun müddət sakinlərin diqqət mərkəzində olacaqdır. Söz yox ki, şəhərimizin başçısı öz fəaliyyətinə daim tənqidlə yanaşdığından yazının bu hissəsindən bizdə ötən dövrə bir qədər tənqidi (həm də obyetiv) ruhda yanaşacağıq. Fəaliyyətindəki uğurları qısa şəkildə qeyd etdik. Sual etsək ki, bu dövrdə şəhər rəhbəri daha hansı işləri görsəydi yaxşı olardı, həm sədaqətlə xidmət etdiyi dövləti, həm də vətəni üçün. Fikrimizcə:
1. İlk növbədə on il ərzində şəhər rəhbəri “Jek” rəislərinə ayırdığı diqqətin yarısını bələdiyyələrə ayırmış olsaydı heç olmasa öz işini bir qədər də yüngülləşdirmiş olardı. Bu dövrdə daim bələdiyyələrin səlahiyyətini məhdudlaşdıran sərəncamlar imzalamaqla 3 min nəfərlik Bakı bələdiyyə sisteminin fəaliyyətini bir qədər də çətinləşdirdi. Bu azmış kimi BŞİH-nin strukturunda olan yerli özünüidarəetmə orqanları ilə iş şöbəsini ixtisara saldı. Avtodayanacaqlarla, reklamla və digər məqamlarla bağlı imzalanmış sərəncamlar əvəzinə qarşılıqlı dialoqun təşkli, əməkdaşlıq əlaqələrinin qurulması son nəticədə şəhər rəhbərinin fəaliyyətinə müsbət mənada təsir edə bilərdi.
2. Şəhərin təmizliyinə, abadlığına daim diqqət yetirən şəhər rəhbərini yeni iş yerlərinin açılmasında passivlikdə nümayiş etdirdirməkdə də qınamaq olar. Bu dövr də ölkə rəhbərinin daim diqqət mərkəzində olan qeyd olunan məsələdə BŞİH-nin aktivliyi hiss edilmədi.
3. Budkaların yığışdırılması şəhər rəhbərinin müstəsna xidməti kimi qəbul etsək də, mikrorayonlarda, gözdən-könüldən uzaq olan uşaq meydançalarında, məhəllədaxili meydancalarda onlarca ticarət mərkəzlərinin, “visotka”ların tikintisinə razılğı H. Abutaılbovun rəhbərlik etdiyi qurumun verməsi də təəsüf doğurur. Bu gün paytaxtın kənar hissələrində abu-hava mərkəzdəki səviyyədə hiss edilmir. Həm təmizlik, həm abadlıq baxımından bu ərazilər sanki unudulub.
4. Ötən dövr üçün şəhər rəhbərini israfçılığa yol verməkdə də qınamaq olar. Yəni, küçə və meydanların təkrar-təkrar təmir edilməsi, mərkəzi yolların ilbəil əsaslı bərpa edilməsi və.s. Bundan əlavə, təmir işləri aparılan yollarda istifadəyə verildikdən sonra müxtəlif səpgili qazıntı işlərinin aparılması, habelə işlərin əhali üçün ən qaynar vaxtlarda icra olunması BŞİH-nin orqanları tərəfindən artıq norma kimi qəbul edilir. Nəticədə isə əziyyəti sakinlər, sürücülər və sərnişinlər çəkməli olurlar.
5. Ötən illərdə BŞİH-nin strukturuna aid olan qurumların ləğv edilməsi, bir çoxlarının ixtisar, bəzilərinin özəlləşdirliməsi və ya səlahiyyət istiqamətlərinin dəyişdirilməsi bu qurumda islahat aparılmasını zəruri edib. BŞİH-nin başçısı olaraq H. Abutalıbov bu işə öz töhvəsini prosesə təkan verməklə Bakımızın gözəlləşdirilməsinə və inkişafına ciddi təsir etmiş olar. İlk növbədə şəhər rəhbərinin Bakıda meriya strukturunun yaradılmasına paytaxt sakini olmaqla mənəvi dəstək verməsi, hətta seçkilərdə bilavasitə iştirakı elm xadiminin hörmət və nüfuzunun daha da artmasına yardım edərdi.
Beləliklə, 2001-ci ilin fevralın 1-də Prezident Adminstrasiyasinin rəhbəri, akademik Ramiz Mehdiyevin Bakı Şəhər İcra Hakimiyyətinin konfrans zalındakı təqdimatından sonra fəaliyyətə başlayan Hacıbala Abutalıbov bundan sonra vətəninə, dövlətinə sədaqətlə xidmət etməklə daha ciddi və səmərəli fəaliyyəti ilə digər icra başçılarından fərqlənə biləcək.