İnsan niyə yaranıb?
Bu sualın cavabını iyirmi ildən çoxdur axtarıram. Bəli, bu, sadə sual deyil. Filosof deyiləm, alim deyiləm. Amma fərqində olan bir insanam. Məgər heç haqqım yoxdurmu axtarmağa, soruşmağa?
İnsan niyə yaranıb?
Hər insan öz dəyərlər sistemini yaradır. Və insanın yaratdığı dəyərlər, əslində, onun yaranma, var olma səbəbinə çevrilir. Mən bunu yalnız bu günlərdə daha dərindən dərk etdim.
Bəzi insanların doğum tarixi var, amma ölüm tarixi yoxdur və heç vaxt olmayacaq.
Necə?
Atamı 10 ildir itirmişəm. Lakin bu 10 il ərzində onun dünyasını dəyişdiyi günü yadda saxlaya bilmirəm. Əvvəllər buna görə utanırdım, özümü qınayır, danlayırdım. Amma son günlərdə sanki bir sirr pərdəsi aralandı və anladım ki, bəzi insanların ölüm tarixi olmur. Hətta onların dünyasını dəyişməsindən 10 il keçsə belə.
Bəzi insanların sadəcə doğum tarixi olur.
Mənim atamın da sadəcə doğum tarixi var.
Sizə də maraqlıdır niyə?
Çünki o, özündən sonra zəngin bir dəyərlər sistemi qoyaraq dünyasını dəyişib. O, dünyaca məşhur alim deyildi, ixtiraçı deyildi. O, sadəcə ailə başçısı idi. Amma bu sosial statusu sadəcə daşımırdı — onu yaşayır, yaradır və hər gün öz davranışları ilə formalaşdırırdı.
Bu gün dünya səviyyəsində ailə dəyərləri ciddi zərbə altındadır. Bir çox gənc ailə ailənin əslində nə demək olduğunu tam dərk edə bilmədən hər şey başlamamış bitir. Hər kəs “Mən dünyaya bir dəfə gəlmişəm, yaşamaq istəyirəm və bu, mənim haqqımdır” deyə az qala qışqırır. Nəticədə isə iki ayrı həyat yaşanır, iki ayrı şəxsiyyət formalaşır. Onlar bir damın altında fiziki olaraq birləşirlər, amma mənən yox.
Onları ara-sıra birlikdə keçirdikləri tətil və ya hansısa restoranda şam yeməyi xaricində çox az şey birləşdirir.
Əslində isə iki insanı birləşdirib onları ailəyə çevirən yalnız xoş hadisələr deyil. Çətinliklər, birlikdə həlli axtarılan və tapılan problemlər, həmin problemlərin həlli prosesində bir-birinə verilən dəstək, kömək və təkan insanları birləşdirir.
Atamı mənim üçün ölümsüzləşdirən də məhz onun ailə strategiyasıdır. Bu strategiyanın nə qədər uzaqgörənliklə qurulduğunu hər keçən gün daha dərindən hiss edirəm.
Bu strategiyanın yalnız nəzəriyyə deyil, həyat təcrübəsi kimi formalaşmasında anamın sonsuz zəhmətinin və əvəzsiz xidmətlərinin xüsusi yeri var. Rəbbim ona can sağlığı versin.
Bu strateji planlar sisteminin çox güclü bir intizamı var.
Bir az yaxından tanış olaq bu sistemlə.
Ailədə altı övlad olmuşuq. Atam hər zaman tapşırırdı: “Küçədə heç nə yemək olmaz. Aldığın yeməyi evə gətir, evdə yeyərsən”.
Mənim üçün bu, sadəcə bir qadağa idi.
Sən demə, atam bu sadə məşqlə məni mənən tərbiyə edirmiş.
Əlimdə yeməli bir şey var. Almışam, çünki acam. Amma yemək olmaz.
İlk baxışda qəddarlıq kimi görünə bilər. Əslində isə bu, nəfsin tərbiyəsinin ilk mərhələlərindən biridir. Yəni ilk olaraq nəfsimizin fiziki istəklərini ram etməyi öyrənirik.
Atam demirdi ki, “yemə”. Deyirdi ki, “30 dəqiqəyə evə çatacaqsan və orada yeyəcəksən”. Və həmin 30 dəqiqə nəfsin tərbiyəsi üçün olduqca mühüm idi.
Tədricən insanın daxilində nəfsinin istəklərinə “yox” demək üçün iradə formalaşır. Və sən artıq öz zəifliklərinin qurbanına çevrilmirsən.
Sonralar gözlərin harama yönələndə sən ona da “yox” deyə bilirsən. Qulaqların, dilin, əllərin, ayaqların harama yönəlmir, çünki onları idarə etməyi öyrənmisən.
Bütün bunlar, əslində, küçədə aldığın çörəyi yemədən evə qayıtmağı gözləməklə başlayan bir iradə tərbiyəsinin nəticəsidir.
Çox arifənədir, elə deyilmi?
Mən bunu dərk edəndə heyrətdən iki-üç gün özümə gələ bilmədim. Çünki böyüdüyüm ailədə bunun kimi onlarla qayda var. İlk baxışda qəddar görünən həmin qaydaların mahiyyəti isə arif olana çox dərindir.
Mən bu mahiyyəti 40 yaşımda, yalnız indi tam anlamışam.
Atam ölümsüzdür.
Onun ölüm tarixi yoxdur və olmayacaq. Çünki əminəm ki, 50 yaşımda da başqa bir “qızıl qanun”u dərk edəcəyəm. Və hər yeni dərk etdiyim qanunla atam bir daha yaşayacaq.
O, dünyasını dəyişib.
Amma onun ölüm tarixi yoxdur və olmayacaq.
Çünki onun yaratdığı ailə strategiyası mənimlə yaşayacaq. Övladlarım da həmin sistemin dəyərləri ilə böyüyürlər.
Lalə Mövlayeva