Maliyyə axınları və subsidiyalar da sosial və ekoloji ehtiyaclarla uzlaşdırılmalıdır.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Parlamentarilər: Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi - hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bildirib.
UN-Habitat rəsmisinin sözlərinə görə,hazırda şəhərlərə yönələn maliyyə axınları bütün vətəndaşların maraqlarına xidmət etmir, bəzən isə hətta ayrı-seçkilik yaradır:
“Subsidiya proqramları yerli şəhər planları ilə uyğun gəlmədikdə yaşayış massivləri şəhərin kənarlarında formalaşır, bu isə urbanizasiya prosesini dayanıqsız edir”.
O həmçinin vurğulayıb ki, şəhər kənarında yaşayan aztəminatlı ailələr həm nəqliyyat xərclərinə, həm də uzun yol müddətinə görə imkanlarını itirirlər:
“Uşaqlar da bu səbəbdən bir çox fürsətlərdən məhrum olurlar. Bundan əlavə, belə infrastrukturun saxlanılması şəhərlər üçün daha baha başa gəlir və ətraf mühitə əlavə yük yaradır”.
A.Rossbax bildirib ki, bu problemlərin həlli üçün milli, regional və yerli səviyyədə qanunvericilik və tənzimləyici mexanizmlər gücləndirilməlidir.
“Yeni Şəhər Gündəliyinin (New Urban Agenda) icrasına dair aralıq qiymətləndirmə prosesi iyunun 16-17-də Nyu-York şəhərində keçiriləcək və parlament nümayəndələrinin baxışları bu prosesdə mühüm rol oynayacaq”.
UN-Habitat rəhbəri forum çərçivəsində hazırlanacaq “Bakı Fəaliyyət Çağırışı”, nazirlərin yekun sənədi və Dünya Şəhərlər Hesabatının gələcək fəaliyyət üçün əsas sənədlərdən olacağını da diqqətə çatdırıb.