Modern.az

Yaponiyada yaşayan azərbaycanlı: “Yapon xanımlarda əcnəbilərə qarşı bir ayrı sevgi gördüm” - MÜSAHİBƏ 

Yaponiyada yaşayan azərbaycanlı: “Yapon xanımlarda əcnəbilərə qarşı bir ayrı sevgi gördüm” - MÜSAHİBƏ 

Müsahibə

18 İyul 2016, 10:02

Moderna.az saytı Yaponiyada yaşayan həmyerlimiz, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri Əlibəy Məmmədovla müsahibəni təqdim edir.
 

- Əlibəy, əvvəlcə öz barəlumat verərdiniz?

- Yaponiyanın Hokkaydo Universitetinin siyasi elmlər üzrə doktorantı, universitetin xarici tələbələr assosasiyasının fəxri prezidenti, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının təsisçisi və sədriyəm. Təxminən 4 il yarımdır ki, Yaponiyada yaşayıb, təhsil alıram, işləyirəm.

1988-ci ildə Moskva şəhərində doğulmuşam. Bakı şəhərində böyüyüb boya-başa çatmışam. 27 yaşım var. Valideynlərim Moskva Dövlət Universitetinin Tarix fakültəsinin məzunlarıdırlar. Tarixçi ailəsində böyüməyim, mənim bir şəxsiyyət kimi formalaşmağımda müstəsna rol oynayıb.

Evimizdə hər zaman tarixçi abı-havası hökm sürüb. Evimiz tarixi şəxsiyyətlər haqqında kitablarla zəngin idi. Mənim adımın Əlibəy qoyulmasında da bir məqsəd olub.

Qeyd edim ki, Səfəvilər dövlətindən xarici ölkəyə (səhv etmirəmsə İtaliyaya) ilk dəfə ezam olunan azərbaycanlı diplomatın adı da məhz Əlibəy olmuşdur. Valideynlərim mənim gələcəkdə diplomat olacağıma inanaraq, bu adı mənə bəxş etmişlər.
1994-2000-ci illərdə Nəsimi rayonundakı 111 saylı orta məktəbdə, 2000-2005-ci illərdə Xətai rayonunda yerləşən, ölkə miqyasında sayılıb-seçilən 20 ən güclü məktəbdən biri olan, akademik Azad Mirzəcanzadə adına 147 saylı Texniki-Humanitar Liseyində təhsil almışam. Bu liseydə təhsil almaq imkanı əldə etməyim, mənim elmi səviyyəmi kifayət qədər artırıb. 2004-cu ildə tarix fənni üzrə Respublika Olimpiadasında 2-ci yerə layiq görülmüşdüm. 2005-ci ildə məktəbi bitirdikdən sonra qəbul imtahanları başladı. Mən lazımı nəticəni göstərməklə Bakı Dövlət Universitetinin Şərqşünaslıq (indiki Regionşünaslıq) fakültəsinə yapon dili və ədəbiyyatı ixtisası üzrə daxil oldum. Burada yapon dili, ədəbiyyatı, onun tarixi və mədəniyyəti, insanları, adət-ənənələri, elminin inkişafı ilə bağlı bakalavr səviyyəsində kifayət qədər məlumatlara sahib oldum. Həmin dövrdə il ərzində ölkə üzrə yalnız 8 nəfər bu ixtisasa daxil ola bilirdi. Həmin 8 xoşbəxtdən biri mən idim. Bizə Yaponiyanın Bakıdakı səfirliyi çox yardım edirdi, bizimlə yaxından maraqlanırdılar. Hər ay səfirlikdə diskussiyalar etmək şansı qazanırdıq. Azərbaycana səfər edən yaponiyalı qonaqlar tez-tez universitetimizə məruzələr etmək üçün təşrif buyururdular. Üstəlik Yaponiya hökümətindən ezam olunmuş peşəkar yapon müəllimlər bizə yapon dilinin incəliklərini öyrədirdilər.

Bütün bunlara baxmayaraq, universitetə daxil olduğum ilk 2 il ərzində heç də mükəmməl tələbə deyildim. Qiymətim əla idi, amma bir çox vacib məqamlarda qrup yoldaşlarımdan geri qalırdım. Təsadüfi deyildir ki, Yaponiyadan ezam olunmuş müəllimimiz də mənə o qədər fikir vermirdi. Daha savadlı tələbələrə diqqət ayırırdı. 16-17 yaşlarında olan bir tələbə üçün bunlar heç şübhəsiz təsirsiz ötüşməyə bilməzdi.

Mənim də özümə görə öz “səbəblərim” var idi. İlk sevgimdən ayrılmağım, ailəmizdə olan iqtisadi problemlər, valideynlərimin düşüncələrində olan anlaşılmazlıqlar və s. təhsilimə tam gücümlə diqqət cəmləşdirməyimə mane olurdu. Bunlar, ən azından həmin dövrdə öz tənbəlliyimi bir növ ört-basdır etmək, ona bəraət qazandırmaq üçün özümə qarşı uydurduğum və inanmaq istədiyim bəhanələrim idi. Özümü psixoloji cəhətdən də olduqca zəif biri hesab edirdim. Qrup yoldaşlarımdan da tez-tez “Əlibəy sənə Yaponiya, yapon dili uyğun deyil”, “özünə daha uyğun yolu seçmək vaxtıdır”, “bəlkə Tarix fakültəsinə keçəsən” kimi şərhlər də eşidirdim.

Məktəbimizdə olan ingilis dili müəlliməsi isə yapon dili və ədəbiyyatı ixtisasına qəbul olunduğumu biləndə demişdi ki, “Əlibəy heç ingiliscə doğru-dürüst danışa bilmir, o ki qaldı yaponca öyrənsin”.
Hər həftənin 4-cü günü yapon dilindən test imtahnalarımız da olurdu. Əksəriyyətini buraxırdım. Bunlar mənə çox pis təsir edirdi.

Amma belə davam edə bilməzdi. Mən hər zaman öz daxilimdə olan parlaq günəşin işıltısını hiss edirdim. İçimdə olan atəşi alovlandıracaq bir gücə, bir düşüncəyə, bir insana ehtiyacım var idi.

Həmin insanla tanışlığım isə 2007-ci ilə təsadüf etdi. Yaponiyadan Vatanabe adlı kişi müəllim ezam olundu universitetimizə. Bu şəxs ixtisasca ədəbiyyatçı olsa da, çox fəlsəfi bir insan idi. Həyat və insanlar haqqında öz fəlsəfəsi var idi. Düşüncələrində razılaşmadığım məqamlar olsa belə, ondan öyrənməli çox məsələlər var idi. Tamamilə başqa dünyada yaşayırdı sanki. Vatanabe müəllim mənə hər zaman deyərdi ki, “sən çox güclü insansan, sadəcə özünü düzgün qiymətləndirməyi bacarmırsan və öz gücünü, vaxtını düzgün idarə edə bilmirsən. İnsanlarla münasibətlərinə az fikir verirsən. Bu mənfi cəhətlərini düzəldə bilsən ardıcıl uğurlar qazanacaqsan. Öz üzərində işlə. Miqyasın əhəmiyyəti yoxdur, əsas odur ki, davamlı işləyəsən. Nəticəsini görəcəksən”.

Bu kəlmələr mənim qulağımda sırğa olmuşdu. 3-cü kursda oxuyanda artıq ilk 4 ayda qrup yoldaşlarım və müəllimlərim də mənim əziyyət çəkərək, oxumağıma şahid olurdular və bunu dilə gətirirdilər. Xüsusilə, heroqlifi gözəl bildiyimə görə dostlar arasında “Gəzən lüğət” ləqəbini qazanmışdım. 2008-ci ilin mart ayında səfirlikdə imtahan planlaşdırılırdı. İlk yeri tutacaq tələbə Yaponiyaya bir illik proqram üzrə təqaüdlə təhsil almaq imkanı əldə edəcəkdi. Çox hazırlaşmışdım və inanırdım ki, qazanacam. Amma belə olmadı. Hətta, səfirliyə müsahibəyə çağırılmış 5 nəfərin siyahısında adım belə, yox idi. Əslində belə də olmalı idi. Mən sadəcə son 1 ili ciddi şəkildə hazırlaşmışdım. Qrup yoldaşlarım isə 3 ildir ki, davamlı və sistemli şəkildə hazırlaşırdılar. Mən əzbərçiliyə meylli idim, qrup yoldaşlarım isə məğzin dərkinə. Mən sanki vitaminlərlə qidalanırdım, qrup yoldaşlarım isə təbii qidanın özüylə. Buna görə də bu nəticələr təbii idi və soyuqqanlı qəbul etmək lazım idi.

Amma çox pis təsir etmişdi mənə. Hətta təxminən 1 ay psixolji cəhətdən o qədər gərgin idim ki, universitetə dərsə də getmirdim.

Bütün bunlara baxmayaraq, 2009-cu ildə BDU-u qırmızı diplomla bitirməyə nail oldum. Amma içimdə narahaçılıq var idi və bu məni hətta yuxularımda belə, rahat buraxmırdı. Bir neçə dəfə şansımın olmasına rəğmən, Yaponiyaya təhsil almağa getmək şansını əldən vermişdim. Bunu özümə heç cür bağışlaya bilmirdim.

2009-cu ilin iyul ayında 1 il müddətinə hərbi xidmətə yola salındım. Bu bir il ərzində kifayət qədər düşündüm və hərbi hazırlıqlarım da mənim psixoloji cəhətdən sarsılmaz bir əsgər kimi yetişməyimdə əvəzsiz rol oynadı. 2010-cu ilin iyulunda manqa komandiri olaraq hərbi xidməti uğurla başa vurdum. Hətta bir neçə hərbi hissəyə müəyyən silahlardan dərs keçməyə belə,  göndərildim. Bakıya qayıtdıqdan sonra düşündüm ki, artıq uğursuzluqlar geridə qaldı. Kifayət qədər uğursuzluğum olub. Artıq davamlı, silsilə uğurlar qazanmaq zamanıdır. Yapon dilində belə bir gözəl atalar sözü var “Uğursuzluq uğurun başlanğıcıdır”. Mənim də uğursuzluqlarım, qarşıdan gələcək böyük uğurlarımın başlanğıcı idi əslində.

Öz üzərimdə kifayət qədər işlədim. Bakıda yaşayan və işləyən yaponlarla xoş münasibətlər qurdum. Səfirlikdə haqqımda kifayət qədər müsbət rəy yarandı. Səfirlik və Bakıda olan böyük Yaponiya şirkətlərindən iş təklifləri gəlməyə başladı. 2 il təxminən tərcüməçi kimi və yarı peşəkar yapon dili müəllimi kimi fəaliyyət göstərdim. Bu müddət ərzində hər zaman tanrıya dua edirdim ki, mənə yenidən şans versin.

Həmin şans 2011-ci ildə gəldi. May və iyun aylarında ard-arda iki imtahan keçirildi səfirlikdə. Mən artıq imtahandan qabaq özümü daxilən qalib hiss edirdim. Bu dəfə ki, inam hissim, güclü işin nəticələrinə söykənirdi. Hər iki imtahanda ən yüksək nəticəni göstərməklə Yaponiyaya təhsil almağa getmək şansı əldə etdim. Sevincimin həddi-hüdudu yox idi. İlk dəfə idi ki, həyatımda böyük bir uğur qazanırdım. İkinci imtahan daha vacib idi. Bunun nəticəsində müvafiq imtahanlardan keçməklə ümumilikdə 6 illik (1 il tədqiqatçı tələbə, 2 il magistratura və 3 il doktorantura pillələri üzrə) Yaponiya hökümətinin təqaüd proqramını əldə etmiş olacaqdım. Mən arzumu həyata keçirdim, bu nailiyyəti əldə edə bildim. Hesab edirəm ki, uğurumun əsasını, heç kimin mənə güvənmədiyi anlarda belə, özümə qarşı hiss etdiyim güclü inam hissi olmuşdur.

- Yaponiyanı seçməniz hansı zərurətdən irəli gəldi?

- Uşaqlıqdan daxilimdə Şərq ölkələrinə, xüsusilə Yaponiya, Çin və Koreyaya qarşı xüsusi rəğbət hissi var idi. Bu ölkələrin tarixi və mədəniyyətinə böyük marağım var idi. Xüsusilə Çin və Yaponiya mədəniyyətinin zənginliyi məni özünə məftun etmişdi. Anam Yaponiya tarixi ilə bağlı müəyyən biliklərə sahib idi və mənimlə bölüşmüşdü bildiklərini. Məktəbdə şagirdlər, universitetdə tələbələr arasında Avropa və Amerikanı seçənlər çox idi. İngilis dili daha populyar idi. Mən də ingilis dilini öyrənirdim. Çünki bilirdim ki, bu dili bilmədən beynəlxalq səviyyəli bir insan olmaq mümkün deyil. Amma tək bununla kifayətlənmək istəmirdim. Mən xüsusi rəğbət bəslədiyim Yaponiyanı, onun insanlarını öyrənmək, bu ölkəni fəth etmək arzusunda idim. Bunun üçün isə yapon dilini bilmək çox vacib idi. Bunsuz müşkül məsələ olardı. Ona görə universitetə daxil olanda “Yapon dili və ədəbiyyatı” şöbəsini seçdim. Universitetdə peşəkar səviyyədə yapon dili bacarığına yiyələndikdən sonra bu dildə elmi iş yazmaq və Yaponiyanın elm dünyasını fəth etmək fikrinə düşdüm. Bu ölkədə elm adamları çox yüksək pillədədirlər və ölkəni daxili və xarici siyasətinin formalaşmasında elm adamlarının çox mühüm əməyi və təsir gücü vardır. Bizim universitetimizdə belə siyasətçilər və biznesmenlər müntəzəm olaraq professorlardan müəyyən məsələlər üzrə məsləhətlər almağa gəlirlər və bu adi haldır. Yaponiyanın elm dünyasını fəth etməkdə məqsədim var idi. Azərbaycan haqqında müsbət rəy yaratmaq. Ölkəni onun insanları ilə tanıyırlar. Xaricdə olan hər bir insan öz ölkəsinin bir növ güzgüsüdür. İnsanlar onunla ölkə haqqında fikir formalaşdırırlar. Bunun üçün də mən hər zaman belə hesab edirəm ki, xaricdə olan hər bir azərbaycanlı özünü ölkəsinin səfiri, konsulu hiss etməli və buna uyğun hərəkət etməlidir. Öz davranışlarına fikir verməli, danışığına, davranışına böyük diqqət yetirməlidir. Ölkə haqqında bir dəfə stereotip yaranarsa sonra onu dəyişmək çox çətin olur. Onun üçün də xaricdə olan hər bir vətəndaşımız özünü ağıllı diplomat kimi aparmalıdır. Mən də elm adamı kimi özümü tanıtmaqla, ölkəmlə bağlı xoş bir rəy yaratmaq fikrində idim və bu işdə müəyyən uğurlar da əldə etdim. Yaponiyanın iqtisadi və siyasi təcrübəsini Azərbaycanda gələcəkdə tədbiq etmək istərdim. Bundan həm dövlətimiz həm də xalqımız yararlana bilər.

2011-ci ilin imtahanlarından uğurla keçdikdən sonra, Bakıdakı Yaponiya səfirliyinin qiymətləndirməsi və şəxsən səfirin xasiyyətnaməsi ilə Yaponiya universitetlərinə təhsil almaq şansın əldə etdim. 2012-ci ilin aprel ayında Yaponiyanın 5 ən məşhur və qədim imperator universitetlərindən biri olan Hokkaydo Universitetinə qəbul olundum. Ona görə bu universiteti seçdim ki, məni mövzum üzrə Yaponiyada bir nömrəli professor məhz burada işləyirdi. Həm Hokkaydonun möhtəşəm iqlimi məni özünə cəlb etmişdi. İlk 1 ildə, əsas etibarilə yapon dili bacarığımın inkişaf etdirilməsi üzərində işlədim və natiqlik qabiliyyətimi artırdım. 2013-2015-ci illərdə magistr pilləsində təhsil aldım.

2015-ci ildə Hokkaydo Universitetinin magistr pilləsini uğurla bitirdim. Elmi işimi yapon dilində “Kuril adaları problemi və ictimai rəy” mövzusunda müdafiə etdim. Bununla bağlı 28 səhifəlik elmi məqaləm bu ilin mart ayında Yaponiyanın məşhur “Sərhəd Araşdırmaları” elmi jurnalında çapdan çıxdı. 2015-ci ilin aprel ayında isə universitetin doktorantura pilləsinə ucaldım. Burada isə mövzum “Kuril adaları problemi və Dağlıq Qarabağ münaqişəsinin müqayisəli təhlili”dir. Bu mövzuda Yaponiyada və Amerikada bir neçə beynəlxalq elmi konfranslarda ingilis və yapon dillərində çıxışlarım olmuşdu. Eyni zamanda Şri-Lankada baş vermiş vətəndaş müharibəsini də müqayisəli şəkildə öyrənirəm. Regionlara da dəfələrlə səfərim olmuşdu. Bu il Şri-Lankaya da araşdırma aparmağa gedəcəm.

Əlbəttə, təbii olaraq, sual oluna bilər ki, bunlar tamamilə fərqli problemlərdir. Doğru irad kimi qəbul etmək olar bunu. Mənim elmi rəhbərimlə də bu mövzuda bir neçə dəfə elmi mübahisələrimiz olmuşdu. Həm Kuril adaları və həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təhqiqatlarda daha çox ölkə rəhbərlərinin, söz sahibi olan siyasətçilərin, Xarici İşlər Nazirliyi səviyyəsində olan danışıqların təhlillərini görürük. Əlbəttə, bunlar çox vacibdir və araşdırılmalıdır. Amma sadəcə bunlarla kifayətlənmək doğru deyildir. Bu müharibələr, problemlər nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş insanların vəziyyəti necə? Onların problemə yanaşmaları? Problemin həllini necə görmələri? Ermənilərlə birgə yaşama necə yanaşmaları? Bütün bu sualları qaldırmaq gərəkir. Problemlər nəticəsində ona qədər olan stabil həyatları məhv olmuş, iqtisadi yaşam şəraitləri tamamilə dəyişmiş, gözlərinin qarşısında görünməyən və görünən sərhədlər yaranmış və öz doğma, hüquqi yurd-yuvalarından didərgin salınmışlar. Biz hər zaman problemlə bağlı danışıqlar aparanda əsas prioritet məsələ kimi bu insanların mövqelərini qaldırmalıyıq. Məsələ öz həllini siyasi yolla tapacaqsa belə, bu regionun insanlarının düşüncə və mövqelərini özündə əks elətdirməlidir.

Sadəcə əraziləri geri qaytarmaqla və ya müqavilə imzalamaqla problemin həllinə nail olmaq olmaz. Ən əsas problemlər məhz bundan sonra başlayacaq. Bu ərazilərdə ermənilərlə, azərbaycanlılar yenidən birgə yaşamağa başlayacaqlar. Başa verə biləcək bütün çaxnaşmaları öncədən dəqiqliklə bilib, qarşısını almaq gərəkəcəkdir. Uzun bir proses olacaq amma lazımi mütəxxəssislər bu işə cəlb olunarsa, məsələnin tam həllinə inamım yüksəkdir.

- Orada yaşayan azərbaycanlı çoxdurmu və əlaqələriniz necədir?

- Yaponiyada təxminən 50 nəfərə yaxın həmyerlimiz yaşayır. Əsas etibarilə, tələbələr, səfirlik işçiləri, yerli şirkətlərdə çalışanlar və onların ailə üzvləridir. Sözün düzü, mənim üçün azərbaycanlı anlayışı sadəcə Azərbaycan pasportuna sahib olanlarla məhdudlaşmır. İran azərbaycanlılarını mən xüsusilə qeyd etmək istərdim. Onlar bizimlə Aərbaycan dilində ünsiyyət qurur və qürur hissi ilə özlərini azərbaycanlı hesab edirlər. Mən belə hesab edirəm ki,Azərbaycan dilində danışan və özünü azərbaycanlı hesab edən hər kəs bizim həmvətənimizdir. Azərbaycanlıların tarixi sırf Azərbaycan Respublikası sərhədləri ilə məhdudlaşmır. Həmyerlilərimiz tarixi əsrlər boyu bütün dünyaya yayılmışdır. Bu çox vacib məqamdır və bunu unutmaq olmaz. Burada yaşayan həmvətənlərimizin münasibətlərinin qarşılıqlı anlaşma və dostluq əsasında qurulduğunu düşünürəm.

- Yaponiyada təhsil almaq çətin deyil ki?

- “Ucuz ətin şorbası dadlı olmaz” deyib atalarımız. Əlbəttə, yapon dili asan dillərdən hesab olunmur. Amma onun da öz qaydaları vardır. Yaponiyada təhsil almaq asan deyil. Bu sırf dil çətinliyinə görə deyil. Həm də adət-ənənə, yerli qaydaların fərqliliyi, xaricilərə olan münasibət, düşdüyün mühit, ətrafında olan insanlarla əlaqədar olaraq dəyişir.

 Universitetdə əsas etibarilə siyasi mövzulu kitabları ingilis və yapon dillərində oxuyuruq. İlk zamanlar çox çətin idi. Amma zaman keçdikcə, insan uyğunlaşır. Bu da yeni bir səviyyədir. Yeni bir modeldir.

 Amma əgər bir dəfə uğur qazana bilsən, yaponların qəlbini fəth edə bilsən, ondan sonra hər bir işdə özləri insana kömək göstərirlər. Dəstək olurlar.

- Azərbaycan diasporu Yaponiyada necə fəaliyyət göstərir?

- Yaponiyada 2000-ci illərdə Azərbaycan diasporu fəaliyyət göstərib. Kifayət qədər uğurlar da qazanılıb. Amma 2010-cu ildən bu yana Yaponiyada Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı hər hansısa bir məlumata rast gəlmirik. Böyük bir boşluq var idi. Bu boşluğu aradan qaldırmaq məqsədilə 2012-ci ilin oktyabr ayında etibarən, Yaponiyada diaspora fəaliyyətinə start vermişəm.

 İlk əvvəllər sadə bir tələbə olaraq, Yaponiya məktəblərində, ictimai orqanlarında, universitetlərdə Azərbaycanla bağlı seminarlarla bu fəaliyyətə başlamışam. 2013-cü ildə Hokkaydo Universitetinin Beynəlxalq Münasibətlər bölməsinə işə götürüldüm. 1 il burada işlədim. Əsas məqsəd xarici tələbələrə xarici tələbənin nöqteyi nəzərindən yanaşmaq və onların gündəlik üzləşdikləri problemlərin həllini araşdırmaqdan ibarət idi. Burada işləməklə kifayət qədər özümü tanıtmağı bacardım. Təkcə universitetdə deyil, universitetin yerləşdiyi Sapporo şəhər ictimaiyyəti, ziyalıları, yerli biznesmenləri ilə də xoş münasibətlər qurulmasına nail oldum. Bütün bunlar nəticəsində 2014-cü ildə Hokkaydo Universitetinin Xarici Tələbələr Assosasiyası rəhbərliyinə namizədliyim irəli sürüldü və may ayının 15-də rəsmən assosasiyaya prezident seçildim. 2015-ci ilin aprel ayının 23-də yenidən bu vəzifəyə seçildim. 2016-cı ilin aprel ayından isə fəxri prezidenti olaraq fəaliyyət göstərirəm. Qeyd edim ki, universitetimizdə 1800 nəfərdən çox xarici tələbə təhsil alır. Onların içində ilk əvvəl yeganə azərbaycanlı tələbə olmağıma baxmayaraq prezident seçilməyim böyük bir hadisə kimi qələmə verilirdi.

Assosasiyaya prezident seçilməyim mənim bir çox həlledici hüquqlara yiyələnməyimə gətirib çıxartdı. Bu hüquqlarımdan istifadə etməklə, Yaponiyada olan Azərbaycan diasporu fəaliyyətim keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu. Bunun nəticəsində, təşkil etdiyimiz Beynəlxalq Mədəniyyət gecələrində, Beynəlxalq Yemək festivallarında Azərbaycan adı tez-tez işlənməyə başladı. Azərbaycanla bağlı elmi konfranslar da təşkil etdik. Hər zaman məqsədim belə tədbirlərə daha çox elm adamlarının, biznesmenlərin cəlb edilməsi olmuşdur. Çünki sırf bu adamlar ölkə siyasətinin istiqamətlərinin müəyyənləşdirilməsində aparıcı rol oynayırlar.

 Xüsusilə qeyd etmək istədiyim isə, Sapporo şəhərində hər il fevral ayında baş tutan Beynəlxalq Qar Fiqurları Festivalında iki il ard-arda Azərbaycanın təmsil olunması nail olmaq idi. Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının prezidenti olaraq bu təşəbbüslə çıxış etmişdim. Bu təklifim festivalın təşkilatçılarından olan, özündə yaponiyalı biznesmenləri cəmləşdirən “Sapporo Ohdori Lions Club” tərəfindən dəstəklənib. 2015-ci ildə Qız Qalası və qarşısında milli geyimdə olan həmvətənlərimizin qardan hazırlanmış fiqurları nümayiş etdirilib. 2016-cı ildə isə Heydər Əliyev Mərkəzi və qarşısında milli geyimli azərbaycanlıların qardan fiqurları hazırlanmışdı. 2 il ərzində yerli və xarici təxminən 5 milyon insan bu möhtəşəm festivalı izləyib. Əsas iş yerli professional şirkət tərəfindən hazırlandıqdan sonra, Sapporo ziyalıları, biznesmenlər, xarici tələbələr və məktəblilər tərəfindən son tamamlama işləri aparılıb. Burada yaponiyalı və xarici qonaqlara Azərbaycanla, onun insanları, mədəniyyəti, tarixi ilə bağlı məlumatlar verilib.

 2015-ci ilə qədəm qoyduqdan sonra fəaliyyət dairəm daha çox paytaxt Tokyoda genişlənib. Yerli internet telekanallarında canlı efirlərdə dəfələrlə iştirak edib, Konstitusiya günü, Bayraq Günü, Dirçəliş Günü, Həmrəylik Günü, 20 Yanvar hadisəsi, Xocalı soyqırımı, Dağlıq Qarabağla bağlı eyni zamanda Azərbaycan biznes mühiti mövzularında çıxışlar etmişəm. Azərbaycanın haqq səsi bir çox çevrələrə çatdırılmış, erməni terrorizmi pislənmişdir.

 2016-cı ilin İyun ayının 16-da Tokyoda, yaponiyalı biznesmenlərin dəstəyi ilə, ona qədər olan diaspor fəaliyyətimi bir adda cəmləşdirmək məqsədi ilə “Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyası”nı təsis etmişəm və hazırda sədriyəm.

Son illәr Yaponiya vә Azәrbaycan arasında ikitәrәfli münasibәtlәrin inkişafı, qarşılıqlı sәfәrlәr, kadr mübadilәsinin artması, mәdәni әlaqәlәrin sürәtli inkişafı, eyni zamanda biznes sahәsindә gözәçarpan işlәrin görülmәsi, Azәrbaycana Yaponiyanın kiçik vә orta sahibkarlarının böyük maraq göstәrmәsi Yaponiya-Azәrbaycan Әmәkdaşlıq Assosasiyasının yaradılmasına tәkan verәn әsas amillәrdәndir. Yapon iş adamları, elm xadimlәri ilә görüşlәrdә dә iki ölkә әlaqәlәrinin inkişafına dәstәk mәqsәdilә Azәrbaycan diaspora tәşkilatının yaradılmasının vacibliyi dәfәlәrlә vurğulanıb.

Yeni diaspor tәşkilatını yaratmaqda әsas mәqsәd Yaponiyada Azәrbaycanı tanıtmaq, Azәrbaycan hәqiqәtlәrini yaymaq, tariximizi, mәdәniyyәtimizi tәbliğ etmәkdir. Yeni tәşkilatın yaradılmasında dәfәlәrlә Azәrbaycanda sәfәrdә olmuş yapon iş adamları İşida Kazuyasu, Yoşinobu Kanayama, Hirokazu Taniguçi Yoşimitsu İnamoto, Şiniçi İvaki, Rie Fujivara, Marie Kanayama, Hirotsugu Morişima vә digәrilәri yaxından iştirak edib.

- Ölkələrimiz arasında oxşar və fərqli cəhətlər nədən ibarətdir?

- Mən belə hesab edirəm ki, ölkələrimiz arasında oxşar və fərqli cəhətlər çoxdur. Həm Yaponiya, həm də Azərbaycan müasirliyi aktiv şəkildə inkişaf etdirməklə bərabər, həm də mühafizəkarlıqları ilə seçilən dövlətlərdir. Təkcə Tokyo və Bakı şəhərlərinin müqayisəsini aparmaq yetərlidir. Bu iki şəhəri görmək kifayət edir ki, oxşar və fərqli cəhətlər gözlərimiz önündə canlansın. Bakı və Tokyo öz müasirlikləri ilə göz qamaşdırdıqları kimi qədimi, zəngin tarixi abidələri ilə də diqqət çəkirlər.

Mətbəxlərimiz arasında kifayət qədər fərqlər mövcuddur. Azərbaycanda daha çox yağlı və duzlu yeməklərə üstünlük verilir. Yaponiyada isə dietik tərkibli, sağlam qidalar əsas təşkil edir. Bu da onların uzunömürlü olmalarının bir sirri kimi qəbul edilə bilər.

- Yapon dostlarınız varmı?

- Yaponiyada yaşadığıma görə, təbii olaraq dostlarım arasında yaponlar daha çoxdur. Onların əksəriyyətini isə kiçik və orta sahibkarlar təşkil edir. Eyni zamanda əsasən Asiya ölkələrindən olmaqla, dünyanın əksər ölkə və regionlarından olan tələbələrlə xoş münasibətlərim vardır.

- Onlarla nə barədə müzakirə aparırısınız?

- Yaponiyalı dostlarımla daha çox Yaponiyada Azərbaycanın tanıtımı, lobbiçilik fəaliyyəti, biznes əlaqələrimizin yaradılması və inkişafı, şəhərlərimiz arasında qardaşlaşma və əməkdaşlıq layihələri haqqında müzakirələr aparır və layihələr hazırlayır, həyata keçiririk.

- Yapon xanımı əcnəbilərlə evliliyə üstünlük vermir. Siz bunu hiss etdinizmi?

- Düzünü desəm, yapon xanımlarda xaricilərə qarşı bir ayrı sevgi gördüm. Ətrafımda olan xarici vətəndaşlar arasında yapon xanımlarına üstünlük verən və onlarla ailə həyatı quranlar da kifayət qədərdir. Yaponiyalı xanımlar evləndikdən sonra evdar qadın olmağa və övlad böyütməyə meylli olduqlarından xarici vətəndaşlar arasında müsbət rəyə malikdirlər. İran azərbaycanlıları arasında yaponiyalı xanımlarla evli olanlar daha çoxdur. Son illər Yaponiyada beynəlxalq nikahların sayı da gözə çarpacaq dərəcədə artmışdır. Əlbəttə, xarici vətəndaşlar arasında sadəcə olaraq Yaponiyada qalmaq xatirinə, viza xatirinə yaponiyalı xanımlarla evlənənlər də az deyil və bu bir növ sosial problemə çevrilməkdədir. Bunun qarşını almaq məqsədilə Yaponiyada hüquqi müstəvidə müəyyən işlər görülməkdədir.

Bilirsiz, Yaponiyada sonsuzluq problemi də vardır. Cəmiyyətdə yaşlanma gedir. Yaşlı nəslin sayı artır. Əksinə, uşaqların, gənclərin sayı azdır. Əhali sayı azalmaqda davam edir. Bu da bir növ xarici nikahların sayına təsir göstərən amil ola bilər.

 

Qafar AĞAYAEV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir