Səfirlərin yüksək səviyyədə diplomatik və şəxsi bacarıqlara malik olmaları vacibdir, çünki onların vəzifəsi çox müxtəlif və mürəkkəb məsələləri əhatə edir. Cəlbedici yanaşmalar ortaya qoymaq, lazımi əlaqələr qurmaq, gərgin və çətin vəziyyətlərdən çıxmaq, təşkilatçılıq və idarəetmə bacarığı, təhlil və strateji düşünmə, təzyiq altında işləmə qabiliyyəti, yüksək etik standartlar və s... - bunlar səfirin öz ölkəsini beynəlxalq səhnədə uğurla təmsil etməsi üçün zəruri olan keyfiyyətlər hesab olunur.
Modern.az saytı “Səfirlər” rubrikasında növbəti yazını təqdim edir.
Rubrikanın budəfəki yazısının hazırlamnmasına Azərbaycanın Gürcüstandakı keçmiş səfirinin vəfat etməsi xəbəri səbəb oldu.
Azərbaycan və Gürcüstan uzun illər keçmiş SSRİ-nin tərkibində müttəfiq respublika olublar.
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin noyabr ayının 18-də qurulub.
1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra – 1996-cı ildə isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.
Azərbaycan Respublikasının Gürcüstan Respublikasında ilk fövqəladə və səlahiyyətli səfiri Hacan Hacıyev (Hacısoy) olub. O, 1996–2004-cü illərdə Azərbaycan Respublikasının Gürcüstandakı diplomatik korpusuna rəhbərlik edib.
Hacan Hacıyev 1946-cı il martın 19-da Borçalının qədim Qaraçöp mahalında - indiki Gürcüstanın Kaxeti bölgəsinin Saqareco rayonundakı Keşəli kəndində dünyaya göz açıb.
1963-cü ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olub. 1969-cu ildə təhsilini başa vururaq Qaradağ neft mədənləri idarəsində operator, mühəndis kimi əmək fəaliyyətinə başlayıb. Daha sonra onun yolu diplomatik xidmətdən keçib.
Hacan Hacıyev 27 iyul 2026-cı ildə vəfat edib.
Gürcüstanda fəaliyyət göstərmiş ikinci səfirimiz Ramiz Həsənov olub. Ramiz Həsənov 20 avqust 1961-ci ildə Gürcüstanın Marneuli şəhərinin Alqet (Məscidli Görarxı) kəndində anadan olub. 1978–1983-cü illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb.
9 aprel 2004-cü il tarixindən 14 dekabr 2005-ci ilə kimi Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. O, hazırda diplomatik fəaliyyətini İspaniyada davam etdirir.
Hüquq elmləri doktoru, professor Namiq Əliyev 2004–2011-ci illərdə Azərbaycanın Gürcüstandakı səfiri işləyib.
Namiq Həsən oğlu Əliyev 1956-cı il mayın 19-da Bakı şəhərində anadan olub. Valideynləri Tbilisi şəhərindəndirlər.
N.Əliyev 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1984-cü ildə Moskvada hüquq elmləri namizədliyini müdafiə edib. 1992-ci ildə fəlsəfə elmləri doktorluğunu, 2004-cü ildə Tiflisdə hüquq elmləri doktorluğunu müdafiə edib.
2006-cı ildə Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 20 aprel 2011-ci ildə geri çağırılıb. Sonalar Moldovada da səfir işləyib. Hazırda elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
Azər Tofiq oğlu Hüseyn 2011–2016-cı illər aralığında Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. O daha sonra Azərbaycanın Yaponiyadakı diplomatik korpusuna rəhbərlik edib.
Dursun Həsənov 2016-cı ilin dekabrından 2020-ci ilin avqustuna qədər Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutub.
O, Gürcüstanın Marneuli şəhərinin Alqet (Məscidli Görarxı) kəndində anadan olub. Dursun Həsənov Gürcüstan SSR-in dövlət və partiya xadimi, Ali Sovetin deputatı olmuş Ayvaz Həsənovun oğludur. Yeri gəlmişkən, Dursun Həsənov yuxarıda adını qeyd etdiyimiz Ramiz Həsənovun – Azərbaycanın Gürcüstandakı ikinci səfirinin qardaşıdır.
Dursun Həsənov bu il iyunun 12-də Bakıda yaşadığı evdə qəfil ürəktutmasınmdan vəfat edib,
2020–ci ildən hal-hazıradək Azərbaycanın Gürcüstandakı səfiri postunda Faiq Quliyev çalışır.
Fövqəladə və səlahiyyətli səfir F.Quliyev 1977-ci idlə Bakıda doğulub.
1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr, 1999-2001-ci illərdə magistr təhsili alıb.
A.Qorxmaz