
Fevralın 21-də Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının təsis konfransını keçirib. Konfransda Qubad İbadoğlu hərəkatın sədri seçilib. Yeni yaranan hərəkata qoşulanlar arasında bir çox müxalifət partiyalarının üzvləri də var.
Modern.az saytı bir neçə müxalifət partiyası ilə əlaqə saxlayaraq hərəkatda təmsil olunan şəxslərin partiyadakı fəaliyyətlərinin necə tənzimlənəcəyini soruşub.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bunun proseslərin gedişindən asılı olduğunu deyib: “Əgər Müsavat Partiyasının nizamnaməsini pozacaq addımlar atacaqlarsa, o halda onlara qarşı nizamnaməyə uyğun tədbir görüləcək”.
Ümid Partiyasının sədr müavini Ramin Hacılı partiya üzvlərinin hərəkata qoşulmasının mümkünlüyünü vurğulayıb: “Partiya və ictimai hərəkat fərqli institutlardır. Partiyada təmsil olunan şəxsin ictimai institutlarda, yaxud hərəkatlarda təmsil olunmaq haqqı var. Bu qanunvericiyə uyğundur. Lakin bir nəfərin yalnız bir partiyaya üzv olmaq imkanı var. Digər partiyaya gedən öz razılığı, yaxud partiyanın qərarı ilə xaric edilməlidir. Bu anlamda bizim partiyanın hər hansı üzvünün ADR hərəkatına qoşulması mümkündür. Biz bunu həmin partiya üzvünün öz hüquqlarından istifadəsi kimi qiymətləndiririk. Buna qarşı hər hansı tədbirin görüləcəyi də gözlənilmir”.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu partiyanın hər hansı üzvünün ADR-dəki iştirakına pis baxılmadığını deyib: “Əslində KXCP-nin ADR-də elə bir üzvü iştirak etmir. Sadəcə, səyyar şöbənin sədri oradadır. Bu da bizim üçün elə ciddi problem deyil. KXCP özünün təşkilatlanma işi ilə məşğuldur. Qurultaya hazırlaşır. Yerlərdə rayon şöbələrinin qurultayları keçirilir. Hər halda, rayon şöbəmizin sədri hesab edirsə ki, fəaliyyəti ADP-dədir, biz ona nə qadağa qoyuruq, nə də buna məhdudiyyət var. Eyni zamanda, orda təmsil olunanlar KXCP-nin siyasi həyatında demək olar iştirak etmirlər. Onların hərəkata qoşulmalarına pis baxmırıq. Buyursunlar, iştirak etsinlər”.
Namidə BİNGÖL