Modern.az

Heydər Əliyev Bakıdakı Türk Şəhidliyi haqda nələr demişdi?

Heydər Əliyev Bakıdakı Türk Şəhidliyi haqda nələr demişdi?

26 Oktyabr 2009, 12:26

1918-ci ildə Bakının azad olunması uğrunda döyüşlərdə şəhid olmuş türk əsgərlərinin Şəhidlər Xiyabanındakı abidəsi ətrafından Türkiyə bayraqlarınan yığışdırılması həm Azərbaycan, həm də Türkiyədə etirazla qarşılanıb. Qeyd edək ki, Bakıdakı Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə 1999-cu ildə qurulsa da, onun rəsmi açılışı 2000-ci il aprelin 9-da baş tutub. Mərasimdə prezidentlər Heydər Əliyev və Süleyman Dəmirəl də iştirak ediblər.

Modern.az “Türküstan” qəzetinə istinadən mərhum prezidentin Türk Şəhidliyi haqqında fikirlərini təqdim edir.

Heydər Əliyev 2000-ci il aprelin 10-da Türkiyə nümayəndə heyəti ilə görüşdə bu abidənin açılışı ilə bağlı demişdi:

“Dünən biz burada 1918-ci ildə şəhid olmuş türk əsgərlərinin abidəsini açdıq. O abidəni də çoxdan yaratmışdıq. Bilirəm, Türkiyədə belə bir istək var idi. Ancaq bu, indiyə qədər yerinə yetirilməmişdi. Mən isə bu barədə qərar qəbul etdim. Mən ən gözəl ərazidə yer verdim. Onlar keçmişdə elə orada torpağa veriliblər. Ona görə bu yeri ayırdım. Belə bir gözəl abidə yarandı. Amma bu abidə 1999-cü ilin əvvəlində yaranıbdır. Mən dedim ki, ancaq Süleyman Dəmirəl bura gələndə onunla birlikdə açacağıq. Keçən dəfə gələndə onun vaxtı, fürsəti olmadı. Başqa işləri var idi. Mən ona dedim. Dedi ki, gələn dəfə açarıq.

Ona görə də bu dəfə abidəni bir yerdə açdıq. Bu da böyük bir hadisədir. Yəni bu, Azərbaycan-Türkiyə əlaqələrinin qədimliyini göstərir və Türkiyənin vaxtilə Azərbaycanı erməni qırğınından xilas etməsini xatırladır.

Ümumiyyətlə, 1918-ci ildə Azərbaycanı dağıdırdılar, parçalayırdılar. Əgər bu olmasaydı, Azərbaycan ayaq üstə durmasaydı, bəlkə də bu gün Azərbaycan yox idi. Başa düşürsünüz, o vaxtlar Azərbaycanı dağıtmaq istəyirdilər".  

* * *

Prezident Heydər Əliyev 2000-ci il avqustun 15-də Türkiyə Cümhuriyyətinin qazilərini Prezident Sarayında qəbul edərkən yenə bu barədə fikirlərini bildirmişdi:

“Bilirsiniz ki, 1918-ci ildə də Azərbaycan müstəqillik əldə etdi. Amma burada ermənilər yenə də azərbaycanlılara qarşı böyük ədalətsizliklər, savaşlar edirdilər. Onda hələ Osmanlı ordusu idi. Osmanlı ordusunun böyük bir hissəsi, böyük bir korpusu Nuru Paşanın rəhbərliyi altında buraya gəldi. Onlar burada - Bakıda, Gəncədə ermənilərin törətdiyi qırğınların qarşısını aldılar, şəhid oldular. O vaxt orada şəhid olmuşdular. O vaxt da onları indi bizim şəhidlərin məzarları olan yerdə dəfn etmişdilər.

Təəssüflər ki, sonralar - sovet hakimiyyəti dövründə bu, tamamilə unudulmuşdu və bizim xalqımız da heç bilmirdi. Xalqımızın tarixində var ki, Türkiyənin Osmanlı ordusu gəlib Azərbaycanın erməni qırğınlarından xilas olunmasına yardım edibdir. Amma adamlar şəhidlərin məzarlarının, qəbirlərinin harada olduğunu bilmirdilər. Bunu biz aradıq, tapdıq. Sadiq Paşa ilə birlikdə Türkiyənin buradakı səfirliyi ilə birlikdə orada böyük bir abidə yaratdıq. Siz oranı da ziyarət etdiniz. Bunlar hamısı millətimizin qəhrəmanlarına, millətimizin şəhidlərinə göstərilən qayğımızdır, hörmətimizdir”.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı