"Səhər 45 dəqiqə danışdıq. Bir-iki saat sonra şəhid oldu..."
Modern.az saytının “Şəhiddən qalan son foto” rubrikası davam edir. Budəfəki təqdimatımız Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olan Rəfail Əhmədağa oğlu İşiyevin əziz xatirəsinə həsr olunur.
Şəhidin xanımı Sevda İşiyeva həyat yoldaşının şəhadətindən əvvəl çəkilmiş son fotosuna baxarkən ilk ağlına gələn xatirələri bizimlə bölüşüb.
“Düzünü desəm, o günləri xatırlamaq mənim üçün çox çətindir.
Yoldaşım işlədiyi illər ərzində harada xidmət edirdisə, biz də onunla birlikdə orada yaşayırdıq. Əsasən sərhəd bölgələrində olmuşuq. 44 günlük Vətən müharibəsi başlamazdan əvvəl ondan yalnız bir xahişim olmuşdu. Demişdim ki, nə olur-olsun, imkan düşən kimi mənə səsini eşitdirsin. Tək istəyim o idi ki, bilim sağdır.
Döyüşlər zamanı yoldaşım iki dəfə ağır yaralandı. Hər ikisində hospitalda müalicə olundu. Amma buna baxmayaraq, üçüncü dəfə yenidən döyüşlərə qatıldı. Noyabrın 1-də Xocavənd istiqamətinə yollandı.
Noyabrın 2-də orada bayraq sancdı. Halbuki bu, onun xidməti vəzifəsi deyildi. Yoldaşım həm sürücü, həm də mexanik idi. Amma ürəyində elə böyük Vətən eşqi vardı ki, həmişə ön cəbhəyə can atırdı. Bayrağı hər şeydən üstün tuturdu".
Xocavənddə ilk bayraq sancanlardan biri oldu...

2 noyabr 2020-ci il, Rəfail İşiyev döyüş yoldaşları ilə birlikdə
"Bu şəkil də həmin günə aiddir. Gündüz bayraq sancmışdı, bu isə noyabrın 2-dən 3-nə keçən gecə çəkdirdiyi şəkildir.
Həmin gecə mənə səhərə qədər ara-sıra, iki-üç saatdan bir zəng edirdi. Hər dəfə eyni sözləri deyirdi: “Yaxşıyam, hər şey yaxşı olacaq. Uşaqlardan muğayat ol, özündən muğayat ol”.
Əslində, yoldaşım çox danışan insan deyildi. Ona görə də təəccüblənirdim ki, gecənin o vaxtı mənə tez-tez zəng edir, uzun-uzadı danışır.
Uşaqları mənə tapşırarkən dedi ki, “Onları məşğələlərdən geri qoyma, qoy davam etsinlər”. Sonra əlavə etdi: “Gələcəyəm, səni həkimə aparacağam. Özüm də müayinədən keçəcəyəm”. Çünki yaralı halda yenidən döyüşə qayıtmışdı və bədəni çox ağrıyırdı”.
Şəhid xanımı deyir ki, hər dəfə onun bu son fotosuna baxanda ilk növbədə həmin gecə ona dediyi sözlər yadına düşür:
“Heç hiss etdirmədi ki, çox çətin vəziyyətdədirlər. Halbuki sonradan bildim ki, bu şəkli çəkdirdikləri ərazidən çıxmaq demək olar ki, mümkün deyilmiş. Onlar da bunu bilirdilər. Nə olacağını az-çox təsəvvür edirdilər. Amma yenə də ümidlərini itirmirdilər. Deyirdilər ki, “Allahın işidir. Ya sağ çıxarıq, ya da şəhid olarıq”.
….səhər açıldı. Saat 07:30 radələri olardı, yenə mənə zəng vurdu. Təxminən 45 dəqiqə zənglə danışdıq. Mən yenə də təəccüblənirdim. Düşünürdüm ki, necə olur, döyüş şəraitində mənə bu qədər vaxt ayıra bilir. Çünki adi vaxtlarda çox danışan biri deyildi.
Biz sağollaşdıqdan təxminən bir-iki saat sonra şəhid olmuşdu".
Müsahibimizin sözlərinə görə, uzun müddət həyat yoldaşının şəhid olduğunu qəbullana bilməyib:
“Uzun müddət onun şəhid olduğunu qəbul edə bilmədim. Çünki mənimlə danışmışdı, mənə ümid vermişdi. Elə bilirdim ki, mütləq evə qayıdacaq.
O vaxt Beyləqanda, sərhəd bölgəsində yaşayırdıq. Heç cür inana bilmirdim.
Kirayədə qaldığımız evi düz 5 ay təhvil vermədim. Düşünürdüm ki, birdən qayıdar, deyər ki, “Evi niyə özbaşına təhvil vermisən?”
Axırda böyüklərin təkidi ilə 5 aydan sonra evi təhvil verdim. Amma o zaman da ürəyimdə eyni fikir vardı. Düşünürdüm ki, birdən gəlib deyər: “Sən niyə özbaşına evi təhvil vermisən? Axı mən sağam”.
Uzun müddət beləcə düşüncələrlə yaşadım. İnsan yaşadıqca, hər şeyə alışır. Bəlkə də tam qəbullanmır, amma zaman keçdikcə, yaşamağı öyrənir. Bu şəkilə hər dəfə baxanda da yalnız həmin gecə, həmin söhbətlər və o xatirələr gözümün önündə canlanır.
Yoldaşım çox ailəcanlı, uşaqlarına hədsiz bağlı bir ata idi. Həmişə onun atalığına heyranlıqla baxırdım.
Ağır və yorucu işdən gəlməsinə baxmayaraq, uşaqları ilə vaxt keçirmədən heç vaxt dincəlməzdi. Onun üçün ən böyük istirahət uşaqları ilə birlikdə olmaq idi. Nə qədər yorğun olsa da, onlarla oynayar, vaxt keçirərdi. Mən bəzən uşaqlara deyirdim ki, “atanız yorğundur”. O isə dərhal deyirdi: “Dəymə uşaqlara, qoy oynasınlar”.
Hətta bəzən deyirdi ki, “Vaxt tapsaydım, bu iki oğlanı götürüb kişi kimi bir yerdə çay içərdim”.
Çox qayğıkeş ata idi.
Mən həmişə deyirəm ki, təkcə həyat yoldaşımı itirmədim. Mən bir dost, bir sirdaş itirdim. O mənə hər zaman dost oldu, dəstək oldu, dayaq oldu. Həqiqətən də əsl dostun necə olduğunu onun timsalında gördüm. Həyat yoldaşı hər kəs ola bilər, amma hər həyat yoldaşı insanın əsl dostu, sirdaşı ola bilmir.
Allah bütün yaxşı insanları qorusun. Bu dünyadan köçənlərə Allah rəhmət eləsin. Şəhidlərin yeri, məqamı tamam başqadır. Şəhidlərin, Rəfailin cənnətdə olduğuna bütün qəlbimlə inanıram.
Qəbrləri nurla dolsun”.
Rəfail Əhmədağa oğlu İşiyev 4 sentyabr 1979-cu ildə Cəlilabad rayonunda dünyaya göz açıb. O, ömrünün 16 ilini Azərbaycan Ordusunda xidmətə həsr edib, bu müddətdə PDM (BMP) mütəxəssisi kimi fəaliyyət göstərib. 2016-cı ilin Aprel döyüşlərində, eləcə də Vətən müharibəsində iştirak edib.
Cəbrayılın azadlığı uğrunda döyüşlərdə idarə etdiyi PDM vurulub. Yaralanmasına baxmayaraq, iki gün sonra yenidən cəbhəyə qayıdıb, yaralı döyüş yoldaşının PDM-ni idarə edərək Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr vurub. İkinci dəfə texnikası vurulub və yenidən yaralanıb. Lakin bir müddət sonra ermənilərdən qənimət götürülən üçüncü PDM ilə döyüşlərə qoşulub, sonadək vuruşub. Son döyüşü Xocavənd istiqamətində olub və 3 noyabr tarixində həmin istiqamətdə şəhidlik zirvəsinə ucalıb.
Rəfail İşiyev ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları, həmçinin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.