Modern.az

Məhəmməd Əmin Rəsulzadənin polyak xanımı Vanda - ARAŞDIRMA

Məhəmməd Əmin Rəsulzadənin polyak xanımı Vanda - ARAŞDIRMA

Reportaj

28 Yanvar 2014, 16:01

Böyük insanların həyatı iki yerə – yaşanan ömür və sirlərə bölünür. Bu həyat bir növ aysberqi xatırladır. Yəni az hissəsi görünür, çox hissəsi suyun altında qalır.
Modern.az saytı bu araşdırmasında Məhəmməd Əmin Rəsulzadənin həyatının “su altında qalmış” hissəsindən danışacaq. Onun siyasi-diplomatik, ədəbi-maarifçi fəaliyyəti bizlərə nə qədər məlum olsa da, 36 illik mühacir fəaliyyətinin qaranlıq məqamlarından da bir o qədər xəbərsizik.  Bu qara zolaqlardan biri də Rəsulzadənin Avropada mühacir olarkən yaşadığı həyat və orada birgə ömür sürdüyü qadındır...

Bu xanım kim idi?

Ötən əsrin XX illəri... Artıq Demokratik Azərbaycan Cümhuriyyəti devrilib. Bu quruluşun liderlərinin əksəriyyəti xarici ölkələrə mühacir kimi pənah aparırlar. Onlara talelərinin necə olacağı bəlli deyil. Artıq başlarında Rəsulzadə kimi lider də yoxdur. 1922-ci ildə Bakıda gizli Müsavat Partiyasının fəaliyyətinin üzə çıxması xəbəri gələndə Rəsulzadə Azərbaycadan getməyə məcbur olur. Leninqrada gedir, buradan bir qayıqla Finlandiyaya keçir. Bütün bunlara baxmayaraq, o yenidən mübarizə aparır, Azərbaycan və azərbaycançılığın təbliği ilə məşğul olur. O, yalnız 1927-cı ildə Polşaya gedəndən sonra sakit həyat tərzinə qovuşa bilir. Çünki Rəsulzadənin Türkiyədə Azərbaycanın müstəqilliyi üçün siyasi çalışmalara başlaması, "Yeni Qafqasiya", "Azəri türkü", "Odlu yurd", "Bildiriş" jurnallarını dərc etməsi Sovet İttifaqını  narahat edirdi.

Stalinin tələbinə uyğun şəkildə Atatürk Rəsulzadədən xaricə getməsini istəyir. Rəsulzadə onunla  eyni taleyi paylaşan tatar lider Ayaz İshaki ilə birlikdə Türkiyəni tərk edib, Polşaya gedir. Həmin vaxt isə Polşanın “Rəsulzadəsi” Jozef Pilsudski öz azadlıq ideyalarını gerçəkləşdirməkdə idi. Polşanın rus zadəganlarına aid olan torpaqlarında göz açan və öz ana dilində danışmaq hüququndan məhrum olan Pilsuldski ruslara qarşı patoloji nifrətlə böyümüşdü.

19 yaşında çar III Aleksandra qarşı uğursuz bir sui-qəsd səbəbi ilə tutulmuş və 5 il müddətinə Sibirə sürgün edilmişdi. O, sürgündə bir azadlıq mücahidi kimi çox şeylər öyrəndi.
Yozef sürgündən sonra Polşa Sosialist Partiyasına üzv olub və qeyri-leqal "Rabotnik" jurnalını çap edirdi.
1904-cü ildə "Bojovki" adlı bir dəstə yaradan Pilsudki bombalamalar, soyğunlar, sui-qəsdlər edərək silahlı mücadiləyə başlayır. Eyni il rus olmayan bütün xalqların müstəqilliyini və təşkilatlanmasını hədəfləyən "Prometeyin" layihəsini hazırlayır. Pilsudskinin adının çəkilməsi təsadüfi deyildi. Belə ki, Məhəmməd Əminin Polşaya gələndən sonra evləndiyi Vanda xanımım Pilsudskinin qardaşı qızı olması güman edilir. Pilsudski “Prometey” təşkilatına üzv olan qeyri-rus millətlərinin liderlərinin hamısı ilə dostluq edirdi. 1927-ci ildə Rəsulzadənin Polşaya gəlməsi də məhz, bu səbəblə əlaqələndirilir.

Bəs, Rəsulzadə ilə Vanda xanım  necə tanış oldular?

Bəzi arxiv materiallarına  istinadən vurğulanır ki, onlar kitabxanada tanış olublar. Vanda xanım ömrünün sonuna qədər Rəsulzadəyə sadiq qalıb.

Vandadan Leylaya...

Məhəmməd Əmin Rəsulzadə Polşada  daim həbs olma qorxusu altında yaşamağa məhkum  idi. Amma Vanda  xanım heç zaman onu tərk etmir. Çünki bu iki insanı birləşdirən ortaq dəyərlər çox idi. Başlıcası isə milli mücadilə və azadlıq sevgisi. Vanda xanım Polşanın rusların əsarətində olan torpaqlarında dünyaya gəlmişdi. Burada təhsil ancaq rus dilində aparılır,  ana dilində danışmağa isə imkan verilmirdi. Vanda ruslara nifrət hissi ilə böyümüşdü.

Maraqlı məqam ondan ibarətdir ki, Varşavada sonralar Vanda xanıma rus dili və ədəbiyyatını tədris etmək üçün müraciət edəndə, o, yüksək maaşa baxmayaraq, bundan imtina edib. Elə bu,  Vanda xanımın Rəsulzadə ilə nə qədər oxşar olduğunu göstərirdi. Çünki Rəsulzadə də istəsəydi, Moskvada çox rahat və hətta çoxlarının həsəd apara biləcəyi bir şəraitdə yaşayardı. Stalin bu barədə ona təminat vermişdi. Amma o rus torpağını tərk edib, az qala Avropanın yarısında Azərbaycan istiqlalı üçün mücadilə aparırdı.

Rəsulzadəni Vanda xanıma bağlayan məhz bu idi. Rəsulzadə ona Leyla adını  vermişdi. Sonradan öz xatirələrini danışan Vanda xanım  Rəsulzadənin ona “Leyli və Məcnun” poemasını oxuduğunu və bu səbəbdən Leyla adını verməsini xatırlayır.

Vanda xanımla şəxsən görüşən türkiyəli araşdırmaçı-yazar Bülənt Danışoğlu onun barəsində yazdığı “Polşalı azəri gəlini Vanda Rəsulzadə” adlı məqaləsində maraqlı xatirələri işıqlandırıb. Bu xatirələrin hamısı demək olar Məmməd Əmin Rəsulzadə barəsindədir.

Evləndikdən sonra Rəsulzadə yenidən  Türkiyəyə qayıdır. Vanda xanım da onu tərk etmir, bərabər Türkiyəyə gəlirlər.

Müəllif onu ilk dəfə 1970-ci ildə görüb: “Leyla xanımı 1970-ci illərdə tanıdım. Qızılırmak sokakda, indi Ankapol sinemasının olduğu yerdəki binanın bir zirzəmi qatında qalırdı. Həmin küçəyə köçdüyümüz gündən bəri hər gün itinin ipindən tutaraq titrək addımlarla yeridiyini görərdik. Arıq, ağbəniz, gülərüzlü, yaşlı, amma gözləri parıldayan bir qadındı. Məhəllə əsnafı ona "madam" deyə xitab edərdi. Ləhcəsindən türk olmadığı anlaşılırdı. Sonra bir gün anam onu evimzə dəvət etdi. Madamın adının Leyla olduğunu o zaman öyrəndim. Zatən, özü də bir müddət sonra adının Vandadan Leylaya dönüşməsinin hekayəsini anlatmışdı. Sevgili qocası "Leyli və Məcnun" əhvalatını danışmış və adının Leyla olmasını istəmişdi. Qocası, yəni Azərbaycan Cümhuriyyətinin qurucusu və ilk cümhur başkanı Məhəmməd Əmin Rəsulzadə...”.

Arxiv qadın

Rəsulzadə öz həyat yolunun gizli ştrixlərinin demək olar ki, hamısını Vandaya danışmışdı. Cümhuriyyətin qurulmasından tutmuş rus torpaqlarından qaçana qədər hər şeydən Vanda xanımın xəbəri var idi.  Bəzi xatirələrində o, Rəsulzadənin şəxsi arxivi kimi də çıxış edib.  Elə Leyla xanım öz xatirələrinin birində  maraqlı bir məqama toxunub:

“Rəsulzadə Moskvada yaşayarkən mədəsində yara əmələ gəlir və o, xəstəxanaya yatırılır. Stalin bu xəstəlikdən çox narahat olub. Rəsulzadə öldüyü təqdirdə bunun təbii bir ölüm olduğuna kimsəni inandıra bilməyəcəyindən və Azərbaycanda baş verə biləcək bir üsyandan qorxduğu üçün  Rəsulzadə Finlandiyada bir xəstəxanaya köçürülür. Burda Rəsulzadə ingilis agentləri ilə münasibət qurur. Ona xaricdə sürdürə biləcəyi müstəqillik mücadiləsini dəstəkləməyi və qaçmağı təklif edirlər. Və bunun qarşılığında müstəqillikdən sonra Bakı neftinin istismarında imtiyaz istəyirlər. Rəsulzadə bu bazarlıqdan çox rahatsız olmasına rəğmən şərtləri qəbul edir, bir gecə qayıqla xəstəxanadan qaçırılır”.

Vanda xanım öz xatirələrini danışarkən artıq çox yaşlaşmışdı. Təbii ki, yaddaş hər bir insanı aldada bilər.

Vandanın göz yaşları Rəsulzadəni necə xilas etdi?

1944-cü ildə Sovet ordusu artıq cəbhəni yarıb Qərb istiqamətində irəliləyirdi. Rumıniyaya yaxınlaşdıqlarını gördükdə Rəsulzadə müharibədə neytrallığını saxlayan İsveçrəyə keçmək istəyir. Lakin İsveçrə sərhəd qoşunları sərhədi keçməyə izn vermir. Bu arada amerikanlar yaxınlaşır və vəziyyətin dəyişəcəyinə güman edib hələ də gözləyən Rəsulzadə onların əlinə keçir.
Qeyd etməliyik ki, müttəfiqlər antisovet mühacirlərini ələ keçirdikdə, onları Moskvaya təhvil verirdilər. Rəsulzadəni də bu tale gözləyirdi. Lakin onu buraxırlar. Məhəmməd Əmin Rəsulzadəni xilas edən onun həyat yoldaşı, polyak Vanda xanımın göz yaşları oldu. Axıra qədər həyat yoldaşına sadiq qalan, onu böyük məhəbbətlə sevən Vanda xanım 1947-ci ildə onunla birgə Türkiyəyə gəlir və ömrünün sonuna kimi burada yaşayır.

Bir qonşunun dedikləri

Vanda xanım Ankarada yaşayarkən Bülənt Danışoğlu adında yazar onun qonşusu olur. Məhəmməd Əmin ismini eşidib Vanda xanıma tez-tez baş çəkən və hər dəfə də onun Rəsulzadə barədə xatirələrini eşidən Bülənt bəy indi çox təəssüflənir. Təəssüflənir ki, Vanda xanım indi Məhəmməd Əminin necə qəhrəman kimi tanındığını görə bilməyib. Uzun müddət tək yaşayıb. Çünki uşaqları da olmamışdı və bütün həyatını Məhəmməd Əminə qurban verən Vandanın (Leylanın ) sədaqəti Bülənt bəyi heyrətə salmışdı. O, bur barədə yazır:

“Leyla xanım Ankarada yaşayarkən universitetin coğrafiya fakültəsinin rus dili və ədəbiyyatı bölümündə dərs vermək təklifi alıb və mövcud işindən daha artıq maaş təklif olunduğu halda, dərhal rədd edib. Lakin rus dilinə düşmənçiliyi ruslara düşmənçilik demək deyildi, həyatının son günlərində bir rus qadınla dostluq edirdi.
Leyla xanımın savadlı və bacarıqlı olduğu bəlli idi. Varşavada fransız filologiyası fakültəsinin məzunu olub. Tələbəlik illərində öz dediyinə görə «inqilabçı» imiş. Şirin-şirin gülərək «hamımız inqilabçı idik» deyərdi. Bir gün Leyla xanımla küçədə rastlaşdıq. Əynimdəki kürkə işarə edərək, «biz də mujik kaskası taxardıq» dedi. Mujik kaskası taxmaqla bərabər ailəsinin ona rahat həyat verdiyi bəlli idi”.

(ardı var)

Elmin Nuri

Qeyd: Modern.az saytı yazının ikinci hissəsində Rəsulzadənin Bakıdakı ailəsinin həyat faciəsi, xanımı, doğma əmisi qızı Ümbülbanunun ölümü, övladları və s. barədə məlumat verəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir