Modern.az

Lahıcda şortiki kimlər qadağan edib?.. - FOTO

Lahıcda şortiki kimlər qadağan edib?.. - FOTO

24 Avqust 2016, 13:44

Sosial şəbəkələrdə Azərbaycanın istirahət məkanlarından sayılan İsmayıllı rayonunun Lahıc qəsəbəsində şortiklə gəzməyin qadağan olunduğunu göstərən yazılı müraciət müzakirələrə səbəb olub.
Qeyd edək ki, müraciət Lahıc qəsəbə icra nümayəndəsi Fikrət Haqverdili və bələdiyyə sədri Rəfiqə İsmayılova adından yayımlanıb.

Sosial şəbəkə istifadəçilərinin müzakirələrinə səbəb olan məsələ ilə bağlı Lahıc bələdiyyəsinin sədri Rövşən Əliyev Modern.az-a açıqlama verib. O bildirib ki Rəfiqə İsmayılova ondan əvvəl bələdiyyə sədri olub:

“Məndən əvvəl bəlkə də kimsə bunu edib, deyə bilmərəm. Mən sədr olduğum dövrə cavabdehəm. Hazırda Lahıcda nə belə bir müraciət var, nə də şortikə qadağa.

Mən 2015-ci ilin fevral ayından etibarən bələdiyyə sədri seçilmişəm. Məsələ ilə bağlı demək istəyirəm ki, heç kəsin qonaq gələn turistə “şortik geyinmə” deməyə ixtiyarı yoxdur. Kimin kefi necə istəyir, elə də geyinir. Məgər Lahıc xüsusi zonadır, Azərbaycanın parçası deyil?! Bəlkə biri başına şlyapa qoyacaq?!

Əgər belə bir iş görüblərsə, bu savadsızlığın əlaməti olub”.

Bələdiyyə sədri “indi Lahıcda şortiklə gəzən varmı” sualına “yox, ancaq uşaqlar geyinir. Böyük, yaşlı adam Lahıcda şortik geyinəsi deyil ki, ayıbdır axı camaatdan. Yerli camaat arasında belə şeylər yoxdur”, deyə cavab verib.


R.Əliyevə ünvanladığımız “yerli turistlərdən kimsə Lahıcda şortik geyinib gəzsə,  onu güllələyirlərmi” sualına cavabı belə oldu:


“Qətiyyən, bu nə deməkdir axı... Heç kim heç kimə heç nə etmir. Kim nə istəyir geyinsin, gəzsin, kefin çəksin. Bizdə səhərdən axşama kimi küçələr şortiklə gəzən yerli və xarici turistlərlə dolu olur. İndi onları kimsə incitməlidir? İstəyən şlyapa ilə də gəzər.

Nə qədər ki mən burda sədrəm, belə hallar ola bilməz. Məndən sonra kimsə edərsə, öz işidir”.


Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi