19 noyabr 2017, Bazar
Ana Səhifə - MÜSAHİBƏ - “Azərbaycanda Bryus Li yetişdirə bilmərik”: Əlbəyaxa döyüş üzrə məşqçi - MÜSAHİBƏ
“Azərbaycanda Bryus Li yetişdirə bilmərik”: Əlbəyaxa döyüş üzrə məşqçi - MÜSAHİBƏ
09.09.2014, 11:23

"Benəlxalq İp Man Ving Çun döyüş sənəti assosiasiyasinin ölkəmizdəki rəsmi nümayəndəsi mənəm"


Sağlam bədəndə sağlam ruh olar deyiblər. Bu gün öz sağlamlığının qədrini bilən, gözəl bədən quruluşuna malik olmaq istəyənlər düzgün qidalanmaq, sağlam həyat tərzinə uyğun gündəlik məişət qrafiki ilə yanaşı,  idmanla da məşğul olurlar.

İndi biz daha çox boks, güləş, sambo, cüdo, karate və digər populyar idman növlərinin adlarını eşidir və bu sahədə qazanılan uğurlardan söz açırıq. Lakin özünün unikallığı ilə seçilən idman, əlbəyaxa döyüş növləri də var, onların mahiyyəti və insan üçün nə qədər vacib olduğundan xəbərsizik, yaxud az məlumatlıyıq. Belə döyüş növlərindən biri də mənası “payız nəğməsi”, “bahar gülü”  anlamına gələn və uzaq şərqdən-Çindən günümüzə gəlib çıxan Vinq Çun döyüş sənətidir. Fəlsəfə ilə döyüş sənəti harmoniyası olan bu idman növünün Azərbaycanda da yayıcısı var və o, şərq əlbəyaxa döyüş sənətinin incəliklərinə yiyələnən Azərbaycan Vinq Çun Döyüş Sənəti idman klubunun rəhbəri, əməkdar məşqçi Asif Sayadovdur.  Modern.az saytı onunla söhbəti təqdim edir:

- Bu gün Azərbaycanda yaydığınız  Vinq Çunun yaranma tarixinə qısa ekskursiya etməyiniz maraqlı olardı. Bu döyüş növü necə yaranıb? 

- Vinq Çun döyüş sənəti üç yüz illik bir tarixə malikdir. 1700-cü illərdə Çində döyüş sənətinin öyrədildiyi məkan olan Şaolin məbədində Ng Mui adlı bir rahibə olub. Rəvayətə görə, həmin illərdə Çinə hökmranlıq edən Mançu hökuməti tərəfindən Şaolin məbədi yandırılır və nəticədə xeyli rahib və güclü ustadlar öldürülür. Ng Mui isə məbəddən qaçır və Çinin cənubunda məskunlaşır. Rahibə Taylən dağındakı Ağ Durna məbədində gizlənir və yaşadığı həmin o hadisəni heç vaxt unuda bilməyən Ng Mui, bu məbəddə Zen təriqəti ilə məşğul olarkən eyni zamanda da Şaolin döyüş təlimi ilə də məşğul olurdu. O, burada Ving Çun döyüş növünü yaradır və onu təkmilləşdirir. Onun ilk tələbəsi isə Vinq Çun adlı qız olduğu üçün yeni yaratdığı döyüş sisteminə də bu adı seçir. Vinq Çunun terminoloji mənası isə yaxın döyüş sistemi deməkdir.

- Bu idman növü dünya arenasına necə çıxıb?

- Vinq Çun orijinal formada 1893-1972-ci illərdə yaşamış,  Bryus Linin müəllimi olan, tanınmış qrand-master  İp Manın sayəsində özünün çiçəklənmə dövrünü yaşayıb. İp Manın dövründə bu döyüş növü daha da təkmilləşir. Bryus Linin Amerikaya getməsi ilə əlaqədar olaraq Vinq Çun haqqında biliklər genişləndi. Sonralar isə yeni-yeni ustaların yetişməsi, onların nəsillərdən-nəsillərə ötürülməsi və bu günə qədər gəlib çıxması Vinq Çunu dünyada məşhurlaşdırıb.



- Adicə həvəsdən idmana başlayıb, peşəkarlıq səviyyəsinə gəlib çatana qədər  hər bir idmançı enişli-yoxuşlu məşqlər yolu qət edir.  Asif Sayadovun da bu idmanla bağlı qət etdiyi məsafələrə nəzər salmaq maraqlı olardı...

- 6 yaşımdan idmanla məşğul olmuşam. Məktəbdə oxuduğum illərdə də müxtəlif idman növləri ilə məşğul olmuşam. SSRİ zamanında döyüş növlərinə qadağalar olmaqla yanaşı, bu sahədə peşəkar müəllimlər də yox idi. Lakin müstəqilliyin ilk illərində ali məktəbə qəbul oldum və Kunq Fu idman növü ilə məşğul olmağa başladım.  Qadağalar aradan qalxsa da, Azərbaycanda mütəxəssis qıtlığı var idi. Söhbət 1994-1995-ci illərdən gedir.

- Qeyd edirsiniz ki, idman ustaları az idi. Bəs, siz necə öyrənirdiniz?

- O zaman İrandan, Tailanddan, Çindən tanınmamış ustalar Azərbaycana gəlirdilər. Nəticədə Kunq Fu haqqında biliklərimiz artmağa başladı. Mənim Namiq adında müəllimim olub. Onun ustası isə iranlı idi.  2000-ci ildən sonra xaricə çıxış imkanlarım oldu. 15-ə yaxın ölkədə seminarlara qatıldım. Kunq Funun sanda döyüşü üzrə 3 dəfə dünya çempionu oldum. Elə 2000-ci ildən sonra Ving Çun məşqlərinə start verdim. Həmin vaxtlar Kunq Fu federasiyasında işləyirdim. Bu zaman rəsmi müqavilə ilə Çinin 7-ci nəsil davamçısı sayılan Van Se Şun Azərbaycana gəlmişdi. 6 ay onun tələbəsi oldum. Daha sonralar isə “İp Man Vinq Çun” assosiasiyasına üzv olaraq 3-cü nəsil davamçı sayılan və İp Manın oğlu İp Çunun tələbəsi olan qrand-master Samuel Kvokun şəxsi tələbəsi oldum. Hazırda dərslərimi ondan alıram. O yaxın ölkələrdən birinə gələndə yanına gedirəm, gəlməyəndə isə Çinə gedirəm. Noyabrın 28-30-da Azərbaycanda beynəlxalq seminar olacaq. Samuel Kvok da Azərbaycana gələcək. Hazırda Vinq Çunun Azərbaycanda rəsmi nümayəndəsi və ölkədə bu sahə ilə bağlı ixtisaslaşan tək müəllim  mənəm. Biz hələlik klub şəklində fəaliyyət göstəririk. 

- Vinq Çun federasiyası yaratmaq istiqamətində hansı addımlar atılır və dövlət səviyyəsində bu işə dəstək verilirmi?

- Bizim bu sahədə Gənclər və İdman Nazirliyinin əməkdaşları ilə bir sıra görüşlərimiz olub. Klubumuzun ən azı 10-a yaxın məktəbi, bölməsi olmalıdır ki, klub çərçivəsindən kənara çıxaq və federasiyaya ehtiyac duyulsun. Dünyada 220-dən çox ölkədə bu döyüş sənətinin federasiyaları, assosiasiyaları, akademiyaları mövcuddur. Çox istərdik ki, Azərbaycanda Vinq Çun federasiyası yaransın. Dövlət səviyyəsində bizə dəstəklər olur, bizi hər il beynəlxalq seminarlara göndərirlər.



- Vinq Çun ilan və durna döyüşlərinin təqlidi və bu təqlid əsasında formalaşmış bir idman növüdür, stildir.  Burada fəlsəfi qatlar da dayanır, ümumiyyətlə, şərq döyüşlərində fəlsəfi çalarlar  mövcuddur. Vinq Çun və Kunq Funun fəlsəfi məzmununda nələr dayanır?

- Kunq Fu dərin bir fəlsəfəyə malikdir. Bu fəlsəfəyə baxdıqda, biz dürüstlük, vicdan, ədalət görürük. Məni Çin döyüş sənətinə bağlayan bu gözəl cəhətlərdir. Kunq Fu ilə məşğul olanlar qətiyyən öz gücünü, aciz adamlar üzərində göstərməməlidir. Məşqlərimizə başlamazdan əvvəl biz 15 dəqiqə tələbələrin psixoloji durumu ilə maraqlanırıq, onların bütün problemlərini öyrənməyə çalışırıq. Biz təkcə zalla kifayətlənmirik,  rayonlara gedirik və təbiətin qoynunda da məşqlər keçirik. Gələcəkdə bunu bir az da genişləndirmək fikrindəyik.

- Asif Sayadov olaraq Azərbaycanda Bryus Li yetişdirməyə qadirsinizmi?

- Mən döyüş sənətinə Bryus Lini görərək gəlmişəm. Bryus Li bildiklərinin yarısını bu dünyada qoyub gedib. Biz isə onun miras qoyduğu yarısını tam öyrənib bitirə bilməmişik. Biz Bryus Li kimi insan yetişdirə bilmərik. Ancaq Azərbaycanda sanda döyüşləri üzrə 15-dən çox dünya çempionları yetişdirmişəm.

- Sanda döyüşləri üzrə yarışlar olur, amma Vinq Çunun yarışlarına rast gəlinmir. Səbəbi nədir?

- Kikboksinq, boks, karate və digər döyüş növlərində bir qayda olur və bu qaydalar çərçivəsində onlar döyüş idmanı sayılır. Lakin Vinq Çunda qaydalar yoxdur və o, döyüş sənəti sayılır. Ona görə də assosiasiyalar Honq Konqda  Vinq Çunun peşəkar yarışlarını keçirirlər. Bu, iki ildən bir olur.

- Çinə tez-tez gedirsiniz və Şaolin Məbədində döyüşçülərin təlim məşq bazalarında da olmusunuz. Orda təlim keçənlərə necə əzablı məşqlər keçirildiyini biz kinolardan, sənədli filmlərdən görmüşük. Bir də istərdik güclü iradə tələb edən məşq prosesləri haqda sizdən nələrisə eşidək...

- Ən böyük arzum Şaolin Məbədində olmaq idi. 2010-cu ildə bu arzuma çatdım. Mən orada 70-dən çox ölkənin nümayəndəsinin qatıldığı böyük bir seminarda iştirak etmişəm. Orada qaldığım 21 gün ərzində 9 kiloqram arıqladım. Bu oradakı əzablı, çətin məşqlərin nəticəsi idi. Gördüklərimdən bu qənaətə gəldim ki, məşqlər həddindən artıq ağırdır. Onlar  fiziki, mənəvi, tibbi cəhətdən hazırlanırlar. Şaolin Məbədində 7 mərhələ var. Birinci mərhələ turistlər üçün nəzərdə tutulub. 2-ci mərhələdə isə əcnəbilər məşq edirlər. 3-cü mərhələdə isə dünyadan gəlmiş ustalar Çin  müəllimləri təlimlər keçir. 4-cü, 5-ci, 6-cı, 7-ci mərhələlərdə isə ancaq çinlilər özləri məşq edirlər. Onlar bildikləri texnikaların, stillərin hələ çoxunun sirlərini dünyaya açıqlamayıblar. Kunq Funun Vinq Çun qolu isə Çinin cənubunda Honq Konqda keçirilir.



- Çində keçirilən çətin məşq proseslərini  Azərbaycanda tətbiq etmək olarmı? Azərbaycan idmançıları buna hazırdırmı?

- Xeyr, dözə bilməzlər. Ömrümü idmana sərf edən biri kimi deyə bilərəm ki, özüm o məşqlərə cəmi 3 ay dözə bilərdim. Çünki onların ideologiyası, döyüş növlərinə yanaşma tərzi tamamilə başqadır. Bizdə idmanla məşğul olanlarda bir tələskənlik var və hamı tez öyrənməyə can atır.

-  Vinq Çunu öyrənmək necə, asandırmı?

- Vinq Çun döyüş sənəti öyrənilməsi çox rahat hərəkətlərdən ibarətdir. Çünki burada fiziki güc tətbiq olunmur. Lakin Vinq Çun digər döyüşlərdən fərqli olduğu üçün kənardan mürəkkəb görünür. Vinq Çun texnikaları və duruşu heç bir idmanda olmadığı üçün çətin görünə bilər. Amma effektiv və qavranılması asan döyüş sənətidir.

- Vinq Çun federasiyası yarandıqdan sonra Azərbaycanda elə də populyar olmayan bu idman növünə maraq artacağına ümid edirsinizmi?

- Azərbaycanda 7 ildir bu döyüş sənətini inkişaf etdirirəm. Əvvəllər bu idmanla maraqlananların sayı çox cüzi idi. Amma indi bunu qismən də olsa, tanıda bildik. Federasiya açılmasa belə, bu döyüş sənəti Azərbaycanda yüksək səviyyədə inkişaf edəcək. Federasiyanın açılması isə bizim üçün o deməkdir ki, dövlətin də əli bizim üzərimizdə olur. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, Azərbaycanda bir neçə müəllim Vinq Çun adı ilə məşqlərə başlayıb. Onlar bu idmana həvəsi görüb bizim gənclərimizi Vinq Çun adı ilə keçirilən və əslində Vinq Çun olmayan dərslərlə aldatmağa çalışırlar. Biz onlara rəsmi şəkildə xəbərdarlıq edirik ki, idmançıları aldatmasınlar.
Onlar bizə əhəmiyyət verməsələr və saxta yollarla yanlış təqdimat aparsalar,  biz Gənclər və İdman Nazirliyinə müraciət edəcəyik.

- Azərbaycanda özünüzə rəqib görürsünüzmü?

- 2011-ci ildə əməkdar məşqçi adını almışam. Amma bunlarla kifayətlənmək olmaz. İdmançı hər zaman özünə rəqib axtarmalıdır. Əgər o özünü əvəzolunmaz sayırsa, artıq onun sonudur. Mən özümə rəqib axtarıram, çünki hələ də idmanla məşğulam və hələ də öyrənirəm.

- Vinq Çunda insan bədəninin müəyyən nahiyələrinə elə zərbələr nəzərdə tutulub ki, bu adamı öldürə bilər. Siz insanı öldürə zərbələri də tələbələrə öyrədirsiniz?

- İnsanda 100-dən çox ölümə apara bilən nahiyələr var. Onlar çoxu qurşaqdan yuxarı nahiyələrdir. Vinq Çunda, Kunq Fuda bu həssas nöqtələri bilmək vacibdir. Biz tələbələrə bu dərsləri öyrədirik. Amma hər tələbəyə yox. Biz bir il müddətinə ancaq özünümüdafiəni öyrədirik. Öldürücü nöqtələrə zərbələri isə etapları keçib arxayın olduğumuz tələbələr öyrədirik. Biz kiməsə gücünü göstərməyəcək birilərinə bu zərbələri öyrədirik. Tələbələrə kəsici alətlərlə, soyuq silahlarla davranış qaydalarını da öyrədirik.













Aqşin Kərimov


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Aqil Ehedli
31.01.2015, 10:44

Asif Sayadov shifu gözel insan gözel pedaqoq, fexr edtiyimiz müellimimizdir. Allah sizi arzulariniza çatdirsin.

eli
12.09.2015, 11:33

kunfunun novleri haqqinda bimek isteyirem meselenwin chu ve ya vesi heyvanlarin hereketlerinden yaranmis kunfunun fergi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər