Əslən azərbaycanlı general Abbas Qarabaği XX əsr İran tarixinin ən mübahisəli və ən ziddiyətli hərbçilərindən biri hesab olunur. O, şah Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə (1941-1979-cu illər) İran ordusunun ən yüksək pillələrinə yüksəlmiş, jandarmın baş komandanı, daxili işlər naziri və nəhayət, monarxiyanın sonuncu Baş Qərargah rəisi olmuşdu.
Abbas Qarabağı İranda dörd ulduzlu arteşbod (ordu generalı) rütbəsi daşımış sonuncu hərbçidir.
Modern.az saytı general Abbas Qarabaği haqqında araşdırmanı təqdim edir:
Abbas Qarabağinin adı 1979-cu ilin fevralında İran monarxiyasının son günündə ordunun siyasi qarşıdurmadan çəkilməsi və “bitərəflik” elan etməsi ilə birbaşa bağlıdır. Bu qərar şah rejiminin faktiki olaraq sonunu gətirən həlledici hadisələrdən biri hesab olunur.
Bir tərəfdən o, monarxiyanın sədaqətli hərbçisi kimi tanıdılsa da, digər tərəfdən ordunun "bitərəflik" bəyannaməsini imzalamaqla Pəhləvi sülaləsinin süqutunu gerçəkləşdirən və yeni rejimin hakimiyyətə gəlişinə şərait yaradan əsas fiqurlardan biri kimi yadda qalıb. Həm şah tərəfdarlarının, həm də İslam inqilabçıların sərt tənqidinə məruz qalan Abbas Qarabaği XX əsrin həqiqətləri içində hərbçi peşəkarlığı ilə siyasi xaotizmin məngənəsində sıxışmış bir liderin prototipidir.
Qarabağdan Təbrizə gedən ailənin övladı
Abbas Qarabağinin mənşəyi ilə bağlı ən diqqətçəkən məlumat onun öz xatirələrindədir.
Qarabaği yazırdı ki, onun əcdadları Azərbaycanın Qarabağ bölgəsindən Təbrizə köçüblər. Onun ifadəsinə görə, bu köç İranın Rusiya ilə apardığı müharibələrdən sonrakı dövrdə baş verib və ailə Təbrizdə məskunlaşıb. Onun özü Təbrizdəki Qarabağlılar məhəlləsində dünyaya gəlib.
Ailənin Təbrizdə məskunlaşması təsadüfi deyildi. XIX əsrin Rusiya–İran müharibələri və ardınca Azərbaycanın şimal hissəsinin Rusiya imperiyasının tərkibinə keçməsi Cənubi Qafqazdan İranın şimalına əhali axınını sürətləndirmişdi.
Abbas Qarabaği heç vaxt özünün azərbaycanlı mənşəyini gizlətməyib. Xarici mənbələrdə də onun fars dilini Azərbaycan türkcəsinə xas güclü aksentlə danışdığı qeyd edilir. 1979-cu il hadisələrini işıqlandıran İran mətbuatına əsaslanan materiallarda onun azərbaycanlı zabit olduğu xüsusi vurğulanır.
Atası tacir, qardaşları hərbçi
Qarabağinin atası Mirzə Kərim adlı tacir olub. Onun öz xatirələrindən götürülən məlumatlara görə, atası 1930-cu ildə vəfat edib. Abbas ailənin üç oğlundan biri idi.
Abbas Qarabağinin hərbi sahəyə gəlişi təsadüfi olmayıb. Onun ailəsində hərbi xidmət ciddi bir ənənəyə çevrilmişdi. Belə ki, böyük qardaşı Cavad Qarabaği İran ordusunda general-leytenant rütbəsinə qədər yüksələn hərbi olub. Digər qardaşı Rza Qarabaği də hərbçi idi və İranın şimal-qərbində, Üşnəviyyə bölgəsində kürdlərin birləşdiyi Barzani qüvvələri ilə döyüşlərdə öldürülmüşdü. Bu məlumat Abbas Qarabağinin öz xatirələrindəki bioqrafik materiallarda yer alır.

Təbrizdəki hərbi məktəbdən şahın yaxın çevrəsinə
Abbas Mirzə Kərim oğlu Qarabaği 1918-ci ildə Təbriz şəhərində dünyaya gəlib.
İbtidai təhsildən sonra Təbrizdə Rüşdiyyə məktəbinə daxil olub. Lakin 1934-cü ildə həmin məktəbdən ayrılaraq Təbriz Hərbi Məktəbinə keçib və 1936-cı ildə oranı bitirib.
Sonra Tehrandakı Zabitlər Məktəbinə daxil olub.
Bu mərhələ Abbas Qarabağinin həyatında mühüm dönüş nöqtəsi idi. Çünki onun kurs yoldaşları arasında gələcəkdə İranın təhlükəsizlik və hərbi sisteminin yüksək vəzifələrinə qalxacaq şəxslər vardı.
Ən diqqətçəkən adlardan biri isə Hüseyn Fərdust idi.
A.Qarabağnin dostluq etdiyi H.Fərdust sonralar şahın ən yaxın çevrəsində olan etibarlı şəxslərdən birinə, Şahın Mühafizə Qvardiyasının yüksək rütbəli zabitinə və SAVAK (İranın Kəşfiyyat və Milli Təhlükəsizlik Təşkilatı) sistemi ilə əlaqəli mühüm fiqura - onun rəis müavinininə çevriləcəkdi.
Abbas Qarabaği məhz hərbi məktəbdə vəliəhd Məhəmməd Rza Pəhləvinin çevrəsinə daxil edilmişdi. Bioqrafik materiallarda onun müəyyən müddət vəliəhdin xüsusi katibi kimi xidmət etdiyi də göstərilir.
Bu, onun gələcək karyerasında mühüm rol oynayan amillərdən biri idi.
1938-ci ildən ordu sıralarında

Abbas Qarabaği 1938-ci ildə leytenant rütbəsində İran ordusunda xidmətə başlayıb. O zaman Pəhləvi ordusunun yenidən qurulduğu və mərkəzləşdirildiyi dövrlər idi.
Sonrakı mərhələdə onun karyerası xüsusilə Şah Qvardiyası ilə sıx bağlandı.
1940-cı illərin əvvəllərində o, Şah Qvardiyasının təşkilatlanmasında iştirak etdi. Daha sonra Hüseyn Fərdustla birlikdə şah saraylarının mühafizəsi üçün yaradılan xüsusi qvardiyanın formalaşdırılmasında iştirak edən əsas zabitlərdən biri oldu.
Bu xidmət onun şah sarayına yaxınlığını daha da möhkəmləndirdi.
Təkcə hərbçi deyildi: hüquq təhsili aldı
Abbas Qarabağinin karyerasını fərqləndirən cəhətlərdən biri də onun yalnız hərbi təhsil ilə kifayətlənməməsidir.
O, hərbi xidmətlə yanaşı, Tehran Universitetində hüquq təhsili də alıb və hüquq üzrə bakalavr dərəcəsinə yiyələnib.
Daha sonra onu təhsilini davam etdirməsi üçün Fransaya göndəriblər.
Fransada əvvəlcə hərbi ixtisaslaşma keçib, daha sonra Parisdə hüquq təhsili alıb. İran mənbələri Abbas Qarabağinin 1953-cü ildə Paris Universitetində hüquq üzrə doktorluq dərəcəsi aldığını bildirir. Bundan əlavə, o, Fransanın hərbi təhsil müəssisələrində yüksək səviyyəli qərargah və müharibə kurslarında oxuyub.
Bu təhsil onun gələcəkdə həm hərbi, həm də inzibati və siyasi vəzifələrə yüksəlməsinə imkan verdi.
Sürətli yüksəliş: diviziya komandirliyindən Baş Qərargah rəisliyinə
Abbas Qarabağinin karyerası 1950–1970-ci illərdə xüsusilə sürətlə inkişaf etdi.
O, müxtəlif qərargah və əməliyyat strukturlarında çalışdı, hərbi təhsil müəssisələrində rəhbər vəzifələr tutdu, piyada və mühafizə diviziyalarının komandiri oldu.
1960-cı illərin ortalarından etibarən o artıq İran ordusunun ən yüksək səviyyəli komandirlərindən biri idi.
1968-ci ildə Abbas Qarabaği Quru Qoşunlarının Baş Qərargah rəisi oldu və 1972-ci ilə qədər bu vəzifədə qaldı. Həmin dövrdə o, general-leytenant rütbəsinə yüksəldi.
Lakin 70-ci illərin əvvəllərində azərbaycanlı generalın karyerasında ciddi konflikt də yarandı.

Komandanla qarşıdurma və müvəqqəti geriləmə
Qarabağinin karyerasında maraqlı epizod onun Quru Qoşunlarının o zamankı komandanı Qulaməli Oveysi ilə münasibətləridir.
1972–1973-cü illərdə iki general arasında fikir ayrılığı yarandı. Nəticədə Abbas Qarabaği Quru Qoşunları komandanının müavini vəzifəsindən uzaqlaşdırılaraq Kermanşahda Qərb Korpusunun komandanı təyin edildi. Daha sonra isə müəyyən müddət hərbi xidmətdən kənarlaşdırıldı.
Onun hərbi karyerasının tamamilə məhv olmasının qarşısını isə yenə köhnə əlaqələri aldı. İran mənbələrindəki məlumatlara görə, məhz Hüseyn Fərdustun (Məhəmməd Rza Pəhləvinin yaxın dostu və etibarlı sirdaşı, Şahın Xüsusi Kəşfiyyat İdarəsinin rəisi) müdaxiləsi general Abbas Qarabağinin yenidən hərbi sistemə qayıtmasında mühüm rol oynadı.
Bu hadisə Qarabağinin xarakteri barədə də müəyyən təsəvvür yaradır: o, yalnız hərbi istedadı ilə deyil, saray və yüksək rütbəli hərbçilər arasındakı şəxsi əlaqələri ilə də sistemin daxilində mövqeyini qoruyurdu.
Jandarmın baş komandanı
1974-cü ildə Abbas Qarabaği İranın Jandarm Baş Komandanı təyin edildi.
Bu, çox mühüm vəzifə idi.
Çünki İran jandarmı yalnız adi polis qüvvəsi deyildi. Bu qüvvələr Ölkənin şəhərlərdən kənar ərazilərində təhlükəsizliyin təmin edilməsində, sərhədlərin qorunmasında və siyasi sabitliyin saxlanılmasında mühüm rol oynayırdı.
1975-ci ildə ona İran ordusunun ən yüksək rütbələrindən biri olan arteşbod - ordu generalı rütbəsi verildi.
Beləliklə, 1970-ci illərin ortalarında Qarabaği artıq İranın ən güclü hərbi fiqurlarından biri idi.
General Abbas Qarabaği İranın Jandarm Baş Komandanı vəzifəsində 1978-ci ilə qədər qaldı.
Qarabağinin nüfuzu: şahın yaxın adamı, yoxsa...
Yuxarıda qeyd etdiyimiz kimi, İran mənbələri Abbas Qarabağini mübahisəli general kimi xarakterizə edirlər. Onun İran hakimiyyətindəki nüfuzu barədə mənbələr tam eyni fikir söyləmir.
Bir tərəfdən, o, şahın yaxın çevrəsinə daxil olan və uzun illər saraya xidmət etmiş general idi.
Digər tərəfdən, bəzi mənbələr onun başqa generallar kimi saraya kor-koranə bağlı olmadığını, daha çox inzibati və siyasi manevr qabiliyyətinə malik zabit olduğunu qeyd edir.
Təsadüfi deyil ki, 1979-cu il inqilabından əvvəl yayılan ABŞ diplomatik və kəşfiyyat materiallarında Qarabaği İranın ən yüksək səviyyəli hərbi fiqurlarından biri kimi təsvir edilirdi.
1979-cu ilin yanvarında “Washington Post” onu İranın “ən yüksək hərbi vəzifəli şəxsi” kimi təqdim edib. Qəzet Qarabağinin ordunun konstitusion hökuməti - yəni sonuncu baş naziri Şapur Bəxtiyar hökumətini - dəstəkləyəcəyinə dair bəyanat verdiyini yazırdı.
Bu fakt Qarabağinin həmin günlərdə nə qədər böyük siyasi və hərbi çəkiyə malik olduğunu göstərir.
1978-ci il: general siyasətə daxil olur

1978-ci ildə İranda siyasi böhranı artıq idarəolunmaz həddə çatmışdı.
Etirazlar genişlənir, tətillər ölkənin iqtisadi həyatını iflic edir, SAVAK-a (İranın Kəşfiyyat və Milli Təhlükəsizlik Təşkilatı) və şah rejiminə qarşı narazılıq artırdı.
Bu mərhələdə general Abbas Qarabaği artıq yalnız hərbçi kimi deyil, siyasi idarəetmədə də istifadə edilən fiqura çevrildi.
1978-ci ilin yayında o, İranın Jandarm Baş Komandanı vəzifəsindən azad edilərək, daxili işlər naziri təyin edildi.
O, əvvəlcə baş nazirlər Cəfər Şərif-İmaminin hökumətində (1978), daha sonra general Qulam Rza Əzhərinin hərbi hökumətində (1978) bu vəzifəni tutdu.
Bu dövrdə daxili işlər naziri kimi A.Qarabağinin qarşısında iki vəzifə vardı:
- ölkədə ictimai-siyasi asayişi qorumaq;
- şah rejiminin dağılmasının qarşısını almaq.
Lakin hadisələrin inkişafı göstərdi ki, artıq yalnız repressiv tədbirlərlə vəziyyəti sabitləşdirmək mümkün deyil.
General Qarabaği ordunun başına keçir
1978-ci ilin noyabrından dekabrına qədər hərbi hökumətə rəhbərlik edən İran ordusunun generalı və ölkənin 39-cu baş naziri Qulam Rza Əzhəri siyasi böhranı dayandıra bilmədi.
1979-cu il yanvarın əvvəlində Şapur Bəxtiyar İranın 40-cı baş naziri oldu.
General Abbas Qarabaği isə 1979-cu ilin yanvarında şah Məhəmməd Rza Pəhləvi tərəfindən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - faktiki ordunun baş komandanı təyin edildi.
Bu təyinat İranda ən üst səviyyəyə yüksəlmiş bir Azərbaycan türkünün hərbi karyerasının zirvəsi idi.
Artıq o, şah ordusunun bütün əsas hərbi strukturlarının koordinasiyasına cavabdeh olan ən yüksək rütbəli zabit idi.
Abbas Qarabağinin İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə gətirilməsi o dövrə təsadüf edirdi ki, ölkədə siyasi böhran artık pik səviyyəyə çatmışdı. Hakimiyyət uğrunda iki siyasi mərkəz yaranmışdı: Şaha sadiq olan Şapur Bəxtiyar hökuməti və müxalif Xomeyni hərəkatı.
Abbas Qarabaği bu iki qüvvənin arasında qalmışdı.
22 yanvar: Qarabaği hələ monarxiyanı müdafiə edirdi
Bir çox xarici ekspertlər bildirilər ki, A.Qarabağinin sonrakı taleyini yalnız 11 fevral hadisəsindən (şahın devrilməsi) çıxış edərək qiymətləndirmək düzgün olmaz.
Çünki yanvarın 22-də o, komandan olaraq açıq şəkildə bildirmişdi ki, İran silahlı qüvvələri konstitusion hökuməti dəstəkləyəcək.
“Washington Post” həmin vaxt onun açıqlamasını Şapur Bəxtiyar hökumətinə dəstək kimi qiymətləndirirdi. Eyni zamanda general Qarabaği hərbçilərin çevriliş etməyəcəyini də vurğulamışdı.
Lakin az sonra hadisələr çox sürətlə dəyişdi və genral A.Qarabaği başqa cür addım atmağa məcbur oldu.
Huyser faktoru
1979-cu ilin yanvarında ABŞ generalı Robert Huyser Tehrana gəlmişdi.
Onun missiyası sonradan İran inqilabı ilə bağlı ən çox müzakirə edilən məsələlərdən birinə çevrildi.
Huyser İranın yüksək rütbəli generalları ilə görüşərək onları hərbi çevrilişdən çəkindirməyə və siyasi keçidi idarə etməyə çalışırdı.
Qarabaği Huyserlə birbaşa əlaqədə olan əsas generallardan biri idi. ABŞ mətbuatı 1979-cu ilin yanvarında yazırdı ki, Abbas Qarabaği general Huyserin nümayəndəsi ilə baş nazir Şapur Bəxtiyar və Xomeyni hərəkatının inqilabçıları arasında danışıqlarda mühüm rol oynayır.
Lakin burada bir şeyi qeyd etmək lazımdır: mənbələrdə Qarabağinin ABŞ-la Xomeyninin hakimiyyətə gəlməsini əvvəlcədən razılaşdırdığı barədə heç bir sübut yoxdur.
Şah Məhəmməd Rza Pəhləvi sonradan belə hesab edirdi ki, Qarabaği Huyserlə Xomeyninin nümayəndəsi Mehdi Bazərqan arasında əlaqələrin qurulmasında iştirak edib və ordunun prosesə müdaxilə etməməsinə təsir göstərib.
Təbii ki, bu şahın mövqeyidir və ciddi mübahisə doğuran iddiadır.
Abbas Qarabağinin həyatının ən mühüm qərarı
Nəhayət, 11 fevral 1979-cu il…
Tehranda hərbi hissələr arasında parçalanma artıq açıq şəkildə görünürdü.
Hərbi qüvvələrin bir hissəsi hökumətə, digər hissəsi inqilabçılara bağlı idi. Hava qüvvələrinin bir qrup texniki heyətinin Xomeyniyə sədaqət nümayiş etdirməsi və ardınca silahlı qarşıdurmalar ordunun daxilindəki böhranı daha da dərinləşdirmişdi.
Həmin günlərdə Abbas Qarabaği yüksək hərbi komandanlığı toplantıya çağırır. Toplantıda əsas məsələ belə idi:
Ordu hökumətin tərəfində mübarizəni davam etdirməlidir, yoxsa prosesdən çəkilməlidir?
Nəticədə 22 yüksək rütbəli hərbçinin iştirakı ilə keçirilən toplantının sonunda general Qarabaği ordunu “bitərəf” elan edir.
Bu qərarın mahiyyəti hökuməti və ya monarxiyanı müdafiə etməkdən imtina etmək idi.
ABŞ mətbuatı həmin gün bunu monarxiyanın sonu kimi qiymətləndirmişdi. “Washington Post” yazırdı ki, yüksək rütbəli hərbi komandirlərin hökumətə dəstəyi dayandırmasından sonra şah rejimi faktiki olaraq süqut etdi.
Bu səbəbdən İran tarixşünaslığında belə bir fikir formalaşıb:
General Abbas Qarabağinin ordunu “bitərəf” elan etməsi İran monarxiyasının sonuncu dayağını da aradan qaldırdı.

Qarabaği şahı satmışdı?
Xarici analitiklər yazırlar ki, bu suala bir cümlə ilə cavab vermək mümkün deyil.
Qarabağinin ən sərt tənqidçiləri onu “şahı satan general” hesab edirlər.
Xüsusilə şah tərəfdarlarının xatirələrində Abbas Qarabaği ordunun gücündən istifadə etməyərək monarxiyanın müdafiəsini dayandırmaqda ittiham edilir.
Lakin Qarabağinin öz izahı tamamilə fərqli idi.
O, sonralar yazırdı ki, ordunun şəhərlərdə siyasi qarşıdurmaya cəlb edilməsi artıq kütləvi qan tökülməsinə gətirib çıxara bilərdi.
Onun məntiqi belə idi:
- Ordu döyüşsəydi, vətəndaş müharibəsi başlaya bilərdi.
- Ordu bitərəf qalsa, siyasi hakimiyyətin dinc keçidi mümkün olardı.
Abbas Qarabaği xatirələrində özünü şaha xəyanət etmiş general deyil, qarşıdurmanın daha da böyüməsinin və çoxlu qan tökülməsinin qarşısını alan hərbçi kimi təqdim edib.
O, 1983-cü ildə yazdığı “İran böhranı haqqında həqiqətlər” adlı kitabında məhz bu mövqeyi müdafiə edirdi.
Bəzi tarixçilər bildirirlər ki, Qarabağinin özünü müdafiəsi zəif arqumentə əsaslanır.
Yəni onun qərarı nə qədər humanitar motivlərlə izah edilsə də, siyasi nəticəsi çox aydın idi: Pəhləvi monarxiyasının süqutu.
Amma bir çox ekspertlər Qarabağinin İran tarixindəki rolunu yalnız “şah tərəfdarı” və ya “inqilab tərəfdarı” kimi təqdim etməyi düzgün saymırlar. Onların arqumentinə görə, A.Qarabaği daha çox son ana qədər şah rejimi daxilində qalmış, lakin sistemin artıq hərbi yolla xilas edilə bilməyəcəyinə qərar vermiş yüksək səviyyəli hərbçi kimi görünür.

Xomeyni onu niyə edam etmədi?
Abbas Qarabağinin bioqrafiyasının ən müəmmalı hissələrindən biri də budur.
İslam İnqilabından sonra Pəhləvi rejiminin çoxsaylı yüksək rütbəli generalları həbs edildi və edam olundu.
Lakin Abbas Qarabaği uzun müddət həbs edilmədən qaldı və nəhayət İrandan qaça bildi. Onun inqilabdan sonra sağ qalması maraqlı faktdır.
Bəzi ekspertlər deyirlər ki, Qarabağinin sağ qalması çox ciddi sual doğurur: niyə şahın sonuncu Baş Qərargah rəisi edam edilmədi?
Bu sualın qəti cavabı yoxdur.
Bəzi ekspertlər izah edirlər ki, bu onun 11 fevralda ordunun bitərəfliyini təmin etməsi ilə bağlıdır.
Başqa sözlə, iddia edilir ki, Qarabağinin qərarı yeni hakimiyyətin Tehranı silahlı hərbi müqavimət olmadan ələ keçirməsinə kömək etmişdi.
Bəzi mənbələrdə hətta onun Xomeyni tərəfi ilə əlaqələrinin olduğu da iddia edilir. Lakin bu iddiaların bir hissəsi sonrakı siyasi polemikalardan qaynaqlandığından onları təsdiqlənmiş fakt kimi qəbul etmək düzgün olmaz.
14 ay gizləndi
İranda İslam inqilabı qalib gəldikdən sonra Abbas Qarabaği bir müddət Tehranda gizləndi.
İran mənbələrində onun 14 ay müxtəlif yerlərdə gizlənərək yaşadığı, daha sonra saxta pasportla Mehrabad hava limanından ölkəni tərk etdiyi bildirilir.
Beləliklə, bir vaxtlar İranın ən güclü generallarından biri olan Abbas Qarabaği ölkədən gizli şəkildə çıxmağa məcbur oldu.
Onun sonunxu ünvanı Fransa idi.
Paris: sürgündəki sakit həyat və ailə üzvləri
Qarabaği həyatının sonrakı hissəsini Parisdə keçirdi.
O, 2000-ci il oktyabrın 13-də Parisdə xərçəng xəstəliyindən vəfat edib. Başdaşındakı yazıdan onun 82 yaşında dünyasını dəyişdiyi görünür.

Qarabaği Parisdəki məşhur Per-Laşez qəbiristanlığında dəfn olunub.
Qəbir daşında onun İran ordusunun generalı və Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı – “Fəxri Legion ordeni”nin (“Legion d'Honneur”) Böyük Zabiti olduğu qeyd edilir.
Bəs onun ailəsi və övladları kimlər idi?
Bununla bağlı internet resurslarında məlumat olduqca azdır. Lakin ortada çox qiymətli bir mənbə var: 2000-ci ilin oktyabrında Fransanın “Le Monde” qəzetində Qarabağinin ölümü ilə bağlı dərc olunmuş nekroloq.
Həmin nekroloqda Abbas Qarabağinin ailəsini konkret adlarla göstərilib:
həyat yoldaşı - Raxşanda Qarabaği (1931–2017);
qızları - Minu Qarabaği-Beçur; Ninu Qarabaği, Mitra Qarabaği-Dilmağani.
Nekroloq yayımlandığı vaxt ailənin bir nəvəsinin adı da qeyd olunub – Kiaraş Béçur.
Orada həmçinin qızlardan ikisinin həyat yoldaşları kimi Rauf Beçur və Hörmüz Dilmağaninin adları da göstərilir.
Bu, Qarabağinin ən azı üç qız övladının olduğunu təsdiqləyən ciddi arxiv sübutudur.
Abbas Qarabağinin övladlarının hazırda harada yaşaması və ictimai fəaliyyəti barədə geniş məlumat yoxdur, çünki onun ailə üzvləri əsasən ictimai-siyasi şəxslər deyillər və bu səbəbdən açıq mənbələrdə başqa məlumatlar tapmaq olmur.
Qarabağinin Fransadakı xüsusi statusu və iki kitabı
Maraqlı məqam budur ki, Qarabaği Fransada sıradan sürgün edilmiş keçmiş general kimi yaşamayıb.
O, Fransa dövlətinin yüksək səviyyəli “Fəxri Legion ordeni” Böyük Zabiti idi. Pèr-Laşaez qəbiristanlığının arxivində də onun bu statusu qeyd olunur.
Abbas Qarabağinin tarixçilər üçün ən qiymətli miraslarından biri onun yazdığı xatirələrdir.
1983-cü ildə yazdığı “İran böhranı haqqında həqiqətlər” adlı kitab onun 1978–1979-cu illərdə baş verən hadisələrə öz baxışıdır.
Kitabın ən mühüm xüsusiyyəti odur ki, Qarabaği burada şahın devrilməsini, ordu daxilindəki parçalanmanı, yüksək rütbəli generallar arasındakı fikir ayrılıqlarını, sonuncu baş nazir Şapur Bəxtiyar hökumətinin mövqeyini, Xomeyni hərəkatının nümayəndələri ilə danışıqları, ordunun bitərəfliyini öz mövqeyindən izah edir.
O, xüsusilə şah rejiminin sonuncu baş nazir Şapur Bəxtiyarı monarxiyanın süqutunda ciddi məsuliyyət daşıyan şəxslərdən biri kimi göstərir.
1999-cu ildə yazdığı “Nə oldu ki, belə oldu?” adlanan ikinci kitabında Qarabaği 1979-cu ilin hadisələrinə daha geniş prizmadan baxmağa çalışıb.
Bu iki əsər ona görə xüsusilə qiymətlidir ki, söhbət hadisələrin içində olmuş, həmin dövrdə ordunun ən yüksək pilləsində dayanmış bir şəxsin xatirələrindən gedir.

Amma tarixçilər qeyd edirlər ki, Qarabağinin xatirələri də digər memuarlar kimi müəllifin şəxsi mövqeyidir və tam gerçəkliyi əks etdirməyə bilər.
Abbas Qarabaği İran Pəhləvi dövlətinin hərbi-bürokratik elitasının ən üst qatına qədər yüksəlmiş peşəkar zabit idi. Onun adı 11 fevral 1979-cu il hadisəsi ilə birbaşa bağlıdır. Bu tarixdə İran ordusu siyasi qarşıdurmada bitərəfliyini elan etdi. Nəticədə Pəhləvi monarxiyası faktiki olaraq süqut etdi.
Bu səbəbdən Qarabaği haqqında iki tamamilə əks qiymətləndirmə mövcuddur.
Şah tərəfdarlarının baxışına görə, o, “Pəhləvi rejiminin ən yüksək rütbəli generalı idi, lakin son anda monarxiyanı müdafiə etmədi”.
Qarabağinin öz baxışına görə, “Ordu artıq ölkəni xilas edə bilməzdi; bitərəflik daha böyük vətəndaş müharibəsinin qarşısını aldı”.
Abbas Qarabağinin bioqrafiyasını maraqlı edən əsas paradoks məhz budur: şahın sadiq generalının rəhbərlik etdiyi ordu monarxiyanın müdafiəsindən çəkildi.
Bununla da onun şəxsi karyerasının zirvəsi Pəhləvi dövlətinin siyasi süqutunun kulminasiya nöqtəsinə çevrildi.
Ə.Qafarlı