Şəhid qəhrəmanların həyatından geriyə xatirələr, doğmalarının danışdığı əhvalatlar, bir də fotolar qalır. Bəzən həmin fotolardan biri digərlərindən fərqli olur. Ona görə yox ki, daha yaxşı çəkilib və ya hansısa xüsusi gündə lentə alınıb. Sadəcə, illər sonra məlum olur ki, o, məhz sonuncudur. Həmin insanın səsi, baxışı, onunla yaşanan günlər, deyilməyən sözlər, yarım qalan xatirələr də o son fotonun içərisindədr.
Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun son fotosu da belə fotolardandır.
Allahverdi Bağırov Qarabağ müharibəsinin ən ağır günlərində təkcə döyüş meydanında deyil, yüzlərlə insanın həyatının xilas edilməsində də fədakarlıq göstərib. Onun bu fotosunda baxışları xüsusilə diqqət çəkir.
Yorğun, amma qətiyyətli...
Modern.az saytının “Şəhiddən qalan son foto” rubrikasında bu dəfə şəhid Milli Qəhrəman Allahverdi Bağırovdan bəhs edirik. Milli Qəhrəmanın qızı Zümrüd Bağırova atasının son fotosu və onunla bağlı xatirələrini bizimlə bölüşüb.
“Atamın son şəkli bir ömrün, bir mübarizənin simvoludur. Bəzi şəkillər sadəcə bir anı deyil, bütöv bir ömrü danışır. Atamın bu son fotosu da məhz belə fotolardandır. Bu baxışlarda Vətən sevgisi, xalqına bağlılıq, qətiyyət və məsuliyyət hissi aydın görünür”.
Zümrüd xanımla atasının fotolarından danışarkən söhbətimizin bir yerində başqa bir məqam ortaya çıxdı.
Ailənin Allahverdi Bağırovla son illərindən birgə fotosu yoxdur...
Müharibə, döyüşlər, o illərin qayğıları...
Ailənin bir yerə, bir süfrə arxasına yığışıb şəkil çəkdirməsinə belə vaxt olmayıb.
Milli Qəhrəmanın qızı: “Atamla onun son illərinə aid ailə fotomuz olmadı. Müharibə şəraiti ilə bağlı buna vaxtımız, zamanımız çatmadı. Atamla yalnız mən körpə olarkən çəkilmiş ailə fotomuz var”.
İndi bu sözləri eşidəndə insan istəmsizcə həmin illəri düşünür, təsəvvürünə gətirməyə çalışır...
Bu gün telefonlarımızda bəzən bir günün onlarla şəklini saxlayırıq. Bağırovlar ailəsinin isə ailə başçısının son illərindən bir fotosu belə qalmayıb. Yoxdur.
Zümrüd xanımın atası ilə ailə şəkli onun körpəliyində lentə alınıb.
Sonra həyat dəyişib, illər ötüb...
Qarabağ müharibəsi başlayıb, Allahverdi Bağırov döyüşlərin içinə atılıb. Ailəyə ayrılan zamanın kəsiyi azalıb, müharibə həyatın bütün axarını dəyişib. İllər sonra isə həmin çəkilməyən ailə fotosunun yeri həmişə hiss olunub.
Atasının son fotosu haqqında danışarkən Zümrüd Bağırovanın baxışlara bu qədər diqqət yetirməsi bəlkə də elə bundan qaynaqlanır.
“Atam təkcə döyüş meydanında göstərdiyi igidliklə deyil, həm də insanlığı, mərdliyi və Vətəninə sonsuz sevgisi ilə xalqımızın qəlbində əbədi yer tutmuş qəhrəmanlardan biridir. Qarabağ uğrunda göstərdiyi şücaət, yüzlərlə insanın həyatını xilas etmək üçün göstərdiyi fədakarlıq onun adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı”.
...son fotoya yenidən nəzər salırıq.
Bir insanın üzündə müharibənin yorğunluğu nə qədər görünə bilərsə, o qədər hiss olunur.
Amma qızı - Zümrüd xanım üçün həmin baxışlar, yorğunluqdan daha çox şey ifadə edir.
“Bu son foto sanki bizə səssiz mesaj verir. Yorğun görünən baxışların arxasında güclü iradə, xalqına olan inam və Vətən uğrunda son nəfəsinə qədər mübarizə aparmağa hazır bir insan dayanır. Bu şəkil yalnız bir qəhrəmanın portreti deyil, həm də Azərbaycanın mübarizə ruhunun, əyilməzliyinin və qələbəyə inamının rəmzidir”.
Zümrüd xanım atasından danışanda onun qəhrəmanlığını yalnız döyüş meydanı ilə bağlamır.
Onun üçün Allahverdi Bağırovun ömrü həm də atasından qızına qalan bir həyat dərsidir:
“Atamın həyatı bizə onu öyrədir ki, əsl qəhrəmanlıq yalnız silahla döyüşmək deyil, xalqını sevmək, haqqın yanında olmaq və lazım gəldikdə Vətən uğrunda canından keçməkdir”.
İllər keçib...
Allahverdi Bağırovun adı Azərbaycanın Milli Qəhrəmanları sırasında, keçdiyi döyüş yolu isə Qarabağ tarixində yaşayır.
Amma bütün bunların yanında bir qızın atasından qalan xatirələri də var. Körpə vaxtı birlikdə çəkdirdikləri ailə fotosu, bir də atasının son şəkli...
Arada isə çəkilə bilməyən neçə-neçə ailə fotosunun yeri.
Bəlkə, bir gün vaxt olacaqdı. Müharibə bitəcəkdi, ailə yenə bir süfrə ətrafına yığışacaqdı, yeni şəkillər çəkiləcəkdi...
Olmadı.
Elə buna görə də Allahverdi Bağırovun son fotosuna yalnız bir qəhrəmanın şəkli kimi yanaşmaq olmur. O fotoda bir ailənin atası, bir qızın uşaqlıq xatirəsi, müharibənin içində keçən bir ömür də var.
Zümrüd Bağırova atasının xatirəsinin yalnız ailəsinin yaddaşında deyil, gələcək nəsillərin yaddaşında da yaşayacağına inanır:
“Atamın xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Gələcək nəsillər onun qəhrəmanlığını öyrənəcək, bu cür igid oğullarımızla qürur duyacaq və Vətən sevgisinin nə qədər müqəddəs olduğunu bir daha anlayacaqlar. Qəhrəmanlar unudulmur. Onlar Vətənin yaddaşında, xalqın qəlbində və gələcək nəsillərin qürur mənbəyi kimi əbədi yaşayırlar”.
Allahverdi Bağırovun ömrü yarımçıq qaldı, amma uğrunda mübarizə apardığı Qarabağın taleyi yarımçıq qalmadı.
O, bu günləri görmədi. İllər sonra Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi, Qarabağda Azərbaycan bayrağının dalğalandığı günlərin şahidi ola bilmədi. Amma həmin günlərə aparan yolun ən ağır səhifələrində onun da adı, mübarizəsi, izi var.
Bəlkə də, bu gün Allahverdi Bağırov haqqında danışarkən elə ailəsinin də ən böyük təsəllisi budur: onun uğrunda döyüşdüyü torpaq artıq azaddır.
Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb.
1988-ci ildə erməni təcavüzü başlayarkən Ağdamda ilk özünümüdafiə dəstələrinin formalaşmasında böyük rolu olub. Rayon ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdamda Allahverdi Bağırov qaldırıb.
1991-ci ilin oktyabrın 1-də Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradılıb.
1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor tərəfindən Naxçıvanik kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilib, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib, Pircamal kəndindəki bütün yüksəkliklər tutulub, Kətik kəndi ilə üzbəüz mövqe qurulub.
Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olub. Bu əməliyyata görə Allahverdi Bağırov "General Məhəmməd Əsədov" mükafatına layiq görülüb.
Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olub. Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv edib və 10 düşmən əsgərini əsir götürüb.
1992-ci ilin iyunun 12-də təcili iş üçün Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşüb və o həlak olub. A.Bağırov Ağdamda torpağa tapşırılıb.
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Sonradan Allahverdi Bağırov "Qızıl ulduz" medalı ilə də təltif olunub.